Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib

 

Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.

“Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında dövlətimizin başçısı nitq söylədi.

Prezident İlham Əliyevin
nitqi

– Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Bu gün VI Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. Forumun bütün iştirakçılarını səmimiyyətlə salamlayıram, xaricdən gələn qonaqlara “Xoş gəlmisiniz!” deyirəm.

Builki forumda 90-dan artıq ölkədən 400-dən çox xarici qonaq iştirak edir. Bu, özlüyündə bir göstəricidir, onu göstərir ki, dünyada Foruma çox böyük maraq var. Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilmişdir. Əminəm ki, Forumda müzakirə ediləcək məsələlər gələcək humanitar əməkdaşlıq üçün çox önəmli olacaq, xaricdən gələn qonaqlar Forumun işinə çox böyük töhfə verəcəklər.

Humanitar məsələlərin müzakirəsi çox önəmlidir. Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilmişdir.

Bu il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd edirik. “Bakı Prosesi” beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, o cümlədən BMT bu prosesə çox yüksək qiymət verir. Bizim təşəbbüsümüzlə 10 il bundan əvvəl Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini də dəvət etdik. Beləliklə, ilk dəfə olaraq 100-dən çox ölkənin nümayəndələri – müsəlman aləmini və Avropanı təmsil edən vəzifəli şəxslər bir araya gələrək humanitar məsələləri, mədəniyyət əlaqələrini, dinlərarası münasibətləri müzakirə etmişlər. Ondan bir il sonra bu format təkrarlandı, Bakıda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilmiş tədbirə biz Avropa nümayəndələrini dəvət etdik.

Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatına, həm Avropa Şurasına üzv dövlətdir. Əlbəttə ki, biz bu imkanlardan istifadə edib çalışırdıq və çalışırıq ki, sivilizasiyalararası dialoqa öz töhfəmizi verək. Qeyd etdiyim kimi, “Bakı Prosesi” artıq beynəlxalq müstəvidə çox önəmli bir təşəbbüs kimi qiymətləndirilir. Bu təşəbbüs nəticəsində müxtəlif görüşlər, tədbirlər keçirilmişdir ki, bütün bunların bir məqsədi var – sivilizasiyalararası, dinlərarası dialoq dərinləşsin, güclənsin, dünyada risklər azalsın, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilsin və bu təhlükəli meyillərin qarşısı alınsın. Eyni zamanda, Azərbaycanda keçirilmiş mötəbər idman yarışları da idman yarışları olsalar da, eyni zamanda, humanitar əməkdaşlığın dərinləşməsinə xidmət göstərir. Mən xüsusilə birinci Avropa Oyunlarını və İslam Həmrəylik Oyunlarını qeyd etmək istərdim. Hesab edirəm, o da çox rəmzi məna daşıyır ki, ilk Avropa Oyunları bizim təşəbbüsümüzlə Azərbaycanda keçirilmişdir. Hesab edirəm, bu, çox əlamətdar hadisə, əlamətdar qərardır ki, ilk Avropanın Oyunları müsəlman ölkəsində keçirilmişdir. Ondan iki il sonra – 2017-ci ildə Bakıda dördüncü İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Yenə də qeyd etmək istəyirəm, bunlar idman yarışlarıdır və bu iki oyunda on minə yaxın idmançı iştirak edib. Amma, eyni zamanda, biz bu oyunlara humanitar əməkdaşlıq prizmasından yanaşırıq, baxırıq və doğrudan da oyunlar zamanı Bakıda və digər bölgələrdə yaşanan gözəl ab-hava, gözəl həmrəylik iqlimi hesab edirəm ki, ümumi işimizə növbəti töhfə olmuşdur. Biz bu sahədə öz fəaliyyətimizi davam etdirəcəyik. Xüsusilə indiki şəraitdə ki, yenə də qeyd etmək istəyirəm, həm müsəlman aləmində, həm Avropada multikulturalizmlə, İslam həmrəyliyi ilə bağlı gedən proseslər müəyyən mənada narahatlıq doğurur. Ona görə Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq keçirilməsi və bu Foruma dünya birliyi tərəfindən yüksək qiymət verilməsi və diqqət yetirilməsi göstərir ki, belə tədbirlərə dünyada çox böyük ehtiyac var.

Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş və bizim Şamaxı şəhərində yerləşən məscid milli sərvətimizdir. Eyni zamanda, digər qədim şəhərimizin – Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri – Qafqaz Albaniyası kilsəsi yerləşir. Hər iki məbəd əsaslı şəkildə təmir və bərpa edilib, dövlət tərəfindən qorunur. Bakıda qədim atəşpərəstlik məbədi Atəşgah yerləşir. Bu da onu göstərir ki, Azərbaycanda Zərdüştlük dininin ənənələri vardır.

Ənənəvi dinlərin məbədlərinin – katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası və tikintisi Azərbaycanda reallıqdır. Bu reallıq ölkəmizdə çox gözəl ictimai iqlim yaradır. Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, biz dünyaya açığıq. Qeyd etdiyim kimi, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır. Təsadüfi deyil ki, biz mənim Sərəncamımla 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etdik. Hesab edirəm ki, dünyada ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülmüşdür. Bu, bizim niyyətimizi göstərmişdir, 2016-cı ilə multikulturalizm adını verməklə, ilk növbədə, biz dünyada Azərbaycanı olduğu kimi təqdim etmək istədik. Göstərmək istədik ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm həyat tərzidir, eyni zamanda, biz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməyə çalışdıq. Çünki siz də yaxşı bilirsiniz ki, bu gün həm siyasətçilər, ictimai xadimlər, həm də media tərəfindən multikulturalizmlə bağlı çox ziddiyyətli fikirlər səsləndirilir. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı vahid yanaşma olmalıdır və burada heç bir ziddiyyətli fikrə yer ola bilməz. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi həm təqdirəlayiqdir, həm də gözəl nümunə ola bilər. Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik, o cümlədən bu dəyərlərə əsaslanır. Biz çalışdıq ki, 2016-cı ildə diqqəti bu önəmli məsələyə cəlb edək. Xüsusilə nəzərə alsaq ki, bu gün, bir daha qeyd etmək istəyirəm, multikulturalizmlə bağlı müxtəlif fikirlər səsləndirilir. Hesab edirəm ki, Forumda bu məsələ çox geniş müzakirə olunacaqdır.

2017-ci ili isə biz “İslam Həmrəyliyi İli” elan etdik. Yenə də ona görə ki, Azərbaycanda İslam həmrəyliyi tam bərqərar olub. Onu da bildirməliyəm ki, Azərbaycan müsəlmanları vəhdət namazı qılırlar. Hesab edirəm ki, Azərbaycan bu sahədə müsəlman aləmində çox önəmli rol oynayır. Eyni zamanda, biz müsəlman aləminin diqqətini də bu sahəyə cəlb etməyə çalışdıq. Çünki əfsuslar olsun ki, biz müsəlman aləmində həmrəyliklə bağlı istədiyimizə nail ola bilməmişik. Qarşıdurmalar, müharibələr, anlaşılmazlıq, toqquşmalar və digər təhlükəli meyillər ölkələr üçün böyük problemə, faciəyə çevrilir, milyonlarla insan həlak olur, evsiz-eşiksiz qalır, qaçqın, köçkün vəziyyətinə düşür. Əlbəttə, biz çalışmalıyıq ki, bu sahədə də öz təkliflərimizi verək, öz nümunəmizi göstərək ki, əgər İslam həmrəyliyi və multikulturalizm anlayışları vəhdət təşkil edərsə və dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən də qəbul edilərsə, onda ölkələrdə problem olmayacaq. Müasir Azərbaycan bunun əyani, bariz sübutudur. Təsadüfi deyil ki, biz humanitar əməkdaşlıqla, multikulturalizmlə bağlı bir çox tədbirlərə ev sahibliyi edirik.

Qeyd etdiyim kimi, biz humanitar əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Bu məsələlər dost ölkələrlə həm ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində daim gündəlikdədir. Ancaq biz özümüz böyük humanitar fəlakətlə üzləşmişik. Bir həftə bundan əvvəl – oktyabrın 18-də biz Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd etmişik. Cəmi 27 ildir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və müstəqilliyimizin ilk günləri, ilk illəri çox ağır və faciəvi idi. Həm siyasi böhran, daxili çəkişmələr, vətəndaş müharibəsi, iqtisadi tənəzzül, kütləvi itaətsizlik, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti böyük fəlakətə, bəlalara gətirib çıxardı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır, xalqımıza qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır, 1 milyondan çox azərbaycanlı öz doğma torpağında köçkün vəziyyətinə düşmüşdür. Bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişlər, o cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələrin qəbul olunmasından 25 il keçir. Ermənistan bu qətnamələri icra etmir və əfsuslar olsun, hələ də beynəlxalq mexanizm işlənilməyib ki, təcavüzkarı beynəlxalq aparıcı qurum tərəfindən qəbul edilmiş qətnamələrin icrasına məcbur etsin. BMT-nin Baş Assambleyası oxşar qətnamə qəbul edib, digər beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi tələb olunur. Münaqişənin həlli üçün yeganə yol məhz budur, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan dərhal, qeyd-şərtsiz çıxarılmalıdır, – necə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilir, – və Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpaqlarına qayıtmalıdırlar.

Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, Azərbaycanın ayrılmaz hissəsidir. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Bizim tarixi abidələrimiz, şəhərlərin, kəndlərin toponimləri bu torpaqların Azərbaycan xalqına məxsus olduğunu sübut edir. Əfsuslar olsun ki, təcavüzkar dövlət işğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimizi də dağıdıb, məhv edib. İşğal edilmiş torpaqlarımıza iki dəfə ezam olunmuş ATƏT-in faktaraşdırıcı və müşahidə missiyası öz məruzələrində bu barədə məlumat verib. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib və işğal olunmuş torpaqlarda mədəni soyqırımı törədilib. 1992-ci ildə isə ermənilər Xocalı soyqırımını törədiblər. Bu dəhşətli hərbi cinayət nəticəsində 600-dən çox günahsız dinc insan, onların arasında 60-dan çox uşaq vəhşicəsinə qətlə yetirilib. Xocalı faciəsi dünyanın 10-dan çox ölkəsi tərəfindən rəsmi olaraq soyqırımı kimi tanınıb. Bu soyqırımı zamanı mindən çox insan itkin düşüb və onların taleyi haqqında heç bir məlumat yoxdur.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir.

Bu humanitar fəlakətə baxmayaraq, hesab edirəm ki, müstəqillik dövründə Azərbaycan çox uğurlu inkişafa nail ola bilibdir. Ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir. Bu gün Azərbaycanda yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün əsas şərtdir. Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Düz 7 il bundan əvvəl – 2011-ci il oktyabrın sonlarında Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur, qələbəmizdir. Ən önəmlisi odur ki, 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləmişdir. Yəni, bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycanda görülən işlərə yüksək qiymət verir, Azərbaycanı etibarlı tərəfdaş və dost ölkə kimi tanıyır.

Hesab edirəm ki, xarici siyasətlə bağlı apardığımız işlər gözəl nəticələrə gətirib çıxarır. İlk növbədə, biz qonşu ölkələrlə çox səmimi, mehriban qonşuluq, dostluq münasibətləri qura bilmişik. Hər bir ölkə üçün onun qonşuları ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, qonşu dövlətlərlə, – təbii ki, Ermənistan istisna olmaqla, – bizim münasibətlərimiz çox yüksək səviyyədədir, həm siyasi, iqtisadi, bütün başqa sahələrdə, o cümlədən humanitar əməkdaşlıq sahəsində.

Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilibdir, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir. Beləliklə, siyasi islahatların dərinləşməsi ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir. Çünki sabitliyin mövcud olması ölkəmizə böyük həcmdə xarici sərmayənin gətirilməsinə də gözəl şərait yaradıb. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında aparıcı yerlərdədir. Qeyd etməliyəm ki, ölkə iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə qoyulubdur ki, bu sərmayənin yarısı xaricdən gələn vəsaitdir.

Azərbaycan son 15 il ərzində iqtisadi sahədə ən sürətli inkişaf templərini nümayiş etdirib. Mən hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki son 15 il ərzində ümumi daxili məhsul 3,2 dəfə artıb və beləliklə, Azərbaycan çox böyük inkişaf yolunu keçib. Biz iqtisadi sahədə tam müstəqillik əldə etmişik. İqtisadi müstəqillik, əlbəttə ki, siyasi müstəqilliyimizi möhkəmləndirir. Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır, xarici kreditlərdən asılı iqtisadiyyat deyil. Biz nəinki kreditlərin alınmasını demək olar ki, dayandırmışıq, özümüz bəzi ölkələrə kreditlərin verilməsinə başlamışıq.

Makroiqtisadi sabitlik Azərbaycanda çox yüksək səviyyədədir. Deməliyəm ki, bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Bununla belə, bizim maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, istədiyimiz halda biz xarici borcumuzu bir neçə ay ərzində sıfır səviyyəsinə endirə bilərik. Ona görə iqtisadi sahədə aparılan köklü islahatlar, əlbəttə ki, sosial sahəyə də müsbət təsir göstərib. Əgər biz sosial sahənin önəmli istiqamətlərinə nəzər yetirsək görərik ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayan insanların sayı son 15 il ərzində 49 faizdən 5,4 faizə düşübdür. İşsizlik bir sosial problem kimi demək olar ki, aradan götürülür, işsizlik 5 faiz səviyyəsindədir. Nəzərə almalıyıq ki, bu illər ərzində ölkə əhalisi də artır və əhali hər il ən azı 100 min nəfər artır. Ona görə bizim iqtisadi inkişafımız və o cümlədən sosial infrastrukturun yaradılması daimi proses olmalıdır. Biz bu sahədə də çox böyük işlər görmüşük.

Forumda müzakirə olunacaq məsələlərdən biri də təhsillə bağlıdır. Deyə bilərəm ki, təhsilin inkişafı və təhsildə müasir metodların tətbiq edilməsi prioritet məsələlərdən biridir. Təhsil sisteminin maddi-texniki bazası möhkəmlənir. Son 15 il ərzində 3000-dən çox məktəb tikilib və təmir edilib. Deməliyəm ki, Azərbaycanda cəmi 4500-dən bir qədər çox məktəb var, onların əksər hissəsi ən yüksək standartlar səviyyəsində qurulub. Eyni zamanda, müəllim peşəsinə maraq da çox böyük dərəcədə artır. Aparılan islahatlar, o cümlədən maaşların əhəmiyyətli dərəcədə artırılması, məktəblərin təmiri və digər stimullaşdırıcı addımlar nəticəsində müəllim olmaq istəyənlərin sayı dəfələrlə artıb və bu il biz bunu əyani şəkildə görmüşük. Test imtahanlarında yüksək ballar toplayan abituriyentlər arasında müəllim olmaq istəyənlərin sayı bir neçə dəfə artıbdır. Yəni, bu, onu göstərir ki, humanitar sahənin əsas hissələrindən biri olan təhsil sahəsinə çox böyük diqqət göstərilir və gözəl nəticələr vardır.

Ölkəmizin hər bir yerində müasir tibb mərkəzləri yaradılıbdır. Son 15 il ərzində 650-dən çox tibb müəssisəsi yenidən qurulub, əsaslı təmir edilib və tikilib. Hər il 5 milyondan çox insan dövlət hesabına pulsuz tibbi müayinədən keçir. Yəni, bunlar humanitar sahənin çox önəmli hissələridir və bundan sonra da bu istiqamətlər üzrə ardıcıl siyasət aparılacaq.

Mən idman yarışlarını qeyd etdim. Amma onu da bildirməliyəm ki, idman sahəsində də böyük uğurlar əldə edilib. İdmanın maddi-texniki bazası qurulub. Təkcə Bakıda deyil, Azərbaycanın digər şəhərlərində 45 müasir Olimpiya İdman Mərkəzi yaradılıb. Son Olimpiya Oyunlarında – Rio-de-Janeyroda keçirilmiş Olimpiadada medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerə layiq görülüb.

Biz ardıcıl siyasət aparmaqla həm iqtisadi islahatları dərinləşdiririk, həm də sosial sahədə lazım olan addımları atırıq. Ölkəmizdə yüksək texnologiyalara çox böyük diqqət göstərilir, bu yaxınlarda üçüncü peykimiz orbitə buraxıldı. Azərbaycan artıq neçə ildir ki, dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür və 3 peykimiz var. Əlbəttə ki, bu, həm texnoloji inkişafdır, həm təhsildir, həm də biznes imkanlarını yaradır. Biz bu gün peyk xidmətlərini ixrac etməklə ölkəmizdə ixracı da şaxələndiririk.

“ASAN xidmət” mərkəzlərinin yaradılması sosial və humanitar sahədə çox önəmli təşəbbüsdür. Əgər qonaqlarda imkan olarsa, onlar Bakı şəhərində fəaliyyət göstərən beş mərkəzdən birinə baş çəkə bilərlər. Görə bilərlər ki, doğrudan da Azərbaycan texnologiyaları əsasında, sırf Azərbaycanın intellektual məhsulu olan “ASAN xidmət” necə fəaliyyət göstərir. Bu il bu mərkəzlərin sayı 15-ə çatdırılacaq, 5-i Bakıda, 10-u bölgələrdə. Bu mərkəzlərdə bir binada 300-dən çox xidmət göstərilir və vətəndaşların “ASAN xidmət”i bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur. İctimai xidmətlər sahəsinə xas olan bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq hallarına tamamilə son qoyulubdur. Bir neçə il ərzində “ASAN xidmət” mərkəzlərinə 24 milyondan çox müraciət olmuşdur və onların mütləq əksəriyyəti təmin edilmişdir.

Mən Azərbaycan haqqında çox danışa bilərəm, – çünki qonaqların bir hissəsi ilk dəfədir ki, ölkəmizə gəlib, – sadəcə olaraq, çıxışımın yekununda bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bu məsələ həm humanitar əməkdaşlığı dərinləşdirir, həm də qarşılıqlı maraqları təmin edir. Hesab edirəm ki, humanitar əməkdaşlıq deyəndə biz mütləq bunun gözəl nəticələrini görməliyik və bilməliyik ki, bu, nəyə gətirib çıxaracaqdır.

Sonuncu mövzu nəqliyyat siyasətimizlə bağlıdır. Azərbaycanın coğrafi vəziyyəti əlverişlidir, ancaq müasir infrastruktur olmadan bu coğrafi vəziyyətin heç bir əhəmiyyəti yoxdur. Digər tərəfdən, Azərbaycanın açıq dənizlərə, okeanlara çıxışı yoxdur. Ona görə bizim bütün nəqliyyat, enerji, kommunikasiya xətlərimiz başqa ölkələrin ərazisindən keçməlidir. Əlbəttə, qeyd etdiyim kimi, buna nail olmaq üçün mütləq, ilk növbədə, qonşu dövlətlərlə və daha böyük coğrafiyanı əhatə edən ölkələrlə çox sıx dostluq münasibətləri olmalıdır və bunlar da var. Biz bir neçə il bundan əvvəl nəqliyyat sahəsində qarşıya vəzifə qoymuşduq ki, Azərbaycan nəinki bu bölgədə, dünya miqyasında güclü nəqliyyat mərkəzinə çevrilsin. Bu məqsədə doğru ardıcıl olaraq getməyə başlanmışdır və bu gün tam əminliklə deyə bilərəm ki, biz buna nail ola bilmişik. Ölkəmizdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb, 6 beynəlxalq hava limanı, Azərbaycanı bütün qonşu ölkələrlə bağlayan və ölkəmizin əsas hissəsini əhatə edən dəmir yolları, son 15 ildə salınmış 15 min kilometrdən çox avtomobil yolları, Xəzər hövzəsində 200–dən çox gəmisi olan ən böyük ticarət donanması. Yəni, bütün bunlar böyük vəsait tələb edən layihələrdir və onlar həll olunub. Nəhayət, Xəzər dənizinin önəmli, yeni ticarət limanının bu il istifadəyə verilməsi bu işləri tamamlayıb. Bu gün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti daha da genişlənib. Keçən illə müqayisədə bu il bu dəhliz vasitəsilə 100 dəfədən çox həcmdə yük daşınıbdır. Bu, hələ başlanğıcdır. Bu gün bu önəmli iki istiqamətə digər istiqamətlərdən qoşulma halları müşahidə olunur. Biz bu gün artıq Cənub-Qərb nəqliyyat dəhlizini təmin edirik və Şərq-Qərb nəqliyyat dəhlizi də Azərbaycan ərazisindən keçir. Bütün bu nəqliyyat, infrastruktur layihələrində iştirak edən yeganə ölkə Azərbaycandır. Bu nəqliyyat bağlılığı, eyni zamanda, mehriban qonşuluğa da gözəl şərait yaradır. Heç bir ölkə, əgər qonşularla yaxşı münasibətləri yoxdursa, heç vaxt etibarlı tranzit məntəqəsinə çevrilə bilməz. Ona görə, bizim enerji, nəqliyyat, infrastruktur layihələrimiz ölkələr arasındakı əməkdaşlığı stimullaşdırır. Ölkələr arasındakı əməkdaşlığı dərinləşdirmək üçün xüsusilə qonşu ölkələrlə, ənənəvi dost ölkələrlə münasibətlərdə mütləq humanitar sahəyə böyük önəm verilməlidir. Bu olmasa, bütün başqa sahələrdə də problemlər yaşana bilər.

Ona görə, mən bir daha qeyd etmək istəyirəm ki, biz humanitar əməkdaşlığa çox böyük diqqət göstəririk, bir çox təşəbbüslər irəli sürmüşük. Onlardan biri Bakı Beynəlxalq Humanitar Forumudur ki, bu gün öz işinə başlayır. Əminəm ki, aparılacaq diskussiyalar, müzakirələr bizim ümumi işimizə gözəl töhfə verəcəkdir.

Forumun iştirakçılarını bir daha salamlayır və Foruma uğurlar arzulayıram. Sağ olun.

X X X

Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa QOLODETS Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxudu və çıxış etdi:

-Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım.

İcazə verin, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin Foruma təbrik məktubunu oxuyum.

“VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına və qonaqlarına

Hörmətli xanımlar və cənablar.

Bakı Beynəlxalq Humanitar Forumunun açılışı münasibətilə sizi səmimi qəlbdən salamlayıram. Artıq altıncı dəfədir ki, Azərbaycan paytaxtı onlarla ölkədən dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, parlamentarilərin və alimlərin, mədəniyyət xadimlərinin, jurnalistlərin və publisistlərin iştirak etdiyi bu nüfuzlu Forumu qəbul edir.

Bu il sizin görüşünüz müasir cəmiyyət üçün çox əhəmiyyətli olan “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr edilib. Mövcud təhsil və maarif sistemlərinin təkmilləşdirilməsinə, mədəniyyətin və incəsənətin dəstəklənməsinə, informasiya təhlükəsizliyinin təminatına, intellektual mülkiyyətin müdafiəsinə və digər aktual məsələlərə dair ətraflı diskussiyalar nəzərdə tutulub. Əminəm ki, siz qiymətli peşəkar təcrübənizi və mütərəqqi praktiki yeniliklərinizi mübadilə edəcək, həmçinin qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın yeni perspektivli forma və istiqamətlərini müəyyənləşdirə biləcəksiniz. Forumun iştirakçılarına səmimi qəlbdən uğurlar diləyir və ən xoş arzularımı çatdırıram.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin”.

X X X

Çıxışına davam edən O.Qolodets dedi:

-Hörmətli qonaqlar, mən öz adımdan da bir neçə söz demək istəyirəm. Mən Bakı Beynəlxalq Humanitar Forumunda ilk dəfə deyil ki, iştirak edirəm və bu gün Humanitar Forumun necə sürətlə inkişaf etməsi məni heyrətləndirir. Bir neçə il bundan əvvəl bu Forumun belə sanballı olacağını güman etmək olmazdı. Bu gün Forumda 90-dan çox ölkənin nümayəndələrinin toplaşması və onun sivilizasiya, mədəniyyətlərarası, millətlərarası və dinlərarası münasibətlərin inkişafına dair dünya miqyasında dialoqun tərəqqisi üçün ən əhəmiyyətli məkanlardan birinə çevrilməsi, əlbəttə, ölkə rəhbərliyinin xidmətidir. Forumu dəstəkləmək, onu bu səviyyədə inkişaf etdirmək üçün gündəlik iş aparmaq və cənab Prezidentin indicə dediyi dəyərlərə sadiq olmaq lazımdır.

Biz Azərbaycanla sıx əməkdaşlıq edirik və prezidentlərimiz humanitar inkişaf məqsədlərinə ürəkdən sadiqdirlər. Bu, çox böyük zəhmət deməkdir. Bir sadə misal çəkim. Keçən dəfə buraya gələndə mən adi bir ümumtəhsil məktəbində oldum. Sizə deməliyəm ki, uşaqlara üç dildə dərs keçilən məktəblər dünyada azdır. Uşaqlar və onun valideynləri təhsil dilini seçmək üçün tam imkana malikdirlər və bu halda uşaqlar başqa mədəniyyətlərlə, başqa dillərlə tanış olur, onların bu və ya digər milliyyətə bağlılığı çox güclü inkişaf amilinə çevrilir. Müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin qonşu olmasını güclü quruculuq prosesinə çevirmək çox böyük səy tələb edən ciddi prosesdir. Bu, dünya birliyinin bütün mütərəqqi qüvvələrinin birləşməsini tələb edir. Biz ümid edirik ki, məhz bu Forum humanitar əməkdaşlığımızı irəli aparacaq.

Rusiyada müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qarşılıqlı fəaliyyəti məsələsi bir nömrəli mövzudur. Bizdə də uşaqlar məktəbə gedəndə Rusiyada yaşayan xalqların 119 dilində dərsliklər yaradılır. Xalqların qarşılıqlı fəaliyyətini quruculuğa çevirmək də çox böyük səy və çox böyük zəhmət tələb edir. Yəqin ki, Bakının faktiki olaraq dünyada humanitar dialoqun həyata keçirildiyi paytaxta çevrilməsi təsadüfi deyil. Biz bu şəhərin hər bir cizgisində ənənələrə böyük hörmət nişanələri görürük. Biz burada muzeylər, tarixi mərkəz və eyni zamanda, bütün yeniliklərə və kreativliklərə açıqlıq görürük. Bu gün bu qədər çoxsaylı müasir memarlıq şedevrləri olan yerlər azdır. Bu, ölkə rəhbərliyinin böyük xidmətidir və eyni zamanda, burada yaşayan və hər gün humanitar inkişaf istiqamətində irəliləyən bütün xalqın xidmətidir.

Humanitar Forumun təşkilinə görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu Forumun bütün iştirakçılarına uğurlar diləmək və həqiqətən dünya səviyyəli bu əlamətdar hadisə münasibətilə cənab Prezidenti və Mehriban xanımı şəxsən təbrik etmək istəyirəm.

Sağ olun.

X X X

BMT baş katibinin müavini Rəşid XALİKOV çıxış edərək dedi:

-Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

Xanımlar və cənablar.

İcazə verin, çıxışıma BMT-ni bu tədbirə dəvət etdiyinə görə Azərbaycan Respublikasının Hökumətinə təşəkkürümü bildirməklə başlayım. Mən, həmçinin bu gün burada təmsil etdiyim Birləşmiş Millətlər Təşkilatının baş katibi cənab Antonio Quterreşin səmimi salamlarını çatdırmaq istərdim. Cənab Quterreş çox təəssüflənir ki, proqramında olan digər görüşlər səbəbindən bu mühüm Forumda iştirak edə bilmir.

Ötən ilin iyul ayında BMT-nin baş katibinin söylədiyi fikirləri sitat gətirmək istəyirəm: “Fikrimcə, etiraf etmək vacibdir ki, paradoksal vəziyyət yaranıb. Çünki problemlər get-gedə daha qlobal xarakter alır, çağırışlar get-gedə daha qlobal xarakter alır və onların hər hansı ölkə tərəfindən təkbaşına həll edilməsi mümkün deyil. Beləliklə, biz qlobal cavablar axtarırıq. Bizə çoxtərəfli idarəçilik formaları lazımdır. Biz etimadın çatışmazlığı kimi məsələlərin öhdəsindən gəlməyi bacarmalıyıq”. BMT-nin baş katibi, əslində, bu sözləri söyləyərkən çağırışların vacibliyini qeyd edib və bildirib ki, heç kəs diqqətdən kənarda qalmalı deyil.

Biz VI Beynəlxalq Bakı Humanitar Forumuna olduqca mühüm məsələləri müzakirə etmək üçün toplaşmışıq. Hesab edirəm ki, BMT-nin baş katibi bu missiyanı öz üzərinə götürərək bunun tam yekun nəticəyə qədər aparılmasının təmin edilməsinə çalışacaq. Mən, həmçinin həmin məsələlərin əksər hissəsini əhatə edən bu mühüm Forumu təşkil etdiyinə görə Azərbaycan Respublikasının səylərini alqışlamaq istərdim. Humanitar yardım vacib olaraq qalsa da, bizə zəif məqamların, qalan yoxsulluğun və böyük sayda işsizliyin aradan qaldırılmasında daha dayanıqlı, güclü və orta perspektivli yanaşma lazımdır. Şadam ki, həmin məsələlərdən bəziləri bu Humanitar Forumda müzakirə olunacaq.

Zati-aliləri, xanımlar və cənablar, hörmətli həmkarlar, icazə verin, qısaca olaraq hazırkı humanitar vəziyyətə toxunum. 2018-ci ildə 134 milyon insan qlobal səviyyədə humanitar yardıma ehtiyac duyur. BMT-nin və onun tərəfdaşları böhrana məruz qalmış insanların təxirəsalınmaz həyati tələblərini dəstəkləmək üçün 25,3 milyard ABŞ dolları ayrılmasını xahiş ediblər. Münaqişə humanitar ehtiyacların ən böyük səbəbi olaraq qalır. Əlavə olaraq, qaçqınların sayı artır və onlar daha uzun müddətdə öz doğma ölkələrindən uzaqda qalırlar. Livan, Türkiyə və İordaniya öz əhalisinin sayına nisbətdə böyük sayda qaçqınları qəbul ediblər. Kamerun, Çad, Sudan və Uqanda kimi ən az inkişaf etmiş ölkələrdə 4,9 milyon qaçqın var. Yəni, bu, qlobal qaçqın sayının 28 faizini təşkil edir.

Əfqanıstan, Cənubi Sudan, Somali və başqa ölkələrə gəldikdə, uşaqlar öz həyatları boyu münaqişədən başqa bir şey görməyib. Hər insanın təhlükəsizliyə və müdafiəyə haqqı var. Biz bu hüququn təmin edilməsi üçün əlimizdən gələni etməliyik. BMT-nin baş katibi hamını beynəlxalq humanitar hüquqa, insan hüquqlarına, mülki əhalinin qorunmasına səsləyir. Həmçinin humanitar yardım işçiləri üçün təhlükəsizlik şəraitlərinin yaradılması da vacibdir. Eyni zamanda, baş katib beynəlxalq ictimaiyyəti məcburi köçkünlüyün qarşısının alınmasına, qaçqın həyatı yaşayan hər kəs üçün dayanıqlı həll variantlarını təmin edərək həm öz ölkəsində, həm də kənarda zorakılıq səbəbindən öz yerlərini tərk etmiş insanların hüquqlarının təmin olunmasına çağırır. Münaqişə ilə üzləşmiş milyonlarla insana, qida, su və təhlükəsiz sığınacaq üçün çarpışan insanlara, qayıtmaq ümidi olmayan, öz evlərini tərk etməyə məcbur olan, məktəbləri bombalanmış insanlara, həyatları xilas etmək üçün tibbi yardım göstərən insanlara diqqətlə yanaşmalıyıq. Biz bütün bunlara göz yuma bilmərik.

Azərbaycanda məcburi köçkünlər üçün dayanıqlı həll yolunun tapılmasında, o cümlədən onların öz evlərinə, doğma yurdlarına qayıtmasında üzləşdiyimiz əsas maneələrdən biri Dağlıq Qarabağ bölgəsində və ətrafında həll olunmamış silahlı münaqişənin siyasi həllinin olmamasıdır. BMT-nin baş katibi bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin göstərdiyi mühüm vasitəçi səylərinə tam dəstəyini bir daha vurğuladı və tərəfləri etimadı artırmaq üçün addım atmağa, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazımi siyasi iradəni gücləndirməyə səslədi.

Nəinki münaqişələr, eləcə də təbii fəlakətlər insan əziyyətlərini artırır. Bir neçə həftə əvvəl İndoneziya növbəti zəlzələ və sunami ilə üz-üzə qaldı. Nəticədə 2 milyondan çox insan əziyyət çəkdi və onlardan 60 mindən çoxu məcburi köçkünə çevrildi. Əfqanıstanda hazırkı münaqişədən əlavə bu il quraqlıq baş verib və ölkənin üçdə iki hissəsində yaşayan 2 milyon insan qidalanma problemi ilə üzləşir. Haitidə yüzlərlə insan zəlzələnin fəsadları ilə üz-üzə qalıb.

Zati-aliləri, xanımlar və cənablar, bu regionda təbii fəlakətlər də baş verir və o, buna həssasdır. Ona görə də vacibdir ki, hazırlıq səviyyəsini təşviq etmək üçün informasiya və təcrübə mübadiləsi aparılsın. Biz BMT olaraq bu regionun ölkələri arasında informasiya mübadiləsinə və imkanların genişləndirilməsinə yardım etməyə hazırıq.

Yekun olaraq, Azərbaycan Respublikasının qlobal səviyyədə humanitar yardım göstərən nəzakətli addımlarını alqışlayıram. Azərbaycan BMT-nin müxtəlif qurumları vasitəsilə qlobal səviyyədə humanitar yardımı milyonlarla dollar səviyyəsində artırıb.

Bununla mən sözümü bitirirəm, sizin hamınıza uğurlar arzulayıram.

X X X

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-TUVEYCRİ çıxış edərək dedi:

-Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Zati-aliləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva.

Zati-aliləri, xanımlar və cənablar.

Belə bir mötəbər Forumda çıxış etməkdən olduqca məmnunam. Bu tədbirdə bizə dost olan bir çox insanların əyləşdiyini görürəm. Mən Azərbaycan Respublikasının Prezidentinə təşəkkürümü bildirirəm. O, ölkəyə uzaqgörənliklə, müdrikliklə rəhbərlik edir, sülh və təhlükəsizliyi bütün dünyada təşviq edir.

Forumun uğurlu olması onu göstərir ki, bu ölkə problemlərə, ərazi bütövlüyü ilə bağlı çətinliklərə baxmayaraq, – mən Dağlıq Qarabağ məsələsini nəzərdə tuturam, – irəliyə doğru gedir, inkişaf edir və bütün dünyaya örnək göstərir.

Dünya ədalətli, düzgün olmalıdır ki, bu məsələlərin aradan qaldırılmasına nail olunsun. Bu, həlledici məsələdir, bu məsələlərə səmimi yanaşılmalıdır. Ümumiyyətlə, bir insan digər insanın ərazisini işğal etdiyi halda siz dünyada sülhə, təhlükəsizliyə nail ola bilməzsiniz. Bu, beynəlxalq hüquqa ziddir, bu, ümumiyyətlə, dinlərə qarşı olan bir addımdır, bütün etikadan və mənəviyyatdan uzaq olan bir addımdır. Bu problemlərin həlli bizdən nəyi tələb edir? Biz beynəlxalq hüququn ruhuna, prinsiplərinə riayət etməliyik. Çünki bu gün dünyada bir çox problemlər və çağırışlar var. Fələstin, Dağlıq Qarabağ, Cəmmu və Kəşmir, Myanma və dünyanın bir çox yerlərində insanlar əzab-əziyyətlə üz-üzədir. Onlar yoxsulluqdan əziyyət çəkirlər, çətinliklərdən keçirlər. Biz bunun şahidiyik və görürük ki, sadəcə, gözəl sözlər söyləmək kifayət deyil, biz dünyanı təhlükəsiz etmək üçün təbii ki, ədaləti təmin etməsək bu, mümkün deyil. Bu, bizim üçün mühüm bir şərtdir. Bunu etiraf etməliyik və bu istiqamətdə işləməliyik. Forum bu nailiyyətin əldə olunması istiqamətində irəliyə doğru atılan bir addımdır. Düşünürəm ki, məhz iştirakçıların ayırdığı diqqət və onların verəcəyi töhfə əsasında Forumun uğuruna nail ola biləcəyik. Müəyyən işlər görə bilərik ki, dünyanın diqqətini bu məsələlərə yönəldək. Çünki insanlıq olmadan gələcək ola bilməz, sülh ola bilməz, ədalət zəfər çala bilməz və əməkdaşlıq baş tuta bilməz. Bu problemlər həll olunmasa, qarşımızda dayanan məqsədlərə çatmaq mümkün olmaz. Buna görə dünyaya üz tutaraq deməliyik ki, biz qardaş və bacılarıq. Mövcud olan problemləri məhz bu yolla həll etməliyik. Çünki milyonlarla insan əziyyət çəkir. Biz buna dözümlülük göstərməli deyilik. Dünya öz səylərini birləşdirməlidir, bu məqsəd üçün hamı səfərbər olunmalıdır ki, dünya daha təhlükəsiz şəkildə inkişaf etsin, ədalət zəfər çalsın və bərabərlilik təmin edilsin. Bütün bu prinsiplər humanitar bir ruhda tətbiq edilməlidir. Sadəcə, bunları söyləmək kifayət deyil, buna görə də biz iş görməliyik.

Biz ISESCO olaraq öz tərəfdaşlarımızla sıx işləyirik, Avropa Şurası ilə birgə çalışırıq. Bir sıra digər beynəlxalq təsisatlarla iş aparırıq, o cümlədən İslam və ərəb dünyasının təşkilatları ilə birgə işləyirik. Biz çox diqqətliyik və fikirlərimizin nədən ibarət olduğunu səmimi şəkildə bildiririk. Biz bəşəriyyətə xidmət edən idealları təşviq edirik. Bizim hamımız dinə etiqad edən insanlarıq. Biz bütöv bir ailə olmalıyıq. BMT-nin Nizamnaməsində də, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də bildirilir ki, insanlar bərabərdir. Quranda da, İncildə də, Tövratda da bildirilir ki, insanlar bərabərdir. Yəni, bizim hamımız bu səma altında eyni və bərabərik. Bizim insan hüquqlarımız da vahiddir. Yəni, biz burada müxtəlif ölçülərdən istifadə edə bilmərik: bu dünya belə olmalıdır, burada ədalət olmalıdır, başqa yerdə isə yox. Ədalət bir olur və bu, bütün hallara tətbiq edilməlidir. Mən burada çıxış etmək üçün mətn hazırlamışdım. Lakin onu oxumuram, sizə səmimi qəlbdən gələn sözlərimi söyləyirəm. Mən bunları öz təcrübəm əsasında deyirəm.

Mən çox yerlərdə olmuşam, çox yerləri gəzmişəm, Afrikada, Asiyada, Latın Amerikasında, həmçinin Avropada milyonlarla insanı səfalət içində görmüşəm. Dünya özü də tam kamil deyil, onun da öz problemləri var. Bizi birləşdirən ruh qardaşlıq ruhu olmalıdır, hamımızın ürəyində insani hisslər var. Biz öz ölkələrimizin gələcəyi üçün çalışmalıyıq. Müəyyən bir yerdə insanların əzab-əziyyət çəkməsinə və öz gələcəklərindən məhrum olmalarına göz yummalı deyilik. Təbii ki, yerlərdə davamlı iş aparılmadan, problemləri həll etmədən sülhü təmin edə bilmərik. Şimalda, Qərbdə, Cənubda milyonlarla insan – müsəlmanlar, xristianlar, bütpərəstlər əzab-əziyyətlə üzləşirlər. Bu Forum bilirsiniz ki, dini forum deyil. Baxmayaraq ki, İslam sivilizasiyası, Avropa sivilizasiyası, hindu sivilizasiyası var, burada söhbət beynəlxalq sivilizasiyadan gedir və Forumun məqsədi bizim hamımızı bir araya gətirməkdən ibarətdir.

Cənab Prezident, mən buna görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm ki, bütün dünyaya aydın şəkildə nümunə göstərirsiniz. Bununla bağlı öz biliklərinizi bütün dünya ilə paylaşırsınız. Ziyalıları, media təmsilçilərini, hökumət rəsmilərini, dünyanın 90 ölkəsindən olan nümayəndələri burada bir araya gətirirsiniz. Bakı mədəniyyətlərarası, sivilizasiyalararası, dinlərarası dialoqun mərkəzinə çevrilib.

Zati-aliləri, diqqətinizə görə çox sağ olun.

X X X

UNESCO-nun baş direktorunun müavini Çu SİN çıxış edərək dedi:

-Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.

Zati-aliləri, Rusiya Federasiyası baş nazirinin müavini xanım Olqa Qolodets.

ISESCO-nun baş direktoru cənab Əbdüləziz bin Osman əl-Tuveycri.

BMT baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya ilə humanitar tərəfdaşlıq üzrə müavini cənab Rəşid Xalikov.

Zati-aliləri, xanımlar və cənablar.

Əvvəla, icazənizlə UNESCO-nun baş direktoru xanım Odre Azulenin adından və öz adımdan VI Bakı Beynəlxalq Humanitar Forumun keçirilməsi münasibətilə sizə ən xoş təbriklərimi çatdırım.

Hamımızın çox minnətdar olduğu Zati-aliləri Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi”nin 10 illik yubileyini qeyd etmək üçün burada olmaq məndə məmnunluq hissi oyadır. Bu proses dünyada olan çağırışlarla üzləşən mədəniyyətlərarası dialoqu dərinləşdirib, o cümlədən daha güclü iqtisadiyyatların və ya daha mütəhərrik təhsil sistemlərinin necə yaradılması və informasiyanın yayılmasını özündə necə birləşdirilməsini ehtiva edən məsələlərə ünvanlanıb. Bu çağırışların hamısı “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” adlandırılan bu Forumun mövzusunda əhatə olunub.

Yaradıcılıq həqiqi bəşəriyyətlə təkrar əlaqə yaratmağımız üçün güclü vasitədir. Rəssamlar müştərək paylaşdığımız bəşəriyyətin müxtəlif görüntülərini təqdim edir, insanların seçimlərini genişləndirir və onların təxəyyülündə alternativ gələcəklə bağlı qığılcım yaradır. Yaradıcılıq, eyni zamanda, əsas iqtisadi qüvvədir. Bu gün mədəni və yaradıcı sənayelər böyük iqtisadi faydalar gətirir, 30 milyon insanı işlə təmin edir və bəzi ölkələrdə ÜDM-in 10 faizini təşkil edir. UNESCO mədəni ifadələrin müxtəlifliyini, incəsənət azadlığını və rəssamların sərbəst hərəkətini təbliğ etmək üçün hökumətlərə dəstək göstərir. Qlobal populyasiya daha çox qloballaşdığına görə şəhərlər yaradıcılığın əsas hablarına çevrilir. Məhz buna görə UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi yaradıcılığı və mədəni sənayeləri yerli səviyyədə inkişaf planlarının mərkəzində yerləşdirir. Hazırda dünyanın 180 şəhəri innovasiya, dizayn, film, qastronomiya, ədəbiyyat, musiqi və media incəsənətini irəli aparır. Azərbaycanın şimal-qərbində yerləşən Şəki şəhəri sənət işləri və incəsənət üzrə UNESCO-nun yaradıcı şəhərinin parlaq nümunəsidir. Bu şəhər gözəl memarlıq, ipəkçilik və ənənəvi sənət işlərinə görə məşhurdur. O, bir vaxtlar Asiya İpək Yolunun bir hissəsi idi. Bu gün həmin şəhər çoxlu etnik mənsubiyyəti və yaradıcılığın özəyi kimi mədəniyyətlərarası dialoq ənənəsini davam etdirir.

Mədəniyyət və yaradıcılığın gücü özünü rəqəmsal sahədə də büruzə verir. Hazırda bizi yeni informasiya və mədəni ifadələrdən yalnız bir neçə il ayırır. İnternet özündə qlobal dili təcəssüm etdirən rəqs, teatr, ədəbiyyat, musiqi, filmlər və sairə ilə yeni müzakirələrə yol aça bilər və UNESCO da rəqəmsal dövrdə mədəni müxtəliflik üzrə işlərə rəhbərlik etməklə insanlar arasında maneələri aradan qaldırır. Lakin yaradıcılığın yalnız mədəniyyət sahəsi ilə məhdudlaşdığını düşünmək səhv olardı. Yaradıcı düşüncə və innovasiya bütün insan fəaliyyətlərinin başlanğıcını qoyur. Bir çox böyük çağırışların öhdəsindən gəlmək üçün bizə elm, texnologiya, mühəndislik və riyaziyyat da lazımdır. SUN layihəsinin direktorunun da qeyd etdiyi kimi, elm və incəsənət bir-birinin əksi deyil, hər ikisi bəşəriyyətin kreativliyinin ən yüksək nöqtələrini təmsil edir. İqlim dəyişikliyi dövrümüzün əsas dəyişikliklərinə səbəb olur. Süni intellektin kəşfi dünyanı dəyişdirir və bir sıra işlərə ehtiyacı aradan qaldırır, lakin yeni imkanlar, o cümlədən iqtisadi imkanlar yaradır. Biz yeni dünyaya, sadəcə, adaptasiya olmamalı, həm də fəal şəkildə iştirak etmək üçün bütün imkanlarımızı səfərbər etməliyik. Bu səbəbdən də XXI əsrin kadr inkişafı istiqamətində tələblərinə hələ də tam cavab verməyən təhsil sistemlərimizdə ciddi dəyişikliklər etməliyik. Mövcud tədris prosesindəki problemləri təcili olaraq həll etməliyik. Dünyada 670 milyon uşaq və gənc qiraət və riyaziyyat üzrə minimal bacarıq tələblərinə cavab vermir. Qadınların və qızların, xüsusilə elm sahəsində bərabər imkanlara malik olmasını təmin etməliyik. Tənqidi düşünmə, problem həlli, komandada işləmə bacarıqlarını inkişaf etdirməliyik.

Təhsil, eyni zamanda, qlobal vətəndaşlığın öndə olan dəyərlərindən biridir. Davamlı inkişaf, insan hüquqları və qarşılıqlı anlaşma, mürəkkəb dünyanı anlamaq, dünyanın kompleks informasiya və kommunikasiya sahəsində hərəkət etmək üçün vacib komponentlərdir. Böyük bir təhlükə var – internet tolerant olmayan gənclər arasında yanlış informasiyanın yayılması üçün bir vasitə ola bilər. Digər təhlükə isə həddən çox tədbirlərdən istifadə edərək cəmiyyətlərin effektiv fəaliyyəti üçün vacib olan azadlığın və imkanların məhdudlaşdırılmasıdır. Bunun əvəzinə, ötən il UNESCO-nun nəzarəti altında işçi qrupun hazırladığı hesabata uyğun olaraq, diqqəti rəqəmsal savadlılıq və vətəndaşlığın təbliğ edilməsinə yönəltməliyik. Media və informasiya savadlılığı vətəndaşların informasiyanın nə olması və kim tərəfindən yayılmasına daha tənqidi yanaşmasını təmin etmək üçün çox əhəmiyyətlidir. UNESCO bu məsələ üzrə aparıcı təşkilatlardan biridir və təhsil kurrikulumunu işə salıb, üzv ölkələr bu istiqamətdə dərslər hazırlayıb onlayn kurslar, layihələr və araşdırmalar təşkil edirlər. UNESCO və BMT-nin sivilizasiyalar ittifaqı illik qlobal media və informasiya savadlılığı həftəsi oktyabrın 24-də başladı. Proqram çərçivəsində dünya üzrə bir sıra tədbirlər təşkil olunacaq.

Xanımlar və cənablar, İkinci Dünya müharibəsindən sonra Eynşteyn bir çıxışında belə demişdi: “Düşünmə modelindən başqa hər şeyi dəyişdik”. Bu gün düşünmə modelimizi daha kreativ, insan inkişafına daha yönümlü bir istiqamətdə dəyişmək üçün real imkanımız var. Bütün üzv ölkələrin üzərində işlədiyi BMT-nin davamlı inkişaf proqramı daha dərin, daha geniş mədəniyyətlərarası dialoqa əsaslanan kollektiv həllər tapmağa istiqamətlənib. UNESCO da üzv ölkələri mədəniyyət, təhsil, elm və kommunikasiya sahəsində dəstəkləməkdə davam edir. Bu nəslin daha təhlükəsiz, daha sülh dolu, daha firavan və daha davamlı yeni bir dünya yaratmaq imkanı var. Ümid edirəm ki, “Bakı Prosesi”nin yeni ilində müzakirələr bu mövzu ətrafında da olacaq.

Sağ olun.

X X X

Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela BARON çıxış edərək dedi:

– Çox sağ olun, cənab Prezident İlham Əliyev.

Hörmətli tədbir iştirakçıları, milli parlamentlərin ümumdünya təşkilatı olan Parlamentlərarası İttifaqın sədri və meksikalı parlamentari kimi VI Bakı Beynəlxalq Humanitar Forumunda çıxış etməkdən çox şadam. Biz bu gün buraya beynəlxalq aləmin, eləcə də bəşəriyyətin bir sıra qlobal çağırışlarla üzləşdiyi vaxtda toplaşmışıq. Oslo Sülh Tədqiqatları Mərkəzinin rəyinə görə, 2017-ci il soyuq müharibə bitdikdən sonra ən zorakı illərdən biri olub. Həmin ildə dövlətlər arasında 49 həll olunmamış münaqişə və 82 fəal mərhələdə olan qeyri-dövlət münaqişəsi qeydə alınıb. Həmin münaqişələrin, o cümlədən bütün dünyada artan ekoloji böhranın nəticəsi olaraq dünya miqyasında məcburi köçkünlərin sayı 2017-ci ilin sonuna 68,5 milyon insana çatıb. Bununla yanaşı, qlobal iqtisadiyyatın mövcud vəziyyəti qlobal istehsal və istehsal proseslər ilə birgə artıq dözülməz vəziyyət yaradıb və hazırda il ərzində istifadə olunan təbii resursların həcminə cavab vermək üçün artıq bizə indikindən 1,7 dəfə böyük Yer kürəsi lazımdır.

Bundan əlavə, texnogen fəaliyyətin ətraf mühitə təsiri planetimiz üçün ağır təbii fəsadlar törədir və hazırda BMT gələcək illərdə qlobal istiləşmənin 1,5 selsi dərəcəsində saxlanılması üçün beynəlxalq öhdəliklərin olmasına çalışır. Biz, həmçinin texnoloji tərəqqinin daim dəyişən mahiyyətinin yaratdığı çağırışlarla üzləşirik və nəticədə avtomatlaşdırılmanın artması iqtisadi əməkdaşlıq və inkişaf təşkilatına üzv ölkələrində iş yerlərinin ən azı 14 faizini sual altında qoyur. Bu cür dəyişkən zamanda bəşəriyyət yol ayrıcında qalır və əgər biz planetimizin getdiyi istiqaməti dəyişmək istəyiriksə, orada innovasiya, əməkdaşlıq, yaradıcı yanaşma və çoxtərəflilik fundamental əhəmiyyət daşımalıdır. Məhz həmin mürəkkəb çağırışlar səbəbindən mən Azərbaycanın və bu tədbir təşkilatçılarının göstərdiyi səyləri alqışlayıram. Beynəlxalq humanitar forumun müzakirələri yaradıcı yanaşma və insan inkişafına əsaslanan yeni dünyanın formalaşdırılması mövzusuna həsr olunub. Aydındır ki, əgər biz dünyamızın tələb etdiyi təcili dəyişikliklərə nail olmaq istəyiriksə, bu elementlər olduqca dəyərlidir. Hamımızın bildiyi kimi, geniş ilhamverici və olduqca zəruri olan Dayanıqlı İnkişaf Məqsədlərinə və 2030-cu ilədək olan gündəliyə nail olmaq üçün dünyanın cəmi 12 ili qalır. Parlament üzvü və təşkilat sədri kimi, biz milli reallıqlar arasında körpü salmağa çalışırıq və bir çox hallarda bu addım uzaq məsafəli çoxtərəflilik kimi qələmə verilir. Bununla belə qeyd etməliyəm ki, hazırda dünya heç vaxt görünmədiyi qədər güclü, çoxtərəfli əməkdaşlığa və tərəfdaşlığa ehtiyac duyur. Bizim üzləşdiyimiz çağırışlara gəlincə, həll variantlarını tapmaq üçün qarşılıqlı əlaqələri və fəaliyyəti müəyyənləşdirməliyik.

Məmnunluqla qeyd edirəm ki, Forumdakı müzakirələr zamanı çoxtərəfli müttəfiqlik və tərəfdaşlığa zərurət artıq etiraf edilir. Bir çox hallarda qeyd olunur ki, 2030-cu il üçün gündəliyin ən mürəkkəb məsələlərindən biri 17-ci Dayanıqlı İnkişaf Məqsədinə nail olmaqdır. Çoxtərəfli əməkdaşlığa gəldikdə spektiv yanaşmanı açıq şəkildə sərgiləyən bir sıra ölkələrin proteksionizmə və populist ritorikaya sığındığı zaman bu tərəfdaşlığın qurulması, əslində, çətin proses olar. Bununla belə, beynəlxalq təşəbbüslərə tərəddüd və tənqidlə yanaşıldığı dövrdə biz çoxtərəfliliyi müdafiə etməli və dəstəkləməliyik, çünki birgə fəaliyyət dünyamızın problemlərinin həllinə aparan yeganə yoldur. Olduqca vacibdir ki, tərəfdaşlıq nəinki parlament çərçivəsində, o cümlədən milli hökumətlər arasında olmalıdır və biz bu prosesə özəl sektoru və vətəndaş cəmiyyətini də qoşmalıyıq. Buna nail olmaq üçün üçtərəfli əməkdaşlıq fundamentaldır və bütün təbəqələr arasında etimadın qurulmasında xüsusi əhəmiyyət kəsb edir. Biz hamımız bu məqsədi qarşımıza qoyub bərabərliyə, düzgünlüyə, əməkdaşlığa nail olmalıyıq. Gələcək illərdə bizim qarşımızda duran məqsəd, mən Dayanıqlı İnkişaf Məqsədlərini də nəzərdə tuturam, öz resurslarımızı yerli səviyyədə səfərbər edərək imkanlarımızı genişləndirməkdir. Bunun nəticəsində əldə olunacaq 5-7 trilyon dollar Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına sərf edilməlidir. Bu baxımdan milli parlamentlərin və bizim Parlamentlərarası İttifaqın oynadığı rol çox mühümdür. Bizim bununla bağlı qarşımızda qoyduğumuz məram müvafiq dövlət siyasətinin formalaşdırılmasına yönəldilməli, 2030-cu ilə nəzərdə tutulan gündəlik həyata keçirilməlidir. Biz parlament olaraq bu məsuliyyəti öz üzərimizə götürürük və effektiv olaraq milli resursların cəmlənməsinə çalışmalıyıq.

Təbii ki, dünyada mədəniyyətlərarası dialoqun da inkişaf etdirilməsi çox vacibdir. Çünki Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün trilyonlarla dollar lazım gəlir və bu, maliyyə boşluğunun aradan qaldırılması bütün ölkələrə, cəmiyyətin bütün təbəqələrinə aiddir və bu, hamımızı narahat etməlidir. Buna görə də biz çoxtərəfliliyi qorumalıyıq.

Hörmətli həmkarlar, bu gün bəşəriyyətin çox çətin zamanda üzləşdiyi çağırışlar mürəkkəbdir və bizim dünya həm iqtisadi və sosial baxımından diqqətlə davranmalıdır, əməkdaşlığımız güclü və geniş olmalıdır. Biz bir-birimizlə rəqabət aparmalı deyilik. Hər hansı bir həll variantının olmaması, yaradıcı yanaşmanın tətbiq edilməməsi heç nəyə gətirib çıxara bilməz. Hesab edirəm ki, məhz yaradıcı yanaşma və innovasiya bizə nəinki bu mərhələni keçməyə, həmçinin əlimizdə olan enerjini daha da artırmağa imkan yaradacaq. Çoxtərəflilik bu gün informasiyanın çatışmazlığı səbəbindən əziyyət çəkir. Populizmin və milli maraqların xüsusi olaraq nümayiş etdirildiyi bir vaxtda, ümidvaram ki, bu Forumun bütün iştirakçıları açıq şəkildə yeni imkanları müzakirə edəcəklər, çoxtərəfliliyi yenidən canlandıracaqlar, innovativ həll yollarını irəli sürəcəklər, tərəfdaşlıq quracaqlar. Təbii ki, biz bütün bunları beynəlxalq hüququn prinsiplərinə uyğun etməliyik. Çoxtərəflilik, əslində, dünyamızın dəyişilməsi üçün özündə bir çox davranışı və fəaliyyəti ehtiva edir. Biz yeni yollar araşdırmalıyıq ki, bunun vasitəsilə çoxtərəfliliyin təsirini ölçə bilək, onu anlayaq və bunu milli və yerli səviyyədə həyata keçirək. Əgər biz bu təsirin ölçülməsinə nail olarıqsa, əminəm ki, dünyamızı dəyişə biləcəyik. Dünyamızın dəyişilməsi üçün biz öz icmamızdan başlamalıyıq və bu, yeganə yoldur.

Mən hamınıza müraciət edərək demək istəyirəm ki, Forumun əsas məqsədlərindən biri məhz çoxtərəfliliyə nail olmaqdır. Biz humanist prinsiplərə əsaslanan icmanı qurmalıyıq, o, insan həyatlarını xilas edə bilər, insanların əzab-əziyyətlərini aradan qaldıra bilər, insan ləyaqətini saxlaya bilər və dəyişən dünyanın insana təsirini azalda bilər. Biz belə bir dəyişkən bir vaxtda bəşəriyyəti daha da təkmilləşdirmək üçün nə etməliyik? İnanıram ki, Forum bu və bir çox digər suallara yeni cavablar tapacaq. Sağ olun.

X X X

Bununla da VI Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimi başa çatdı.

Açılış çıxışlarından sonra Forum işini plenar və işçi sessiyalarla davam etdirib.

Qeyd edək ki, 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayacaq. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verəcək və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaranmasına vəsilə olacaq.