Paşinyan hökuməti elə bir siyasət yürütməyə çalışır ki, Ermənistanın maraqlarının təmin olunmasına xidmət etsin. Lakin bu istiqamətdə nə qədər səy göstərirlərsə, bir o qədər də ölkənin regional təcridi dərinləşir.
Bunu Trend-ə özəl açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, Ermənistanın regional əlaqələri faktiki olaraq iflasa uğrayır: “Bu, özlüyündə paradoksal, qeyri-adi bir vəziyyət yaradır. Ona görə ki, Ermənistan regionda vəziyyəti öz xeyrinə dəyişməyə çalışsa da, əslində bataqlığa düşmüş insan kimi nə qədər çox çabalayırsa, bir o qədər bataqlıq onu dərinliyə sürükləyir. Bunun da səbəbi odur ki, faktiki olaraq Ermənistanın apardığı siyasət kökündən, bünövrədən düzgün deyil. Ermənistan etiraf etməlidir ki, onun bütün problemləri məhz Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlıların etnik təmizləmə siyasəti nəticəsində öz dədə-baba torpaqlarından qovulması və azərbaycanlılara qarşı soyqırımı törədilməsinin nəticəsidir. Həm regionda Azərbaycanın xeyrinə gedən proseslər, həm Ermənistanın daxilində baş verən son hadisələr, həm də Ermənistana olan baxışlar belə bir qənaətə gəlməyə ciddi əsaslar yaradır. Bununla bağlı konkret olaraq bir neçə fakt gətirmək istərdim. Birincisi, bildiyiniz kimi, bir neçə gün bundan əvvəl İstanbulda region ölkələrinin xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib. Belə ki, İstanbulda oktyabrın 29-da Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin, oktyabrın 30-da isə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirlib”.
Komitə sədri qeyd edib ki, hər iki üçtərəfli görüşdə üç ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış İstanbul bəyanatlarında beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin isə məhz bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha öz əksini tapıb: “Bu bəyanatlarda region dövlətləri, xüsusilə İran tərəfindən açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olundu, münaqişənin məhz bu prinsiplər əsasında həll olunmasına çağırış edildi”.
S.Səmədov vurğulayıb ki, Ermənistan hər zaman Azərbaycan-İran münasibətlərinə xələl gətirməyə və bu münasibətlərdən öz maraqları çərçivəsində istifadə etməyə çalışır: “Lakin artıq biz görürük ki, regionun bütün aparıcı dövlətləri, yəni Türkiyə, İran, Gürcüstan münaqişənin konkret olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına çağırış edirlər və bunu həmin bəyanatlarda təsdiq edirlər. Bu, birinci misal. İkincisi, bir müddət bundan əvvəl ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxardılmasına dair xüsusi bir bəyanatla çıxış etdi. Bu bəyanat Ermənistanda böyük rezonans yaratdı və məhz bundan bir müddət sonra ABŞ-ın yüksək səviyyəli məmuru, konkret olaraq ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistanda olan zaman unikal və çox vacib bir bəyanat verdi. O, Azərbaycan tərəfinin dediyi fikirləri Ermənistan rəhbərliyi üçün təkrar etdi. Con Bolton bildirdi ki, Ermənistan dayanıqlı inkişafa nail olmaq istəyirsə, qonşu dövlətlərlə normal münasibətlər qurmağı bacarmalıdır. Yəni Ermənistanın çıxış yolu bundan ibarətdir, başqa variantı yoxdur. Biz artıq regionun bütün dövlətləri və bütün beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsini görürük”.
Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri deyib ki, Ermənistan bu gün düşdüyü bəladan xilas olmaq üçün qonşu dövlətlərlə münasibətləri beynəlxalq qanunlar çərçivəsində qurmalıdır, bunun başqa yolu yoxdur: “Ermənistanda baş verən son proseslər Rusiya tərəfindən də şübhə ilə qəbul olunur. Rəsmi Moskva etibarsızlıq və səmimiyyətdən kənar olan münasibətlərə həm Xarici İşlər Nazirliyi, həm də parlament səviyyəsində reaksiya verib, müvafiq bəyanatlar səsləndirib. Rusiyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı bəyanatlar verdiyini nəzərə alsaq, regionun ən böyük dövlətini də yuxarıda adını çəkdiyim ölkələrin sırasına aid etmək mümkündür”.
Milli Məclisin deputatı bu yaxınlarda Fransadan olan bir neçə bələdiyyə sədrinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini, orada hansısa sənədləri imzaladıqlarını da xatırladıb:
“Lakin bir neçə gün bundan əvvəl Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez xüsusi bəyanatla çıxış etdi ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir, tanıyır və imzalanmış hər hansı kağız parçaları heç bir hüquqi qüvvəyə malik deyil, heç bir əhəmiyyət kəsb etmir. Bir misal da çəkim: bir müddət əvvəl Almaniya Kansleri Angela Merkel də regiona səfər etdi. Gürcüstanda müxtəlif sənədlər və layihələr imzalandı, Azərbaycanda iqtisadi forum keçirildi, amma Ermənistanda ümumi söhbətlərdən başqa heç bir məsələ gündəmə çıxarılmadı. Almaniya da birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və Ermənistanı bu münaqişənin beynəlxalq qanun çərçivəsində həll olunmasına çağırır. Daha bir misal çəkim. Düzdür, Avropa İttifaqı dəfələrlə bəyanat verib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Lakin burada vacib bir məqam var. Avropa İttifaqı Sarkisyan hakimiyyəti dövründə Ermənistanda keçirilmiş seçkilərlə bağlı xüsusi vəsait ayırdı, həmin vəsaitin miqdarı 7 milyon avro təşkil edirdi. Avropa İttifaqının seçkilərdən sonra verdiyi bəyanatda bildirilirdi ki, seçicilərin səsləri satın alınıb, seçkilər saxtalaşdırılıb və obyektiv keçirilməyib. Bu, hələ Sarkisyan dövründə olub. İndi Paşinyan Avropa İttifaqına müraciət edib ki, dekabrda seçkilərin keçirilməsi ilə bağlı vəsait ayrılsın”.
Onun sözlərinə görə, ilk baxışdan elə təsəvvür yarana bilər ki, “demokratik Ermənistan” qurmaq niyyətində olan Paşinyana külli miqdarda pul ayrılmalıdır: “Ona görə ki, Sarkisyan hakimiyyəti korrupsiya içərisində batmış bir rejim idi və Ermənistan xalqı onu tarixin zibilliyinə atdı. Bununla belə, Avropa İttifaqı Paşinyan hökumətinə seçkilərin keçirilməsi üçün cəmi 3 milyon avro, yəni əvvəlkindən iki dəfədən də az vəsait ayırdı. Çünki artıq rəsmi Yerevana inam yoxdur, Paşinyanın bəyanatlarına, onun hökumətinin gördüyü işlərə, apardığı siyasətə heç kim etibar etmir”.
S.Seyidov bildirib ki, bir müddət əvvəl N.Paşinyan Aİ-nin dəhlizlərində gəzərək Avropa İttifaqından Ermənistan iqtisadiyyatı və ölkədə digər işlərin görülməsi üçün bir milyard avro pul istəyirdi: “Bu hal yalnız gülünc doğururdu və heç kim onlara bir qəpik belə vəsait ayırmaq niyyətində deyildi və deyil də. Nəticə etibarilə Avropa İttifaqı, Fransa, Almaniya, ABŞ və Rusiyanın mövqeyi, eləcə də 29-30 oktyabr tarixlərində İstanbulda keçirilmiş üçtərəfli görüşlər, səsləndirilən bəyanatlar onu deməyə əsas verir ki, Ermənistanın regionda təcridi dərinləşir, apardığı siyasət iflasa uğrayır, həmçinin regionda Ermənistanın güvəndiyi qüvvələr də Azərbaycanın beynəlxalq qanunlar çərçivəsində qəbul olunmuş mövqeyini dəstəkləyirlər”.
https://az.trend.az/azerbaijan/politics/2974422.html