Şinzo Abe APEC forumunda azad ticarət naminə mübarizə aparmaq niyyətindədir

Yaponiyanın Baş naziri Şinzo Abe noyabrın 17-də Papua-Yeni Qvineyada işə başlayan Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Forumunda azad ticarətin inkişafını dəstəkləmək niyyətini bəyan edəcək.

AZƏRTAC xəbər verir ki, noyabrın 17-də Sakit okean regionunun 21 iqtisadiyyat rəhbəri son vaxtlar artan proteksionizm fonunda regionda iqtisadi inteqrasiyanın dərinləşdirilməsi məsələlərini müzakirəyə başlayacaqlar.

Yaponiyanın Baş naziri Şinzo Abe forum iştirakçılarını inandırmaq ümidindədir ki, “gözə göz” prinsipi ilə hərəkət edən istənilən ölkə qarşılıqlı məhdudiyyətlər siyasətindən heç nə qazanmayacaq. ABŞ və Çinin ticari qarşıdurma nümayiş etdirdiyi məqamda, Ş.Abe azad və ədalətli ticarətə sadiq qaldığını bəyan etməyi planlaşdırır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio