Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 61160 nəfər artaraq oktyabrın 1-i vəziyyətinə 9959245 nəfərə çatıb. Bir kvadratkilometrə düşən əhalinin sayı 115 nəfər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 103371 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,1 təşkil edib. Doğulan körpələrdən 1962-si əkiz, 84-ü isə üçəm olub.
Cari ilin doqquz ayı ərzində ölkədə 43640 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.
Bu ilin yanvar-sentyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 45977 nikah və 11102 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.
Yanvar-sentyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2594 nəfər gələn, Azərbaycandan isə 1165 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1429 nəfər təşkil edib.