“ASAN xidmət”ə 27 milyonuncu müraciət qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu müraciət 1 saylı Bakı “ASAN Kommunal” mərkəzinə Fərman Hacıyev tərəfindən edilib. O, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” və “Azərsu” açıq səhmdar cəmiyyətləri tərəfindən həyata keçirilən xidmətlərdən yararlanıb. İyirmi yeddi milyonuncu müraciətin sahibi kimi Fərman Hacıyev təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.
Hazırda ölkəmizdə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, rayonlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.
Həmçinin Bakıda əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
AZƏRTAC