Bakıda “İnsan inkişafı. Dünyaya inteqrasiya” mövzusunda II beynəlxalq elmi konfrans keçirilir

Aprelin 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bu ali məktəbin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “İnsan inkişafı. Dünyaya inteqrasiya” mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, xarici ölkələrdən gələn qonaqlar da iştirak edirlər.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin AzMİU-nun həyətində ucaldılmış abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla anıblar.

Tədbiri açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova konfransın ənənəvi olaraq hər il AzMİU-da keçirildiyini qeyd edib. Konfransın ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edildiyini bildirən rektor bu tədbirin Ümummilli Liderin şəxsiyyətinə dərin hörmət və ehtiramın təzahürü olduğunu vurğulayıb. O, Heydər Əliyevin çoxşaxəli, mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova “Davamlı inkişafda qadınların rolu” mövzusunda məruzə ilə çıxış edib. O vurğulayıb ki, gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi bu gün ölkə siyasətinin mühüm prioritetlərini təşkil edir. Bu baxımdan ötən müddətdə qadınların iştirakçılığının artırılması üçün imkanların genişləndirilməsi, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişafı üçün mühüm işlər görülüb.

Sonra AzMİU-nun ictimai fənlər kafedrasının müdiri Könül Əliyeva “Firavan, ahəngdar və təhlükəsiz gələcək üçün dəyişən iqtisadiyyat və dövlət”, Rusiya Dövlət Ədliyyə Universitetinin dosenti Şaraputdin Rəşidov “Xarici tələbələrin Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil perspektivi və problemləri” mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans işini bölmə iclaslarında davam etdirib.

Qeyd edək ki, ümumilikdə konfransa 98 məqalə təqdim edilib. Beynəlxalq konfrans 2 gün davam edəcək, bölmə iclaslarında mühazirələr dinləniləcək, müzakirələr aparılacaq.

AZƏRTAC