Vəkillər və hakimlər üçün “Beynəlxalq miqrasiya hüququ” mövzusunda təlimlər keçirilib

Beynəlxalq Miqrasiya Təşkilatının və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq miqrasiya hüququ” mövzusunda təlimlər keçirilib. Ümumilikdə 40-a yaxın hakim və vəkilin iştirak etdiyi təlimlərdə beynəlxalq ekspertin və Vəkillər Kollegiyası üzvlərinin təqdimatları dinlənilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, hər iki təlimdə beynəlxalq miqrasiya hüququnun subyektləri, mənbələri, hüquqi və normativ çərçivəsi, dövlətlərin miqrasiya ilə bağlı səlahiyyətləri və beynəlxalq miqrasiya hüququ tərəfindən qoyulan məhdudiyyətlər, dövlət suverenliyi və hərəkət azadlığı hüquq kimi mövzular üzrə mühazirələr oxunub. Həmçinin təlimlərdə geri qaytarılmama prinsipi, ölkəyə daxil olma və ölkədən çıxışın tənzimlənməsi, yaşamaq, toxunulmazlıq və azadlıq hüquqları, sərbəst hərəkət azadlığının təmin edilməsi, qaçqınlar, sığınacaq axtaranlar, yaşama şəraiti, iqtisadi, sosial, mədəni hüquqlar, fiziki imkanları məhdud olan miqrantlar, qadın və uşaq miqrantlar kimi məsələlər dinləyicilərin diqqətinə çatdırılıb, mövzu barəsində müxtəlif kazuslar həll edilib.

AZƏRTAC