Bu ilin avqust ayı ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətində (DMX) 81 min 861 müraciət qeydə alınıb.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində quruma əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətinin uzadılmasına görə isə 6762 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul olunub.
Avqust ayında ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar DMX tərəfindən 1788 qərar qəbul edilib. Qərarlardan 950-si İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub. Onlardan 690-ı ölkəni tərk etmə, 260-ı ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir.
Ölkə ərazisinə girişə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 799 qərardan 125-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiqi, 674-ü isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə bağlı olub. Eləcə də 23 qərar müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin itirilməsi, 6-sı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya respublikamızda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada, onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 8, qanunvericiliyin digər müddəalarının tələblərinin pozulması ilə bağlı 2 qərar qəbul olunub.
Ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə DMX tərəfindən müvafiq tədbirlər davam etdirilir.
AZƏRTAC