Vasif QAFAROV
AMEA A.A.Bakıxanov adına Tarix
İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent
II HİSSƏ
Batum konfransındakı Azərbaycan nümayəndələri Cənubi Qafqaz federasiyasının dağılması halında erməni məsələsinin yaradacağı problemlər, xüsusilə də Osmanlı imperiyasına birləşdiriləcək ərazilərdən Azərbaycana doğru baş verə biləcək erməni köçü ilə bağlı Ə.Hüseynzadə və Ə.Ağaoğlu ilə eyni fikirdə olsalar da, erməni dövlətinin yaradılması məsələsində onların mövqeyini bölüşmürdülər. Çünki Ə.Hüseynzadə və Ə.Ağaoğludan fərqli olaraq M.Ə.Rəsulzadə və M.H.Hacınski bu məsələ ilə bağlı mütəmadi olaraq həm Osmanlı heyəti ilə, həm də erməni nümayəndələri ilə müzakirələr aparmış və sonuncuların federasiyanın dağılması halında azərbaycanlılarla konfederasiyada birləşməyə maraqlı olmadıqları və öz dövlətlərini yaratmağa çalışdıqları məlum olmuşdu. Eyni zamanda, gürcülər də azərbaycanlılarla ermənilərsiz konfederasiya qurmağa razı olmamış və erməni dövlətinin də yaradılmasının vacibliyi tezisini irəli sürmüşdülər. Buna görə də Azərbaycan nümayəndələri federasiyanın dağılması halında kiçik bir ərazidə də olursa-olsun, erməni dövlətinin yaradılmasının vacibliyi mövqeyindən çıxış edir və bu dövlətin İrəvan deyil, Aleksandropol mərkəz olmaqla yaradılmasına çalışırdılar.
Ə.Hüseynzadə və Ə.Ağaoğlunun Ənvər və Tələt paşalara göndərdiyi müraciətdən bir gün sonra, 1918-ci il mayın 23-də Batum konfransındakı Azərbaycan nümayəndələri erməni dövlətinin yaradılması məsələsi ilə bağlı Ənvər paşaya böyük bir müraciətlə çıxış etdilər. Müraciətdə, Azərbaycan nümayəndələrinin Trabzon konfransının ilk günlərindən başlayaraq bütün siyasi məsələlərdə Osmanlı hökumətinin yeritdiyi siyasətə uyğun hərəkət etmək haqqında qərar qəbul etdikləri, bu günə qədər də həmin qərarlarını icra etdikləri və bundan sonra da ona sadiq olacaqları vurğulandıqdan sonra qeyd edilirdi ki: “Cənubi Qafqaz nümayəndə heyəti Trabzonu tərk etdiyi zaman müsəlman nümayəndələrinin Osmanlı heyət rəhbəri Rauf bəydən və Qafqaz cəbhəsi komandanı Vehib paşadan aldıqları tapşırıqlara görə, Osmanlı hökumətinin Cənubi Qafqaza yönələn ərazi tələbləri Brest-Litovsk müqaviləsinin müəyyən etdiyi sərhəd dairəsində idi. Bu zaman Qafqazın müsəlman əhalisinin Türkiyəyə yönələn ilhaq tələblərinə qarşı Osmanlı hökumət nümayəndələri hər vəchlə sübut etməyə çalışırdılar ki, Osmanlı imperiyasının siyasəti qüvvətli və müstəqil bir Qafqazın mövcudluğunu vacib bilir və buna görə də Qafqaz müsəlmanları konfederasiyada öz daxili müstəqilliklərini təmin etmək surətiylə digər Qafqaz millətlərindən ayrılmamalıdır. Biz də bu formulu qəbul edib, Osmanlı imperiyasına qarşı son ana qədər müqavimət göstərməkdə israr edən gürcü və ermənilərə bir tərəfdən Seymdən çıxmaq təhdidi, digər tərəfdən də Türkiyənin Qafqazın istiqlalına tərəfdar olub, Brest-Litovsk sülhünün müəyyən etdiyi sərhədi keçməyəcəyi ümidi ilə təzyiq edərək, onları Gegeçkori hökumətini süquta, Cənubi Qafqazın istiqlalını elana, Brest müqaviləsini qəbul etməyə və Türkiyə ilə müqavilə imzalayıb dostluq münasibətləri qurmağa vadar etdik. Mülahizələrimiz də ondan ibarət idi ki, kiçik müharibədən sonra Türkiyə sərhədi bir tərəfdən xristian Gürcüstana dayanacaq, digər tərəfdən Ermənistan istiqamətində də Şərqi Qafqaz müsəlmanları ilə fasiləsiz əlaqəni təmin edərək müəyyən ediləcəkdir. Biz müharibə təzminatı olaraq Brest-Litovsk sülhünün müəyyən etdiyi sərhədlərdən əlavə yalnız Axıska sancağı və Sürməlinin bir qisminin Türkiyəyə keçəcəyini təxmin etmişdik və gürcü və erməniləri də buna hazırlayıb Batuma gəlmişdik”.
Daha sonra müraciətdə Azərbaycan nümayəndələrinin Batuma ilk gəldiyində Osmanlı nümayəndə heyəti ilə görüşən zaman, onların da yuxarıda qeyd edilən mülahizələri dəstəklədiyini gördüyü, fəqət bir qədər sonra ərazi tələbləri ilə bağlı İstanbuldan göndərilən yeni təlimatın Cənubi Qafqaz heyətinə bildirilməsi ilə vəziyyətin kökündən dəyişdiyi və bu tələblərin Qafqaz federasiyası fikrini məhv etdiyi diqqətə çatdırıldıqdan sonra deyilirdi: “Osmanlı hökumətinin ərazi tələbləri haqqındakı təklifi ilə Qafqaz konfederasiyası fikri məhv olur. Üç – gürcü, müsəlman və erməni – kanton əvəzinə yalnız iki – gürcü və müsəlman kantonları qalır. Çünki Axalkələk, Aleksandropol, Eçmiədzin, Sürməli sancaqları ilə İrəvan sancağının bir qisminin ilhaqı ilə Ermənistan kantonunun böyük bir qismi Türkiyəyə keçir. Adı çəkilən kantonun Cənubi Qafqaz daxilində qalan qismi o qədər məhdud və az bir şeydir ki, bu hüdud daxilində bir kanton təşkilindən qətiyyən bəhs oluna bilməz. Sayca ermənilər Cənubi Qafqazda çox olsalar da, onlar kiçik hissələr şəklində müsəlman ərazisinə səpilmiş bir halda olub, bu ayrı-ayrı parçalardan bir erməni kantonu biçmək nə coğrafiyaca mümkün, nə də felən təsəvvür olunur, müsəlman əhali belə bir təklifi dinləmək belə istəməz. İki kantonlu birləşmiş Qafqaz hökumətinə gəlincə, buna da gürcülər qətiyyən razı deyillər. Onlar işin belə müşkül bir şəklə müncər olacağı ilə hasil olacaq daxili anarxiyanı tam dərk edərək, özlərini sudan çıxarmaq üçün istinad olunacağını təxmin etdikləri yanğında iştirak etməmək, ermənilərlə əlaqəni pisləşdirməmək və eyni zamanda ərazilərini bir sel kimi gələcək erməni qaçqınlarına qarşı müdafiə etmək üçün öz istiqlallarını elan etməklə Qafqaz birliyindən çıxıb müstəqil bir siyasət yeritməyə qərar vermişlər. İş bu dərəcəyə gəlincə, təbiidir ki, biz də Şimali Qafqaz ilə birlikdə Qafqaz müsəlmanlarının istiqlalını elan etməliyik. Fəqət indiki halda məsələnin belə bir şəkil alması müvafiqdirmi?
Bizə elə gəlir ki, Trabzonda ortaya qoyulan, Batumda bir daha bəyan edilən mülahizələrlə çox da müvafiq olmaz. Görəsən, Türkiyə, kiçik qardaşı olan Azərbaycan və ümumiyyətlə böyük türk siyasətindən ötrü hansı yol daha müvafiqdir? Öz daxilində intiqam hissi ilə yaşayan, daim fürsət axtaran və ilk imkan tapan kimi arxamızdan xəncərlə vurmaq zehniyyətində qalan bədxah erməni milli arzusu və hər zaman türk siyasəti əleyhinə xarici müdaxilələrə çalışıb, intriqalara vasitə olacaq bir milyon yarımlıq erməni kütləsi saxlamaq, yoxsa türk toplumları ilə əhatə olunmuş, hərbi-strateji cəhətdən zərərsiz və milli amalı təmin olunmuş kiçik bir erməni kantonu? Milli siyasətimiz nöqteyi-nəzərindən bizcə, ikinci yol daha münasib görünür. Doğrudur ki, Türkiyədə həyata keçirdikləri ocaqsız yanğınlar, xaincəsinə qaldırdıqları üsyanlar, indinin özündə də Qafqazda törətdikləri ağır cinayətlər ermənilərdən bəhs edərkən qeyz və kin hislərindən kənar soyuq bir halda bəhs etmək mümkün deyil. Fəqət bunu da bilirik ki, digər böyük dövlətlər kimi Böyük Türkiyə Dövləti də yürütdüyü siyasətini hissiyat üzərində qurmur. Biz də erməni kantonu təsisindən bəhs etdikdə məqsədimiz erməniləri müdafiə etmək deyil, öz siyasətimiz, ümumi türk siyasəti nöqteyi-nəzərindən baxır və məsələni bu siyasət dairəsində həll etmək istəyirik”.
Müraciətin bundan sonrakı qismində gürcü və erməni nümayəndələrinin Batumdakı alman nümayəndələri ilə sıx-sıx görüşməsinə və onlardan əldə edilən məlumatlara görə Almaniyanın Qafqaz birliyi ideyasını müdafiə və Brest-Litovsk müqaviləsində israr etməsinə diqqət yönəldilir, Qafqazın iki hissəyə bölünməsi halında onun istiqlaliyyətinin tanınması məsələsində problemlər yaşanacağı vurğulanır və ardınca qeyd edilirdi ki, mayın 18-də Lossovun göndərdiyi məlumatdan anlayırıq ki, Almaniya hökuməti Qafqazın istiqlalını bolşevik hökumətindən əvvəl tanımaq istəmir. Digər tərəfdən, ermənilər Almaniyanın vasitəsi ilə öz ərazilərinin hamısını əldə edərlərsə, bu son dərəcə zərərli bir iş olar deyə narahatıq. Çünki belə olan təqdirdə ermənilərdə təkrar Avropa dövlətlərinə müraciət etmək fikri canlanar və yeni bir ümid hasil olar. İş bu mərhələyə gəlincə, ermənilərə təmin olunacaq nə varsa, müstəqil şəkildə Dövlət-i Aliyyənin öz təşəbbüsü və bizim vasitəmizlə verməsi çox faydalı olacaqdır. Hər halda bu məsələdə Avropanın vasitəçiliyinə qətiyyən imkan verilməməlidir.
Müraciətin sonunda Azərbaycan nümayəndələri bu müraciətin Osmanlı imperiyasının daxili işlərinə qarışmaq kimi deyil, kiçik qardaşın ailə məşvərətində öz rəyini bildirməsi kimi qəbul edilməsini xahiş edir və Osmanlı hökumətinin qəbul etdiyi istənilən qərara sədaqətlə yanaşacaqlarını bildirirdilər. Bunun ardınca “erməni kantonunun bölüşdürülməsi haqqındakı qərar qəti və dəyişməz olduğu təqdirdə” böyük bir xahişlərinin olduğu vurğulanırdı. Cənubi Qafqazda tüğyan edən anarxiya şəraitində Bakı vilayətinin erməni-bolşevik birləşmələrinin, İrəvan vilayətinin isə ermənilərin nəzarətində olduğu, Qafqaz müsəlmanlarının maddi və mənəvi sərvət mərkəzi olan Bakıda bolşeviklərin getdikcə gücləndiyi və şəhəri tamamilə talan etdiyi və belə getsə az sonra bir çəllək də olsa neft tapılmayacağı və bununla da Türkiyənin istifadə etmək istədiyi dəmir yollarının istifadə olunmaz hala gələcəyi diqqətə çatdırılır və bütün bunlara görə də Osmanlı ordusunun təxirə salınmadan Azərbaycana göndərilməsinin vacibliyi vurğulanırdı. İran ərazisindən də olsa belə, təxirə salınmadan Azərbaycana hərbi yardım göndərilməsi xahiş edilir və qeyd edilirdi ki, “bu yardım sülh müzakirələrinin nəticəsini gözləmədən və erməni kantonu məsələsi ilə bağlanmadan gerçəkləşməlidir. Erməni kantonunun yaradılmasına imkan verməmək isə, işi təbii olaraq, daha da çətinləşdirəcək və vəziyyəti son dərəcə ağırlaşdıracaq. Çünki həqiqətən gözlənilir ki, Osmanlı imperiyasına birləşdiriləcək erməni vilayətlərindən çıxacaq erməni əhalisi heç şübhəsiz ki, Gəncə vilayətinə doğru hərəkət edəcək və müsəlman ərazisindən keçərək Bakı vilayətindəki bolşeviklərlə birləşmək istəyəcəkdir. Bu da qarşılıqlı toqquşmalara gətirəcəkdir ki, burada da qüvvələr nisbəti qeyri-bərabərdir. Buna görə də müsəlmanları fəlakətlər gözləyir və Cənubi Qafqazın məzarlığa dönmək ehtimalı vardır. Bunun üçün də ultimatumla bərabər hərbi tədbirlər də dərhal icra edilməlidir ki, ermənilər yerlərindən qalxıb digər tərəfə köç etməsinlər. Bu məqsədlə də ermənilər mühasirəyə alınmalı, müsəlmanlar silahlandırılmalı və onlara yardım çatdırmaq üçün bir koridor açılmasına çalışılmalıdır”.
Müraciəti Batum konfransındakı Azərbaycan nümayəndələri – M.H.Hacınski, M.Ə.Rəsulzadə, Əhməd bəy (Can Baba), A.Səfikürdski və Ə.C.Pepinovdan başqa Müsəlman Milli Şurası və Seym üzvlərindən M.Y.Cəfərov, ədliyyə naziri F.X.Xoyski, maarif naziri N.Yusifbəyli və X.Xasməmmədov imzalamışdılar.
Xəlil bəy mayın 24-də Tələt paşaya göndərdiyi teleqramında gürcü, erməni və Azərbaycan nümayəndələri ilə keçirdiyi görüşlər və apardığı müzakirələr haqqında məlumat verir və qeyd edirdi ki, “əvvəlcə də ərz etdiyim kimi, gürcülər erməniləri qeyri-məmnun buraxmaqdan çəkinirlər və buna görə də ermənilər ultimatumu qəbul etmədiyi təqdirdə belə, müsəlmanlarla birlikdə konfederasiyada qalmamağa qərar veriblər. Əgər ermənilər ultimatumu qəbul etməyib, müqavimət göstərməyə qərar versələr, təxmin edirəm ki, gürcülər bu müqavimətdə iştirak etməyəcəklər. Fəqət, ümumi hökumətdən və Seymdən çıxıb öz hüdudları daxilində öz istiqlaliyyətlərini elan edərək kənara çəkiləcəklər. Ermənilər isə onlara edilən təklif dairəsində sülh imzalamamağa qərar veriblər. Müqavimət və ya sülh məsələsində aralarında fikir ayrılıqları vardır. Başlıca komitələri uzlaşma mümkün olmazsa müqavimət tərəfdarıdır. Gürcülər Axıskanı tərk etməyə, ermənilər isə sərhədin Araz və ətrafından çəkilməsinə razı olacaqlar”.
Qeyd edək ki, Osmanlı heyəti İstanbuldan Batuma yola düşərkən Cənubi Qafqaz Respublikasına qarşı qərarlaşdırılan ərazi tələblərinə görə, Brest-Litovsk sülhünün müəyyən etdiyi sərhədlərdən əlavə müharibə təzminatı olaraq yalnız Axıska və Sürməli qəzalarının tələb edilməsi qərarlaşdırılmışdı, lakin sonrakı günlərdə Ənvər paşa Axıska və Sürməli qəzalarından başqa Axalkələk və Aleksandropol qəzaları, Eçmiədzin və İrəvan qəzalarının bir hissəsi və Naxçıvan qəzası (Ordubad istisna olmaqla) ilə bağlı da ərazi tələbləri irəli sürüb, bu tələbləri hökumət nəzdində qəbul etdirmişdi. Xəlil bəy də 24 may tarixli teleqramında İstanbul hökumətinin Axalkələk qəzası ilə bağlı tələbindən imtina etdiyi və ya bu qəza ilə bağlı müəyyən güzəştlər verdiyi təqdirdə gürcülərlə, Aleksandropol və ermənilər yaşayan digər ətraf ərazilərlə bağlı tələblərindən imtina etdiyi təqdirdə də ermənilərlə sülhün mümkün olacağını sədrəzəmin diqqətinə çatdırmaqla, əslində Cənubi Qafqaza qarşı ərazi tələbləri ilə bağlı İstanbulda qərarlaşdırılan variantın qəbul edilməsinə gürcü və ermənilərin razı olduqlarını göstərməyə çalışırdı. O, eyni zamanda, bütün bunları qeyd etdikdən sonra, elə həmin teleqramda Azərbaycan nümayəndələrinin Ənvər paşaya ünvanladığı 23 may 1918-ci il tarixli müraciət haqqında da məlumat verir və həmin müraciətin əsas müddəalarını xülasə şəklində bildirirdi. Bununla da, Xəlil bəy erməni dövlətinin yaradılmasına Azərbaycan nümayəndələrinin də razı olduqlarını və bu məsələdə ortaya qoyduqları arqumentlərlə hətta təkid etdiklərini və bunda haqlı olduqlarını göstərmiş olurdu.
Mayın 24-də demək olar ki, bütün gün boyu Xəlil bəy ilə Tələt paşa arasında teleqramla aparılan məsləhətləşmələrin yekununda sədrəzəm, Cənubi Qafqaz heyətinə 24 saatlıq bir ultimatumun verilməsinə göstəriş verməklə bərabər, erməni dövlətinin yaradılması məsələsi ilə bağlı aşağıdakı qəti mövqeyini ortaya qoydu: “Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən tərəfdar deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcəkdir. İran və Amerikada olan bütün ermənilər orada toplanacaq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə xristian gürcülərlə və çox asanlıqla əcəmlərlə birlikdə bizim əleyhimizə hərəkət edəcəklər. Bu halda mümkün olsa, çibanı kökündən təmizləmək ən xeyirli cəhətdir. Bu mümkün olmadığına görə, (Ermənistanın – V.Q.) çox zəif və yaşamayacaq şəkildə təşəkkül etməsi zəruridir…”
Sədrəzəmin bu mövqeyi qarşısında Xəlil bəy erməni dövlətinin yaradılması məsələsində “çibanı kökündən təmizləməyincə, görüləcək yarımçıq tədbirlərin gələcək üçün çox təhlükəli olacağı” fikrini irəli sürdü. Lakin o, “çibanı kökündən təmizləmək” deyəndə heç də Tələt paşa kimi erməni dövlətinin yaradılmasına imkan verməməyi nəzərdə tutmurdu. Əksinə, Xəlil bəy təkcə İrəvan kantonunun zəif bir Ermənistanın təşkili üçün belə, çox kiçik ərazi olmasına, ermənilərin bir qisminin Qafqazda qalıb dövlətə sahib olduqları halda, digər qisminin Osmanlı hakimiyyəti altında qalmasının gələcəkdə doğuracağı problemlərə diqqəti çəkir və Türkiyənin tələb etdiyi ermənilər yaşayan bölgələrin, xüsusilə də Aleksandropolun da onlara güzəştə gedilməsi fikrini irəli sürür və bununla da Qafqaz və Osmanlı ermənilərinin ümumi dövlətinin yaradılması mövqeyindən çıxış edirdi. O, sədrəzəmə göndərdiyi 24 may 1918-ci il tarixli növbəti teleqramında yazırdı: “Çibanı kökündən təmizləməyincə, görəcəyimiz yarımçıq tədbirin hər halda gələcək üçün çox təhlükəli olacağı qənaətindəyəm. Erməniliyin istədiyimiz hüdudun xaricində çox zəif bir halda belə təşkili uyğun olmayacağına qane olduqdan sonra Aleksandropoldan imtina etməyi tövsiyə etdim. Səbəblərini də əvvəlcə izah etdiyim üçün təkrar etmək istəmirəm”.
Xəlil bəy bu teleqramında həmçinin ilk öncə Qafqazın beynəlxalq vəziyyətinin aydınlaşdırılmasının vacibliyi üzərində dayanır və buna görə də Cənubi Qafqaz federasiyasının dağılmasından sonra Cənubi Qafqazda üç hökumətdən ibarət konfederasiya yaradılmasını və bu konfederasiyanın beynəlxalq aləm, xüsusilə də Rusiya tərəfindən tanınmasına nail olmağı ən vacib iş hesab edirdi. O, Osmanlı hökumətinin öz iradəsini düşmənə tamamilə diktə etməsə belə, Qafqazın müstəqilliyinin Rusiya tərəfindən tanınmasına nail olmasının böyük bir siyasi uğur olacağını vurğulayır, Qafqaz hökumətləri ilə Türkiyə arasında qurulacaq əlaqələrin xarakteri məsələsini isə sonraya saxlamağı, həmçinin Qafqazdan Türkiyə üçün daha çox ərazi qoparmağa və ya bölgəni tamamilə Osmanlı imperiyasına ilhaq etməyə tələsməməyi məsləhət bilir, əks halda İstanbul hökumətinin məhrumiyyətlərə düçar olacağını diqqətə çatdırırdı.
Xəlil bəy sədrəzəmə göndərdiyi növbəti teleqramlarında da “Aleksandropol qəzasında ümumilikdə 250 min erməninin yaşadığı və Türkiyəyə ilhaq edildikdən sonra onların idarə edilməsinin çətin olacağı” fikrini irəli sürərək, bu ərazinin ermənilərə güzəştə gedilməsinə təkid edirdi. Lakin Ənvər paşanın nümayiş etdirdiyi sərt mövqe qarşısında Osmanlı hökuməti irəli sürdüyü ərazi tələbləri üzərində israrla durdu və hansısa bir ərazi güzəştə getmək fikrini qəbul etmədi. Belə olan təqdirdə Xəlil bəy üçüncü bir yol seçdi ki, bu da Türkiyənin ermənilərdən aldığı torpaqların əvəzində azərbaycanlılara məxsus ərazilərin bir qismini onlardan alıb ermənilərə verməkdən ibarət idi. Bu təklif ilk əvvəl ermənilər tərəfindən irəli sürülmüşdü. Trabzon konfransı uğursuzluqla nəticələndikdən sonra Osmanlı hökumətinin tələbləri qarşısına silahla çıxmağın əsas tərəfdarı olan ermənilər indi daha da sərtləşən türk tələbləri qarşısında əlacsız bir vəziyyətə düşmüşdülər. Erməni nümayəndələri sərt türk tələbləri qarşısında çıxış yolu kimi təklif edirdilər ki, heç olmasa Cənubi Qafqaz müsəlmanlarından müəyyən ərazilər alınıb ermənilərə verilsin. Bunun qarşılığında ermənilərlə müsəlmanlar arasında olan düşmənçilik də aradan qalxacaq və ermənilər Bakıdakı müsəlman əhalinin təhlükəsizliyini təmin etməyi öz üzərlərinə götürəcəklər. Xəlil bəy bu təklifi məqbul hesab etdi və “Osmanlı hökumətinin belə bir ərazinin ayrılmasının əleyhinə olmadığını” erməni nümayəndələrinə bəyan etdi. Erməni nümayəndələri də söz verdilər ki, belə bir razılıq əldə edilib gerçəkləşdiyi təqdirdə ermənilər İstanbula bir heyət göndərərək, Osmanlı hökumətinə sədaqətlərini ərz edəcəklər.
Daha sonra Xəlil bəy bu məsələ ilə əlaqədar M.Ə.Rəsulzadə və M.H.Hacınski ilə danışıqlar apardı və nəticədə Osmanlı yardımına böyük ehtiyac duyan Azərbaycan nümayəndələrinin razılığını ala bildi. Osmanlı heyət rəhbəri dərhal bu barədə İstanbula məlumat verdi, amma adı keçən təklifin guya Azərbaycan nümayəndələrindən ona gəldiyini önə çəkdi və bunu xüsusi vurğuladı. O, Tələt paşaya göndərdiyi 26 may tarixli teleqramında Cənubi Qafqaz nümayəndə heyətinə veriləcək ultimatumun hazır olduğunu və indi veriləcəyini bildirir, lakin ultimatumun verilmə müddəti ilə bağlı bəzi istəklərinin olduğunu qeyd edərək yazırdı: “…Müsəlman nümayəndələr bu gün səhər yanıma gəldilər. Bakıdakı vəziyyətlə bağlı çox qayğılıdırlar. Çünki bu şəhər ermənilərin əlindədir. Bunun üçün bizə tərk ediləcək ərazinin qarşı tərəfində ermənilərə, onları qismən də olsa, təmin edəcək bir kanton ayırmaq istədilər. Sonra daşnaksütyunların xaricində olan və bu gün Tiflisdə əhəmiyyət kəsb edən digər bir erməni partiyasının rəisi gəldi. O da bu şəkildə yekunun tərəfdarı göründü. Bizə əvvəlcə bildirdiyiniz təlimatlara istinad edərək Osmanlı hökumətinin belə bir kantonun ayrılmasına qarşı olmadığını bildirdim. Bunun üçün bir neçə gün müddət istədi. Və ultimatum veriləcəksə bunun heç olmasa üç gün müddət ilə verilməsini rica etdi. Belə bir razılıq əldə edilib gerçəkləşərsə əgər, adı keçən (erməni nümayəndəsi – V.Q.) İstanbula bir heyət göndərilərək Hökumət-i Səniyyəyə sədaqət ərz ediləcəyini də əlavə edərək, bir az da bizim tərəfə lütf və xoş münasibət göstərilməsini rica etdi. Ermənilər tərəfinə bu şəkildə göstəriləcək təzahürün Avropa və Amerikada yaradacağı təsir çox yaxşı olacaqdır”.
Lakin Ənvər paşa çox sərt bir şəkildə bu təklifə qarşı çıxdı. Ənvər paşa da Tələt paşa ilə eyni mövqedən çıxış edərək, Qafqazda erməni dövlətinin yaranmasına imkan verməmək, ermənilərin yaşadığı əraziləri müsəlmanlarla gürcülər arasında bölüşdürmək və hazırda ermənilərin əlində olan, müsəlmanların yaşadığı İrəvan şəhərinin və ətraf ərazilərin müsəlmanlar tərəfindən azad edilərək ermənilərin əlindən alınmasına çalışmağı tövsiyə edirdi. Bu mümkün olmadığı təqdirdə isə, Ənvər paşa erməni dövlətinin yaradılmasının qaçılmaz olacağını vurğulayır və bu halda da yaradılacaq erməni dövlətinin yaşamayacaq dərəcədə olduqca zəif bir şəkildə təşkil edilməsini vacib sayırdı. O, 1918-ci il mayın 27-də Vehib paşaya göndərdiyi teleqramında yazırdı: “Xəlil bəyin teleqramından anlaşıldığına görə, ermənilər bizim onlardan aldığımız ərazilərin qarşılığında Cənubi Qafqaz müsəlmanlarına aid ərazidən bir qisim almaq istəyirlərmiş və müsəlmanlar da buna razılıq verəcəklərmiş. Məncə bu tamamilə yanlışdır. Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə əmrləri Amerikadan alaraq, o tərəfdən gələn ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olacaqdır. Və bizim üçün şərqdə bir Bolqarıstan daha yaranar ki, bu da bizim üçün Rusiyadan daha zərərli bir düşmən olar. Çünki ermənilərin bütün mənafe və əməlləri bizim məmləkətimizdədir. Dolayısıyla, bu təhlükəni indidən ortadan qaldırmaq üçün ermənilərin kiçik bir hökumət halında belə, təşəkkül etməməsini və müsəlmanlarla gürcülər arasında, bizim qüvvələrimizin yardımı və təsirinin ən çox olduğu bu dövrdə bölüşdürülməsini, müsəlmanların ermənilərə heç bir haqq və ərazi verməmələrini təmin etməyi və bununla yanaşı, bu gün ermənilərin əlində olan müsəlmanların yaşadıqları İrəvan kimi məntəqənin belə, müsəlmanlar tərəfindən işğal edilərək, bu surətlə müsəlmanlar yaşayan yerlərin ermənilərin əlindən qurtarılmasına xüsusilə cəhd göstərilməsini üstün tuturam. Mənafeyimizə ən çox uyğun olan bu şəkil gerçəkləşməzsə, onda ermənilərə də bir mövcudiyyət verilməsi qaçılmaz olar. Belə olan təqdirdə, ermənilərin gələcəkdə vücud bularaq yaşamayacaq surətdə olduqca çox zəif bir halda buraxılmalarına çalışmaq lazımdır. Həm hökumətimizin, həm də Qafqazdakı müsəlmanların indiki və gələcəkdəki mənafeləri ancaq bu surətlə təhlükədən qurtarıla bilər…”
Onu da qeyd edək ki, Batum konfransının başlaması ilə türk qoşunlarının Qafqaz istiqamətində irəli hərəkatına müvəqqəti olaraq fasilə verilsə də, danışıqların dalana dirənməsi, eyni zamanda ermənilərin türk-müsəlmanlara qarşı törətdiyi soyqırım cinayətlərinin sistemli xarakter alması ordunun öz hərəkətinə davam etməsini labüd etdi. Ənvər paşa 1918-ci il 19 may tarixində Vehib paşaya göndərdiyi təlimatında, ordunun irəliləyib Batum konfransındakı türk ərazi tələblərini müəyyən edən sərhədə qədər olan əraziləri tutmasını əmr etdi. Bu əmr üzrə hərəkət edən Vehib paşa türk qoşunlarının irəli hərəkatını İrəvan quberniyası istiqamətində davam etdirdi. Mayın 20-də Sürməlini ələ keçirən türk qoşunları, mayın 24-də Cəlaloğlunu işğal etdilər və Qarakilsə istiqamətinə yönəldilər, həmçinin Sərdarabada girdilər. Osmanlı hərbi komandanlığı strateji cəhətdən çox mühüm əhəmiyyət kəsb edən Qarakilsənin tutulmasına böyük önəm verirdi. Çünki Aleksandropol-Tiflis dəmir yolunun üzərində mühüm məntəqə olan Qarakilsənin tutulması ilə bir tərəfdən ermənilər gürcülərdən tamamilə ayrılmış olacaqdılar, digər tərəfdən də, Gəncə müsəlmanları ilə əlaqə yaranacaqdı. Lakin ermənilər Qarakilsəni əldə saxlamaq üçün ciddi müqavimət göstərdilər. Bu müqavimətə baxmayaraq, mayın 28-də Qarakilsə türk qoşunları tərəfindən alındı. Qarakilsə uğrunda mayın 26-28-də gedən döyüşlərdə türk ordusu 1600 şəhid verdi və bir çox dəyərli zabitlərini itirdi.
Xəlil bəy mayın 28-də Tələt paşaya göndərdiyi teleqramında Qarakilsə ətrafında ermənilərin ciddi müqavimət göstərib, ölüm-dirim mübarizəsi apardıqları ilə bağlı Vehib paşadan aldığı məlumatları sədrəzəmin diqqətinə çatdırdıqdan sonra, əhalisinin böyük əksəriyyəti erməni olan Aleksandropol və Axalkələk qəzalarının Türkiyəyə birləşdirilməsini səhv addım hesab edir, bu ərazilərin ermənilərə verilməsi təklifini yenidən irəli sürür və erməni dövlətinin Bolqarıstanla müqayisə edilməsinin doğru olmadığını bildirirdi. O, yazırdı: “…Vehib paşa həzrətləri, Gümrüdə beş min evdən yalnız iki yüz evin müsəlman olduğunu və Aleksandropol sancağında iki yüz əlli min erməni yaşadığını və bizə ilhaqdan sonra onların necə idarə edilə biləcəyində çaşqın olduğunu söylədi. Yüzdə səksən beşi erməni olan Axalkələk qəzasıyla və digər yerlərlə bərabər olduqca dağlıq və sərb bir məmləkətdə dörd yüz minə yaxın ermənini özümüzə birləşdiririk. Allah sonunu xeyirli etsin. Rus ermənilərinin bizimkilərin tərbiyəçisi və müəllimi olduğunu da nəzəri-diqqətə alıram. Hər halda çox xətalı bir yolu təqib etməkdə olduğumuzda israr edirəm. Ermənilərin Bolqarıstana bənzədilməsi fərqli müqayisədir. Bolqarıstan Avropada və İstanbul yolunun üzərindədir. Böyük Slavyan ailəsinin kiçik bir parçası və böyük bir siyasət pişdarıdır və bizi İstanbula doğru sıxışdıraraq arxasını böyük xristian dövlətlərinə istinad etdirmişdir. Asiyada və böyük türk dövlət və millətlərin əhatəsində qalacaq olan ermənilərin qonşularına tabe olmaqdan başqa çarəsi yoxdur. Bugünkü yarımçıq tədbir həm bizi, həm də Qafqazı yandıracaqdır və bəlkə məsələni daha da çətinliyə yuvarlayacaqdır”.
Vehib paşa da Ənvər paşanın mövqeyini ifadə edərək, erməni dövlətinin yaradılmasına imkan verməmək mövqeyindən çıxış edir, lakin bu mümkün olmadığı təqdirdə, erməni dövlətinin yaradılmasını qaçılmaz hesab edirdi. Lakin o, Xəlil bəyin mayın 26-da erməni və müsəlman nümayəndələri ilə apardığı danışıqlarda “ermənilərlə müsəlmanlar arasında düşmənçiliyin aradan qaldırılması və Bakıdakı müsəlman əhalinin erməni-bolşevik təcavüzündən qorunması” öhdəliyi qarşılığında azərbaycanlıların ermənilərə müəyyən ərazi güzəştləri etməsi ilə bağlı əldə edilən razılaşmaları səhv addım hesab edir və qəti şəkildə bu razılaşmaların əleyhinə çıxırdı. Vehib paşa Azərbaycan nümayəndələrinə də tövsiyə edirdi ki, heç bir halda özlərinə məxsus ərazilərdən ermənilərə bir qarış belə olsun, verməyə razı olmasınlar. O, bu məsələ ilə bağlı Ənvər paşaya göndərdiyi 1918-ci il 29 may tarixli teleqramında yazırdı: “Xəlil bəy Cənubi Qafqaz müsəlmanlarına aid ərazinin kiçik bir qisminin ermənilərə verilməsi halında ermənilərlə müsəlmanların arasının düzələcəyi və Bakıda olan müsəlmanların oradakı erməni təcavüzünə qarşı təhlükəsizliyini təmin edəcəyi mövqeyində olub, hər iki tərəflə bu zəmində görüşdüyünü müsəlman nümayəndələrin mənə etdiyi müraciətlərindən anladım və bu işin çox yanlış olub, heç bir halda ermənilərə özlərinə aid ərazidən bir qarış belə olsun, verməyə razı olmamalarını onlara tövsiyə etdim və Xəlil bəyə də bu məsələdə onunla həmfikir olmadığımı söylədim”.
Ənvər paşanın verdiyi direktivlər üzrə hərəkət edən Vehib paşa hansısa öhdəliklər qarşılığında Azərbaycan ərazilərindən ermənilərə ərazi güzəştləri edilməsinin əleyhinə çıxsa da, ən azından beynəlxalq aləm qarşısında ermənilərə bir mövcudiyyət və müəyyən güzəştlər verilməsini vacib hesab edirdi. O, “erməni dövlətinin yaradılmasına imkan verməmək” haqqında Ənvər paşanın 27 may 1918-ci il tarixli teleqramına mayın 29-da verdiyi cavabda “verilən əmrləri yerinə yetirmək üçün çalışdıqlarını” bildirməklə yanaşı, onu da qeyd edirdi ki, “erməniləri tamamilə qeyri-mövcud edə bilmərik. Hər halda onlara bir vücud vermək zərurət və məcburiyyətindəyik”. Fikrini də onunla əsaslandırırdı ki, “əgər ermənilərin hamısının çingizanə bir surətdə məhv edilməsinə qarşı dünya dövlətləri səssiz qalacaqlarsa, o zaman bu ən kəsə və işğal vəziyyəti üçün ən uyğun bir tədbir ola bilər. Yox əgər, dövlət ikinci bir xoşagəlməz vəziyyətə düşməməyi zəruri hesab edirsə, o zaman onlara da istər-istəməz məhdud da olsa, bir şəkil vermək lazım gələcəkdir”. Vehib paşa erməni dövləti yaradıldığı təqdirdə, bu dövlətin gələcəkdə nə Türkiyə, nə də Qafqaz müsəlmanlarının həyatlarını təhdid etməyəcək bir mahiyyətdə olmasına diqqət ediləcəyini və ən əsas məqsəd kimi buna çalışılacağını da xüsusi olaraq vurğulayırdı.
Batumla İstanbul arasında aparılan yazışmaların yekununda artıq erməni dövlətinin yaradılması məsələsində “çibanı kökündən təmizləmək” planının baş tutmayacağını görən Ənvər paşa ermənilərə veriləcək ərazilərin Türkiyə və Azərbaycan əraziləri ilə bir ada kimi əhatəyə alınması təlimatını verdi. O, Batuma göndərdiyi 29 may 1918-ci il tarixli təlimatında Osmanlı imperiyasının mərkəzi Gəncə olan hökumətlə, yəni Azərbaycanla birbaşa sərhədə malik olmasının vacibliyini bildirirdi. Ənvər paşanın mövqeyinə görə, Qarakilsənin şimalından da Osmanlı imperiyasının Azərbaycanla birbaşa sərhədi olmalı idi. Belə olan təqdirdə Osmanlı imperiyasının bir tərəfdən Naxçıvandan, digər tərəfdən də Qarakilsənin şimalından Azərbaycanla birbaşa sərhədi olurdu. Ermənistanın isə Gürcüstanla birbaşa əlaqəsi kəsilirdi və o, Osmanlı imperiyası ilə Azərbaycan arasında bir ada şəklində qalırdı.
ardı var …