Dağlıq Qarabağ münaqişəsinin siyasi, hüquqi və tarixi aspektlərini BMT tribunasından tamamilə təhrif olunmuş şəkildə təqdim edilib

Ermənistanın baş naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi, hüquqi və tarixi aspektlərini BMT tribunasından tamamilə təhrif olunmuş şəkildə təqdim edib.

Bu fikri AZƏRTAC-a Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının ümumi müzakirələr hissəsində çıxışı ilə bağlı açıqlamasında bildirib.

Hikmət Hacıyev deyib ki, bu ilin avqust ayında Azərbaycanın işğal altındakı Xankəndi şəhərində çıxış edərək, Azərbaycanın işğal edilmiş ərazilərinin anneksiyasına çağıran və bununla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə ciddi zərbə vuran Ermənistan rəhbərliyi indi BMT tribunasından “sülhpərvər” görünməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərir.

Birincisi, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir. 1921-ci il iyulun 5-də Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar vermişdir. Ermənilərin yalan iddialarına baxmayaraq, burada “Dağlıq Qarabağın Azərbaycana verilməsi” kimi ifadədən istifadə olunmamışdır.

Keçən əsrin 80-ci illərindən başlayaraq Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) açıq iddialar irəli sürmüş, zorakı əməlləri və təcavüzkar separatizmi fəal şəkildə dəstəkləmişdir.

Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılmasının sovet qanunlarına zidd olması hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənmişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdə həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən Dağlıq Qarabağ aydın şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu. Dağlıq Qarabağın “Ermənistana birləşdirilməsi” və ya “müstəqilliyi”nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş uti possidetis prinsipinə ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində əsassızdır.

Uti possidetis prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycan müstəqilliyini bərpa etməmişdən öncə sovet qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini elan edib.

İkincisi, Ermənistanın baş naziri BMT tribunasından danışdığı halda, BMT Nizamnaməsi əsasında ölkəsinin öz üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozması faktının üzərindən sükutla keçir.

Xatırladaq ki, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən “bütün dövlətlər digər dövlətin ərazi bütövlüyü və ya suverenliyinə qarşı” gücdən istifadə və ya gücdən istifadə ilə hədələməkdən çəkinməlidir”.

İkinci Dünya müharibəsinin yekunlarına dair Beynəlxalq Nürnberq Məhkəməsinin qərarları, BMT Nizamnaməsinin “Sülhə təhlükələr, sülhün pozulması, təcavüz aktları ilə bağlı fəaliyyət” adlanan VII fəslinə əsasən işğal və hərbi təcavüz ciddi beynəlxalq cinayət kimi müəyyən olunmuşdur.

Ermənistan hərbi gücdən istifadə edərək, Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu işğal etmiş, bu ərazilərdə Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törətmişdir. Bu siyasətin nəticəsində bir milyondan artıq soydaşımız hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Həmçinin Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq humanitar hüquqa zidd olaraq demoqrafik tərkibin dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidlərinin məhv edilməsi istiqamətində məqsədyönlü fəaliyyət aparır.

BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycanın ərazilərinin işğalını, mülki insanlara qarşı hücumları və Azərbaycanın məskunlaşmış ərazilərinin bombardman edilməsini pisləyir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrində güc tətbiq edərək ərazinin əldə olunmasının qəbuledilməzliyi vurğulanır və işğalçı qüvvələrin tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması tələb olunur.

Ermənistan BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur.

Onu da xatırladaq ki, BMT Nizamnaməsinin 25-ci bəndinə görə, BMT üzv dövlətləri Təhlükəsizlik Şurasının qərarlarını bu Nizamnaməyə əsasən qəbul etməli və həyata keçirməlidirlər.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi həyata keçirən ATƏT-in Minsk qrupunun üzvlərinin mandatının əsasını da Təhlükəsizlik Şurasının müvafiq qətnamələri təşkil edir. Beynəlxalq ictimaiyyət beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və dəstəkləyir.

Üçüncüsü, Ermənistan rəhbərliyi bu münaqişənin Azərbaycan və Ermənistan arasında ərazi münaqişəsi olmadığını iddia edir və bunun insan hüquqları məsələsi olduğunu bildirir. BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarı açıq şəkildə sübut edir ki, bu münaqişənin fundamental əsasını güc istifadə edərək ərazilərin işğalı təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsinin verdiktinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın siyasi, hərbi, maliyyə və digər dəstəyi sayəsində mövcuddur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi mövcudluğu və işğalı davam etdirməsi münaqişənin əsl mahiyyətini açıq şəkildə sübut edir.

Bununla bərabər, əgər Ermənistan rəhbərliyi bu münaqişəni insan hüquqları kontekstində təqdim etmək istəyirsə, onda ölkəsinin bir milyondan artıq azərbaycanlıya qarşı törətdiyi qanlı etnik təmizləməni və onların fundamental hüquqlarının pozulmasını etiraf etmiş olur. İnsan hüquqları universal xarakter daşıyır. İşğal və hərbi təcavüz yolu ilə bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarını pozduğu halda, Ermənistanın insan hüquqlarından danışması riyakarlıq və cəfəngiyatdır.

Dördüncüsü, Ermənistan rəhbərliyi münaqişənin həllinin Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün məqbul olan düstur əsasında həll edilməli olduğunu deyir. Münaqişənin tərəfləri Ermənistan və Azərbaycandır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları vardır.

Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. Münaqişənin Azərbaycan üçün məqbul olan həlli BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və ədalətə əsaslanır və bu mövqeyi beynəlxalq ictimaiyyət dəstəkləyir. Münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, hərbi işğala son qoyulmalı, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycanın sərhədləri daxilində sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan özünüidarəetmə modeli müəyyən olunmalıdır.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkrarən istinad etdiyi 2019-cu il 9 mart tarixli bəyanatda münaqişənin həlli üzrə yol xəritəsi təsvir olunmuşdur.

Münaqişənin Azərbaycanın ərazi bütövlüyündən kənar həlli modeli mövcud deyil. Münaqişənin tezliklə həlli regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hazırda ağır şəraitdə yaşayan erməni icmasının güzəranının yaxşılaşmasına, Ermənistanın özünün inkişafına gətirib çıxara bilər.

Nəhayət, Ermənistan başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək.

Ermənistan vaxtı hədər vermək və ilhaqçı siyasətinə bəraət qazandırmaq üçün əsassız tarixi, populist və demaqoqik arqumentlər axtararaq öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə, münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli, beynəlxalq öhdəliklərini yerinə yetirməli və qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

AZƏRTAC