Komitə sədri: “Azərbaycanda miqrasiya üzrə müsbət saldo 15 min nəfərə yaxındır”

“Azərbaycan əhalisinin siyahıya alınması çərçivəsində səfirlik və konsulluqlarımıza sorğu vərəqələri göndərilib ki, xaricdə yaşayan vətəndaşlarımız prosesdən kənarda qalmasın”.

“Report” xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

O həmçinin bildirib ki, Dünya Bankı Azərbaycandakı demoqrafik vəziyyəti müsbət qiymətləndirir.

“Əhalimizin 6,4%-i yaşı 65 və daha yuxarı olan şəxslərdir. Son 10 ildə ölkəmizdə insanların sayı 1 084 500 nəfər və yaxud 12,1% artıb. Son 15 ildə nikahların sayında 11,4% artım olub. Ömür uzunluğu 73,4 yaşdan 75,8 yaşa yüksəlib. O cümlədən kişilər üzrə 70,8 yaşdan 73,3 yaşa, qadınlar üzrə isə 76,1 yaşdan 78,2 yaşa qədər artıb. Ana ölümü əmsalı doğulan hər 100 min nəfərdə 26,3-dən 12,2-ə enib, körpələr üzrə ölüm əmsalı isə 11,4-dən 11,1-ə enib, 5 yaşadək uşaq ölümlərinin sayı isə hər 100 min nəfərdə 14,4-dən 13,1-ə düşüb”, – o bildirib.

Komitə sədri onu da əlavə edib ki, Azərbaycanda miqrasiya üzrə müsbət saldo 14 800 nəfər təşkil edir.

Report