Helsinkidə Azərbaycanla Finlandiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Oktyabr 1-də Helsinki şəhərində, Azərbaycan və Finlandiyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.  

Azərbaycan tərəfindən nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Xələf Xələfov başçılıq edib. Nazir müavini məsləhətləşmələr çərçivəsində Finlandiya Xarici İşlər Nazirliyinin Dövlət Katibi Matti Anttonen və Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya üzrə baş direktoru Maimo Henrikssonla görüşlər keçirib.REKLAM

Məsləhətləşmələr zamanı, iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər, Azərbaycan və Finlandiya arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Xüsusilə də, iqtisadiyyat və ətraf mühitin qorunması, peşə təhsili üzrə əməkdaşlıq istiqamətləri, habelə Finlandiyanın iştirakı ilə Azərbaycanda həyata keçirilən tvininq layihələri müzakirə edilib.

X. Xələfov, həmsöhbətlərinə Azərbaycanda aparılan islahatlar haqqında ətraflı məlumat verib.

Görüşlərdə Azərbaycan – Avropa İttifaqı münasibətləri, Finlandiyanın Aİ-ə sədrliyi çərçivəsində müəyyən etdiyi prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələr zamanı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli prosesinin hazırkı durumu müzakirə edilib.

Bundan əlavə tərəflər, Xəzər dənizi hövzəsində əməkdaşlıq, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Helsinkiyə səfəri çərçivəsində X. Xələfov, həmçinin Finlandiya Parlamentinin Beynəlxalq əlaqələr Komitəsinin sədr müavini, sabiq Xarici İşlər naziri İlkka Kanerva ilə görüşüb.

APA