Əhalinin siyahıyaalınması bu gün başa çatacaq

“Əhalinin siyahıyaalınması bu gün saat 00:00-da başa çatacaq. Ancaq növbəti 5 gün ərzində evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkiləcək”.  

Bunu APA-ya açıqlamasında Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev bildirib.

Qurum sözçüsü bildirib ki, ölkə əhalisi siyahıyaalma prosesində fəal iştirak edir. Ancaq bir sıra hallarda siyahıyaalmanı bilavasitə həyata keçirən sayıcılar vətəndaşların ünvanlarına getsə də, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilmirlər:

“Sayıcılar tərəfindən həmin şəxslər üçün “Evdə çətin tapılan şəxslərə məktub” adlı sənəd tərtib edilir və ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilir. Məktubda xahiş edilir ki, həmin ünvanda sorğunun keçirilməsi üçün münasib vaxt təyin edilsin və sayıcı ilə əlaqə saxlanılıb bu barədə məlumat verilsin”. 

E.Quliyev eyni zamanda bildirib ki, bəzi hallarda vətəndaşlar tərəfindən sayıcıya öz vəzifəsini icra etmək üçün lazımi şərait yaradılmır: “Bəzən vətəndaşlar evdə olmalarına baxmayaraq, qapını açmırlar. Belə hallarda sayıcı tərəfindən həmin vətəndaşlara təkrar müraciət olunur”. 
Qurum sözçüsü bildirib ki, bu səbəbdən məlumatların keyfiyyətini təmin etmək üçün siyahiyaalınmadan sonra oktyabrın 11-15-də təlimatçı-nəzarətçi və sayıcılar tərəfindən nəzarət gəzişləri həyata keçiriləcək. Eyni zamanda seçmə qaydada sayıcının işinin keyfiyyətinin yoxlanılması ilə yanaşı, evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkiləcək.

APA