“ABŞ Konqresinin Nümayəndələr Palatasında bir neçə gün əvvəl qondarma “erməni soyqırımı”nın tanınmasına dair qəbul olunmuş qətnamənin heç bir hüquqi əsası yoxdur”

“ABŞ Konqresinin Nümayəndələr Palatasında bir neçə gün əvvəl qondarma “erməni soyqırımı”nın tanınmasına dair qəbul olunmuş qətnamənin heç bir hüquqi əsası yoxdur”.

APA-nın məlumatlına görə, bunu ABŞ yəhudi təşkilatlarının nümayəndələri ilə görüş zamanı jurnalistlərə açıqlamasında Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O bildirib ki, ABŞ qanunvericiliyinə görə, bu proses bir neçə mərhələdən keçməlidir: “Həmin gün orda başqa hadisə də baş verib. Bir neçə ermənipərəst konqresmen tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri” Mais Mailyan ora dəvət olunub. Həmin binada demokratiya və Qarabağda olan vəziyyətlə bağlı müzakirələr aparılıb. Belə görüşlərin keçirilməsi heç də ABŞ-ın rəsmi mövqeyi deyil. Bu görüşlər daha çox müxtəlif bəhanələrlə ələ alınmış bəzi siyasi dairələrin təşəbbüsü ilə baş tutur. Buna xüsusi əhəmiyyət verməyə ehtiyac yoxdur. Bununla belə, bizim xaricdə yaşayan icmamız, vətənpərvər insanlar həmin gün binanın qarşısında piket keçiriblər. Orada Azərbaycan həqiqətlərini, Qarabağın işğal olunması faktını, ermənilər tərəfindən hər gün atəşkəsin pozulmasını, eyni zamanda dinc sakinlərin öldürülməsini, Dilqəm Əsgərov və Şahbaz Quliyevin bu günə qədər girov saxlanmasını və digər məsələləri çatdırıblar”.

F. Muradov qeyd edib ki, həmin gün özünü demokratik müxalifət adlandıran nümayəndə heyəti də Vaşinqtonda olub: “Xüsusən Cəmil Həsənli, həmçinin, onun ətrafındakılar, guya Azərbaycana, Dağlıq Qarabağa görə narahat olanlar, özlərini vətənpərvər hesab edən qüvvələr Azərbaycan icmasına dəstək verməyiblər. Bundan əlavə, onlar Vaşinqtonda keçirdikləri mətbuat konfransında Azərbaycan həqiqətləri, Dağlıq Qarabağın işğalı barədə bir kəlmə belə danışmayıblar. Əslində, yaxşı fürsət idi. Bu insanlar özlərini demokratik qüvvə, xalqın təəssübkeşləri elan ediblərsə, özlərini orda göstərə bilərdilər. Bunu etmədilər. Təbii ki, Azərbaycan xalqı bunu gördü. Bu, artıq nə siyasətə, nə əxlaqa sığan məsələdir. Azərbaycanın əleyhinə müxtəlif tədbirlər keçirənlər nəyə görə Azərbaycan torpaqlarının işğal olunması faktını dünyaya çatdırmır, bizə qarşı müxtəlif aksiyalar keçirilən erməni lobbisinə cavab vermirlər? Ona görə ki, havadarlar və mərkəz bəllidir. Mən xaricdəki icmalarımıza təşəkkür etmək istəyirəm. Dünyanın hər yerində Azərbaycanı həqiqətən istəyən icmalar bu tədbirləri, Azərbaycan reallıqlarını daim gündəmdə saxlayır. Bizim icma belə bir tədbir barədə məlumat alan kimi, dərhal səfərbər olub, həmin binanın qarşısına gedərək etirazını bildirib”.

Qondarma “erməni soyqırımı” haqqında sənədin qəbulu və bunun nəticələri ilə bağlı isə F. Muradov bunun ermənilərin uzun müddətdir sürən siyasəti olduğunu deyib: “Azərbaycanın regionda nüfuzunu, müxtəlif ölkələrlə əməkdaşlığını bilirlər. O cümlədən, bu gün Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatlarından da xəbərdardırlar. Türkiyə regionda artıq söz sahibinə çevrilib. Ona görə də bunu həm Azərbaycan, həm Türkiyəyə qarşı atılan xüsusi addım kimi qiymətləndirə bilərik. Biz Diaspor Komitəsi olaraq hər zaman xaricdə yaşayan həm türk, həm də Azərbaycan icmasının bu istiqamətdə həyata keçirilən tədbirlərini dəstəkləyirik. İnanıram ki, bizim vətənpərvər insanlarımız hər zaman belə provokativ tədbirlərə öz cavabını verəcək”.

F. Muradov qeyd edib ki, bu prosesdə hər bir azərbaycanlı və türk mütləq şəkildə öz mövqeyini bildirməlidir: “Azərbaycan Prezidentinin siyasəti ondan ibarətdir ki, bütün beynəlxalq tədbirlərdə hər bir fürsətdən istifadə edərək Dağlıq Qarabağ həqiqətlərini çatdıraq. Dağlıq Qarabağla bağlı bütün məsələlərdə Azərbaycan diasporu yaxından iştirak edir. Bu, böyük çoxluqdur. Bəzi kiçik qruplar var ki, azərbaycanlı olsa da, öz hərəkətləri ilə bunu göstərmir. Bu baxımdan inanıram ki, hər iki icma gələcək planlarını daha da mükəmməl şəkildə quraraq bu çirkin təbliğata qarşı öz sözünü deyəcək”.

Qeyd edək ki, oktyabrın 29-da ABŞ Konqresinin Nümayəndələr Palatasının saxta “erməni soyqırımı”nın tanınması ilə bağlı qətnamə qəbul edilib.

APA