Dekabrın 18-də Muzey Mərkəzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə müxtəlif nazirlik və dövlət qurumları, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəlikləri, universitetlər, QHT-lər, həmçinin Birləşmiş Millətlər Təşkilatı agentliklərinin nümayəndələri iştirak edib.
Çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev bildirib ki, tarix boyu inkişaf edən miqrasiya prosesləri bu gün dünyanın müxtəlif regionlarında baş verən siyasi və hərbi münaqişələr nəticəsində rekord həddə çatıb. Qlobal səviyyədə aparılmış hesablamalara əsasən, 2019-cu ildə dünyada beynəlxalq miqrantların sayı 272 milyona yaxınlaşıb ki, onların üçdə ikisini əməkçi miqrantlar təşkil edir. Bu rəqəmin ilbəil artmasına, eləcə də əvvəllər verilmiş proqnozlardan daha yüksək olmasına baxmayaraq, miqrantlar dünya əhalisinin yalnız 3.5%-ni təşkil edir.
Xidmət rəisinin müavini deyib ki, bu gün bütün dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan Respublikası regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir: “Son illər ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, respublikanın siyasi sabitliyi, eləcə də miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər nəticəsində Azərbaycan Respublikası əmək miqrasiyası baxımından mənşə ölkəsindən təyinat ölkəsinə çevrilib. Respublikamıza əmək fəaliyyəti ilə məşğul olmaq üçün gələn miqrantların hüquqlarının müdafiəsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Son illərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə miqrasiya, o cümlədən əmək miqrasiyası sahəsində qanunvericilikdə və siyasətdə bir sıra nəzərə çarpacaq islahatlar aparılıb. Həyata keçirilən islahatların əsas məqsədi miqrantların hüquqlarının tam təmin edilməsi və miqrasiyanın tənzimlənməsi zamanı meydana çıxa biləcək mümkün mənfi təsirlərin qarşısının alınmasıdır.”
P.Musayev miqrantların, xüsusilə qaçqın və məcburi köçkünlərin problemlərinin həllində dünya ölkələrinin həmrəylik nümayiş etdirmələrinin və bu istiqamətdə birgə səylərin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai və digərləri çıxış edərək cəmiyyətin diqqətinin miqrantların problemlərinə yönəldilməsi və məlumatlandırılması baxımından Beynəlxalq Miqrant Gününün əhəmiyyətindən danışıblar.
Rəsmi çıxışlardan sonra Azərbaycan Türkiyə İş Adamları Birliyinin rəhbəri Cemal Yangin Azərbaycanda özünün miqrant həyat təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.
Miqrasiya Gününə həsr olunmuş tədbirin rəsmi hissəsinin sonunda Beynəlxalq Miqrasiya Təşkilatının Qlobal Miqrasiya Filmləri Festivalının iştirakçısı olan və Myanmanlı yeniyetmə miqrantın həyatına həsr olunmuş “İtmiş Oğlan” adlı film nümayiş olunub.
Həmçinin tədbir çərçivəsində ölkədə və xaricdə yaşayan miqrantlara dair videoçarxlar və fotoşəkillərdən ibarət stend sərgilənib.
Dövlət Miqrasiya Xidməti