2019-сu il ərzində Azərbaycanın Ukraynadakı səfirliyinin Konsulluq bölməsinə müxtəlif məzmunlu məsələlərlə bağlı müraciət edən 1585 şəxs müvafiq sənədlə təmin olunub. Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında səfirliyin konsulu Hüseyn Mərcanov məlumat verib.
Konsul deyib ki, hesabat dövründə Azərbaycana səfər etmək məqsədilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 18 viza verilib, 140 nəfərə məhkumluq, 80 nəfərə vətəndaşlıqla bağlı müxtəlif arayışlar təqdim olunub, 40 nəfər notariat əməliyyatı, 274 nəfər konsulluq uçotuna alınıb, 1088 nəfərə vətənə qayıdış şəhadətnaməsi verilib. 274 vətəndaşın pasport almaq üçün sənədləri sistemə qoyulub, onlardan 219-u yeni nəsil biometrik pasportla təmin edilib. Ümumilikdə, 2019-cu il ərzində konsulluq əməliyyatlarından 66380 ABŞ dolları məbləğində rüsum tutularaq dövlət büdcəsinə köçürülüb.
Hesabat ilində daxil olmuş müraciətlər içərisində hüquq və mənafeyinin müdafiəsi məqsədilə müraciət edən vətəndaşlar və hüquqi şəxslər də var ki, bu müraciətlərin araşdırılması məqsədilə Ukrayna XİN-ə və Ukraynanın hüquq-mühafizə orqanlarına müvafiq nota və məktublar göndərilib. Ukraynanın hüquq-mühafizə orqanları ilə daimi əməkdaşlıq nəticəsində Kiyev, Xarkov, Odessa, Dnepropetrovsk, Lvov, Krivoy Roq və digər vilayətlərdə azərbaycanlıların hüquqlarının qorunması təmin edilib, burada yaşayan azərbaycanlıların bir çox problemləri həllini tapıb.
Səfirliyin Konsulluq bölməsinə cari il ərzində 763 ədəd müxtəlif mövzulu məktublar və ərizələr daxil olub, onlardan 565 məktub müvafiq olaraq Azərbaycan Xarici İşlər Nazirliyinə və Miqrasiya Xidmətinə, 198 məktub isə Ukraynanın aidiyyəti orqanlarına və ərizəçilərə göndərilib, telefon vasitəsilə müraciət edən vətəndaşlara sənədlərin icra olunma qaydaları izah edilib.
Səfirliyə gələ bilməyən vətəndaşların olmasını nəzərə alaraq, hesabat ilində də həmvətənlərimizin daha kompakt yaşadıqları Dnepropetrovsk, Odessa və Xarkov vilayətlərində mütəmadi olaraq səyyar konsulluq qəbulları keçirilib, regionlarda təhsil alan tələbə və digər Azərbaycan vətəndaşları ilə görüşlər keçirilərək onlara hüquqi yardım edilib.
AZƏRTAC