Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil edilən “İnformasiya Texnologiyaları Məktəbi”nin məzunlarına diplomlar təqdim olunub.
İT helpdesk, şəbəkə, sistem inzibatçılığı və proqram təminatının inkişafı sahəsində peşəkar və praktiki bilikləri tədris etmək məqsədilə yaradılan İT (informasiya texnologiyaları) məktəbi 2019-cu ilin may ayından fəaliyyətə başlayıb.
Layihə ali təhsil müəssisələrinin informasiya və kommunikasiya texnologiyaları, kompyuter elmləri və oxşar ixtisaslar üzrə ali təhsilli, həmçinin, müvafiq iş təcrübəsi olan 21 gənci ön ətrafında birləşdirib. 4 aylıq tədris proqramı çərçivəsində ümumilikdə 40 saatlıq 18 təlimə cəlb olunan İT məktəbinin üzvləri həmçinin Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı əldə ediblər.
Təlimlər Dövlət Miqrasiya Xidmətinin təcrübəli əməkdaşları tərəfindən keçirilib.
“İnformasiya Texnologiyaları Məktəbi”nin məzunlarına diplomların təqdim edilməsi mərasimində çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov təşkil edilən İT məktəbinin fəaliyyətini yüksək qiymətləndirib və məzunlara uğurlar arzulayıb. Xidmət rəisi Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən “Miqrasiya könüllüləri” ictimai birliyi, Gənclik İnkişaf Forumu və Miqrasiya Məktəbi-2 layihələrinin uğurla fəaliyyət göstərdiyini, sosial layihələrin icrasının bundan sonra da proritet olacağını diqqətə çatdırıb.
Sonda məzunlara diplomlar təqdim olunub və xatirə şəkili çəkdirilib.
Dövlət Miqrasiya Xidməti