Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır, bu istiqamətdə monitorinqlər aparılır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay aztəminatlı ailənin üzvü olan 8 qadının müvafiq peşə kurslarına cəlb edilməsi, 7 qadının işlə təmin olunması üçün məlumatları aidiyyəti orqanlara göndərilib. Özünüməşğulluğun təmin edilməsi məqsədilə sosial qayğıya ehtiyacı olan şəxslərin əl işlərinin satışı həyata keçirilib. Şərur rayonunun Siyaqut kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi ilə əlaqədar 1 ailəyə müvafiq köməklik göstərilib.
Fevral ayında elektron məlumat bankına 1847 uşaq haqqında fərdi məlumatlar daxil edilərək uşaqların sayı 25 min 187 olub. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı 5 uşaq məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilib, müvafiq kateqoriyadan olan 43 uşağa Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları tərəfindən “Keçinin qisası” tamaşası göstərilib.
Şahbuz rayonunda yerləşən məktəbəqədər, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı bu sahəyə məsul olan şəxslərin iştirakı ilə maarifləndirici seminar keçirilib.
“Muzey günləri” çərçivəsində komitənin əməkdaşları Heydər Əliyev Muzeyində olublar.
AZƏRTAC