Böyük Britaniyanın tanınmış “Independent” saytı koronavirusun ətraf mühitə və ekologiyaya təsiri barədə maraqlı məqalə dərc edib.
Dünya ölkələrində koronavirusa görə zavodlar və fabriklərin fəaliyyəti dayandırılıb, yollarda avtomobillər görünmür, sosial izolyasiyanı gücləndirmək məqsədilə iş yerləri də bağlanıb. Bu sosial izolyasiya tədbirləri artıq ətraf mühit üzərində öz təsirini göstərməyə başlamışdır. Çində nəqliyyat vasitələrindən, zavodlardan, elektrik stansiyalarından havaya buraxılan azot dioksid emissiyalarının miqdarı ölkənin bağlı şəhərlərində 40%-ə qədər azalmışdır.
Finlandiyada fəaliyyət göstərən Tədqiqat və Təmiz Hava Mərkəzinin bildirdiyinə görə, elektrik stansiyalarında kömür sərfiyyatı 36%-ə qədər azalmış və qoyulan məhdudiyyətlər enerji istifadəsində və karbon emissiyalarının miqdarında 25%-ə qədər azalmaya gətirib çıxarmışdır.
Avropa Kosmik Agentliyinin məlumatına əsasən, Kopernik Sentinel-5P peyki aşkar etmişdir ki, İtaliyanın şimal hissəsində azot dioksid emissiyalarının miqdarı fevral ayının ortalarından etibarən həftəlik təxminən 10%-ə qədər azalmışdır. Peykin missiya meneceri Klaus Zehner bildirmişdir ki, azot dioksidin miqdarında azalma İtaliyanın şimal hissəsində daha çox müşahidə olunur. Onun fikrincə, İtaliyada hər yer bağlıdır, nəqliyyat və sənaye fəaliyyətləri daha azdır və bununla da emissiyaların miqdarında azalma baş vermişdir.
Birləşmiş Krallıqda da çirklənmənin səviyyəsi aşağı düşmüşdür. Azot dioksiddən əlavə, nəqliyyat vasitələrindən havaya buraxılan çirkli zərrəciklərin də miqdarı əhəmiyyətli dərəcədə azalmışdır.
Bütün bu mülahizələrə baxmayaraq, azalmaların müvəqqəti xarakter daşıdığını da iddia edənlər var. Esseks Universitetinin ətraf mühit elmləri üzrə professoru Yan Kolbek Independent-ə bildirmişdir ki, emissiyaların miqdarında azalma, böyük ehtimalla, müvəqqəti olacaqdır. “Böhran başa çatdıqdan qısa müddət sonra emissiyalar yenə olacaq. Pandemiyanın sonunda hökumət sənaye istehsalatını artırmaq məqsədilə stimullaşdırma layihələri təqdim edəndə, enerji və emissiyalar üzərində qısamüddətli təsir də getmiş olacaq. 2008-2009-cu illərdə dünya maliyyə böhranının ardınca belə stimullaşdırma layihələri nəticəsində karbon emissiyalarının miqdarı 5%-ə qədər artmışdı.”
Çoxsaylı ətraf mühit ekspertləri isə qeyd edir ki, pandemiya qlobal emissiyaların qarşısının alınması üçün görünməmiş imkanı özündə ehtiva edir.
London İmperiya Kollecində İqlim Dəyişikliyi üzrə Qrantam İnstitutunun həmdirektoru professor Martin Zigert Independent-ə bildirmişdir ki, Birləşmiş Krallıq hökuməti üçün yaxşı imkan yaranıb. Belə ki, o, şirkətləri az karbon biznes modelləri qəbul etməyə həvəsləndirməklə iqtisadiyyatı bir qədər fərqli istiqamətdə formalaşdıra bilər. Mühafizəkarlar hökuməti Birləşmiş Krallığı 2050-ci ilə qədər karbondan azad etməyə vəd verib.
“Biz hazırda ölkənin, demək olar ki, hər bir şirkətinə pul xərcləyirik. Biz nə etməliyik soruşulduqda isə belə cavab verilir: “Bu pul sizə veriləcək, lakin 2050-ci ilə kimi sıfır karbon gələcəyinə uyğunluğu təmin etməlisiniz”, – deyə professor Zigert qeyd etmişdir.
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Dr. Fatih Birol da xəbərdarlıq etmişdir ki, pandemiya təmiz enerjiyə keçid üçün göstərilən qlobal cəhdləri yubada bilər: “Biz bugünkü böhrana icazə verməməliyik ki, dünyanın üzləşdiyi bu qaçılmaz çağırışa qalib gəlmək üçün göstərdiyimiz cəhdləri zəiflətsin.”
Beynəlxalq Enerji Agentliyi belə təxmin edir ki, pandemiya səbəbindən dünya üzrə neftə olan tələbat 2020-ci ildə kəskin şəkildə azalacaq. Dr. Birolun sözlərinə görə, neft bazarında kəskin azalma enerji səmərəliliyi siyasətləri üçün stimulu azaltmaqla təmiz enerjiyə keçidləri zəiflədə bilər.
“Hökumətlər hazırki vəziyyətdən istifadə edərək, iqlim ambisiyalarını artıra və təmiz enerji texnologiyalarına əsaslanan dayanıqlı stimullaşdırma layihələri təqdim edə bilər. Tragediyanın təmiz enerji keçidlərinə mane olmasına icazə verməklə onun mənfi cəhətlərini önə çıxarmaq əvəzinə, bu keçidlərin sürətlənməsinə yardım etmək üçün imkanları gözdən qaçırmamalıyıq”, Dr. Birol qeyd etmişdir.