Vışeqrad Qrupu ölkələrinin Xarici İşlər nazirlərinin Şərq Tərəfdaşlığı üzrə videokonfransı keçirilib

Aprelin 8-də Vışeqrad Qrupu (V4) ölkələrinin Xarici İşlər nazirlərinin Şərq Tərəfdaşlığı ölkələri üzrə videokonfransı keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Vışeqrad Qrupuna sədrlik edən Çex Respublikası tərəfindən təşkil olunan videokonfrans V4 üzvlərinin Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələri ilə əvvəlcədən planlaşdırılan, lakin COVID-19 pandemiyasına görə ləğv olunan görüşünü əvəz edib.

Videokonfrans nəticəsində Vışeqrad Dördlüyü Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı birgə bəyannamə qəbul edib. Bəyannamədə Şərq Tərəfdaşlığının Aİ-nin xarici fəaliyyətində yüksək prioritet təşkil etməsi və strateji əhəmiyyətini qoruyub saxlamasının vacibliyi qeyd edilir, burada Aİ-nin Şərq tərəfdaşlarına münasibətdə siyasəti ilə bağlı müddəalara yer ayrılır. Həmçinin bu siyasətin Şərq Tərəfdaşlığının əsasını və bölüşülən dəyərləri əks etdirməsi, habelə onun inklüziv olması və tərəfdaş ölkələrin seçiminin dəstəklənməsi, bu ölkələrin istək və öhdəliklərinə uyğun olaraq fərqləndirilməsinin önəmi diqqətə çatdırılır.

Bəyannamədə Vışeqrad Dördlüyünün bütün tərəfdaş ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyi ifadə olunur. Habelə Şərq Tərəfdaşlığı ölkələri ərazisindəki həll olunmamış münaqişələrin BMT Nizamnaməsi və Helsinki Yekun Aktında əks edildiyi kimi, beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həllinin vacibliyi vurğulanır.

Xatırladaq ki, Helsinki Yekun Aktında əks olunan 10 prinsip arasında yer alan “xalqların bərabər hüquqları və öz müqəddəratı” prinsipi bu şəkildə ifadə olunur: “Dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi hüququna hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsipləri, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq hörmət etməlidir”.

V4 ölkələri Şərq Tərəfdaşlığının 2020-ci ildən sonra da inkişafını və dəstəklənməsini davam etdirəcəklərini bəyan ediblər.

AZƏRTAC