Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun alimləri onlayn rejimdə öz elmi tədqiqatlarını davam etdirirlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “1918-1921-ci illərdə Qafqazda mövcud olan dövlət qurumlarının tarixi”, “Azərbaycanın siyasi sürgün tarixi (1920-1950-ci illər)” və “Dərbənd tarixi: ən qədim zamanlardan günümüzədək” kitabları üzərində iş gedir.
Tarixçi alimlər İradə Bağırova “Ermənistan (Ararat) Respublikası və onun Azərbaycanla münasibətləri”, İkram Ağasiyev “Denikin təhlükəsinə qarşı mübarizədə Azərbaycan Xalq Cümhuriyyətinin Şimali Qafqaz respublikaları ilə əməkdaşlığı (1918-1920)”, “Azərbaycan Xalq Cümhuriyyətinin Dağlı Respublikası ilə əlaqələri (1918-1919)” və “XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Dərbəndin sosial-iqtisadi həyatı”, Kərim Şükürov “Azərbaycan əhalisi Stalin dövründə”, “Azərbaycanda siyasi sürgünlərin sayı, dinamikası və sürgün coğrafiyası” və “Siyasi sürgünlərin regional xarakteristikası” mövzularında tədqiqat aparırlar.
Alimlər İlqar Niftəliyev “Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğalı ərəfəsində Böyük Britaniyanın siyasəti” və “Azərbaycanın İkinci Dünya müharibəsində iştirakının bəzi məsələlərinə yeni baxış” və Lamiyə Qafarzadə “İngiltərə-Səfəvi münasibətləri ingilisdilli tarixşünaslıqda” mövzularını araşdırırlar.
Tarix İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lamiyə Qafar-zadə Avropanın görkəmli alimləri Edmund Hertsiq, Peter Qud, Cerri Brotton, Kuroş Meşkat, Elio Brankaforte və başqaları ilə elektron poçt vasitəsilə əlaqə yaradıb və onlarla fikir mübadiləsi aparıb. O, həmçinin Cerri Brottonun monoqrafiya və məqalələrini təhlil edib.
AZƏRTAC