ABŞ 50 min mühaciri Meksikaya geri göndərə bilər

ABŞ-da sığınacaq almağa ümid edən 50 min mühacir bir neçə ay ərzində Meksika ərazisinə qaytarıla bilər.

AZƏRTAC “El Universal” qəzetinə istinadla xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin daxili işlər nazirinin miqrasiya və insan haqları məsələləri üzrə müavini Alehandro Ensinas bildirib.

Mexiko və Vaşinqton arasında ötən həftə əldə olunan razılaşmaya əsasən, ABŞ qanunsuz mühacirlərin sənədlərini yoxlayana qədər onlar Meksikada qalacaq. Daxili işlər nazirinin müavini deyib ki, Meksikanın özündə də sığınacaq almaq üçün rekord sayda müraciət qeydə alınıb.

Xatırladaq ki, iyunun 7-də Vaşinqtonla əldə edilən sazişə əsasən, Meksika ABŞ-a qanunsuz mühacir axınının qarşısını almaq üçün tədbirlər görməlidir. Respublika hakimiyyəti bu məqsədlə Milli Qvardiya hissələrini cənub sərhədində yerləşdirməli, həmçinin insan alveri ilə məşğul olan təşkilatlara qarşı mübarizə aparmalıdır.

AZƏRTAC