“ABŞ-ın təhlükəsizliyini hərbi təyyarələr, gəmilər, tanklar təmin edəcək…”…
“ABŞ-ın təhlükəsizliyini hərbi təyyarələr, gəmilər, tanklar təmin edəcək…”.
Pentaqon silahlı qüvvələrin və onların maliyyələşdirilmələrinin ixtisarına baxmayaraq, bütün dünyada hərbi qüvvələrini gücləndirərək, müttəfiqləri ilə müdafiə sahəsində əməkdaşlığını fəallaşdırmaq fikrindədir.
Oxu.Az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Çak Heygelin bu barədə verdiyi bəyanatından RİA Novosti yazıb.
“Bu gün Amerika hərbçiləri təxminən 100 ölkədə fəaliyyət göstərirlər, bu isə bütün dünyada 400 min adam deməkdir. Bizim layihənin büdcəsi və müdafiə strategiyası, hərbi qüvvələrin ixtisarının bizim sadəcə qarnizonlara qayıtmağımıza dəlalət etmədiyini açıq şəkildə göstərir. Biz müttəfiqlərin imkanlarını gücləndirməyə davam etməliyik, yeni alyanslar yaratmaqla yanaşı, köhnələri möhkəmləndirməliyik, təhlükəsizliyin bərabər təminatına sərmayə yatırmalıyıq”, – Heygel bunları beynəlxalq münasibətlər üzrə Çikaqo Müşavirəsində çıxış edərkən deyib.
Onun sözlərinə görə, hal-hazırda fokus Asiya-Sakit okean regionuna tərəf çevrilir, amma digər regionlar da vacibdir. Nazir Amerika hərbçilərinin Filippində, Avstraliyada, Sinqapurda, Yaponiyada və Cənubi Koreyada olduqlarını xatırlatdı.
ABŞ həm də yalnız NATO ilə deyil, eləcə də ACEAH və Fars körfəzi ərəb ölkələrinin əməkdaşlıq şurası çoxsahəli qurumlarla da qarşılıqlı fəaliyyətini gücləndirmək iqtidarındadır.