ABŞ-ın Arizona ştatının Senatı 20 Yanvar faciəsi ilə bağlı bəyanat vermişdir

ABŞ-ın Arizona ştatının Senatı 1990-cı il 20 Yanvar faciəsi zamanı Vidadi Üzeyir oğlu Məmmədovun şəhid olmasının 24-cü ildönümü ilə əlaqədar bəyanat vermişdir…

ABŞ-ın Arizona ştatının Senatı 1990-cı il 20 Yanvar faciəsi zamanı Vidadi Üzeyir oğlu Məmmədovun şəhid olmasının 24-cü ildönümü ilə əlaqədar bəyanat vermişdir.

Senatın sədri Əndi Biqs tərəfindən imzalanmış bəyanatın müəllifi təxsisatlar komitəsinin sədri Don Şuterdir.

Xatırladaq ki, senator Don Şuter 2013-cü ilin noyabrında Azərbaycana səfəri zamanı Şamaxı rayonunda V.Məmmədovun qardaşı ilə görüşmüş və 20 Yanvar faciəsi barədə ondan ətraflı məlumat almışdır.

Bəyanatda deyilir ki, 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycan xalqının azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya hücumu zamanı bu hərəkatda iştirak edən V.Məmmədov həlak olmuşdur. Qeyd edilir ki, digər qəhrəmanlar kimi, V.Məmmədov da öz həyatını azadlıq uğrunda qurban vermişdir.

Bəyanatda bildirilir ki, Arizona Senatı və Arizona ştatının əhalisi Azərbaycan xalqının azadlıq ideallarını bölüşür, öz həyatlarını qurban vermiş V.Məmmədov və digər azadlıqsevər vətənpərvərlərin xatirəsini hörmətlə anır.

 

AzərTAc.az