ABŞ-ın Arizona ştatının Senatı 1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhid olmuş Vidadi Üzeyir oğlu Məmmədovun vəfatının 24-cü ildönümü ilə əlaqədar bəyanat verib…
ABŞ-ın Arizona ştatının Senatı 1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhid olmuş Vidadi Üzeyir oğlu Məmmədovun vəfatının 24-cü ildönümü ilə əlaqədar bəyanat verib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, Senatın sədri Əndi Biqs tərəfindən imzalanmış bəyanatın müəllifi Senatın Təxsisatlar Komitəsinin sədri Don Şuterdir.
Qeyd edək ki, 2013-cü ilin noyabr ayında Azərbaycana etdiyi səfər çərçivəsində senator Don Şuter V.Məmmədovun qardaşı ilə Şamaxı şəhərində görüşüb və Qara Yanvar faciəsi barədə ondan ətraflı məlumat alıb.
Bəyanatda deyilir ki, Azərbaycanın müstəqillik hərəkatını boğmaq məqsədilə 1990-cı ilin 20 Yanvar tarixində sovet qoşunları Bakını işğal edərkən bu hərəkatda iştirak edən V.Məmmədov həlak olub.
Qeyd olunur ki, bir çox digər qəhrəmanlar kimi, V.Məmmədov da öz həyatını azadlıq uğrunda qurban verib: “Arizona Senatı və Arizona ştatının əhalisi Azərbaycan xalqının azadlıq ideallarını paylaşır və Vidadi Məmmədov, eləcə də Azərbaycanın digər azadlıqsevər vətənpərvərlərinin öz həyatları bahasına verdikləri qurbanları hörmətlə xatırlayır”.
Apa.az