ABŞ-ın Nyu Meksiko ştatının Senatı və Nümayəndələr Palatası Xocalı soyqırımına dair qətnamə qəbul edib…
ABŞ-ın Nyu Meksiko ştatının Senatı və Nümayəndələr Palatası Xocalı soyqırımına dair qətnamə qəbul edib. Trend-in Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yekdilliklə qəbul edilmiş qətnamədə 1988-ci ildən bəri Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi və 1992-ci ilin 25-26 fevral tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən 600-dən artıq azərbaycanlının, o cümlədən uşaq, qadın və yaşlıların xüsusi amansızlıqla qətlə yetirildiyi və 1200-dən artıq insanın əsir götürüldüyü qeyd olunur. Beynəlxalq təşkilatların hesabatlarında, ABŞ-ın və dünyanın bir sıra xəbər agentliklərində Xocalı soyqırımını işıqlandırıldığı, dünyanın müxtəlif dövlətləri tərəfindən soyqırımın pisləndiyi göstərilir.
Qətnamədə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin bu günə kimi davam etdiyi, Azərbaycan ərazilərinin 20 faizinin, o cümlədən Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğal olunduğu vurğulanır. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyən BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən müvafiq qətnamələrin qəbul edildiyi göstərilir.
/Trend/