AFFA-nın I vitse-prezidenti «Qarabağ»ın oyunu zamanı baş vermiş erməni təxribatına münasibət bildirib

«Ermənilərin “Qarabağ”ın oyunu zamanı növbəti təxribatı göstərir ki, onlar əllərinə düşən bütün fürsətlərdən yararlanmaq istəyirlər. Lakin onlar artıq bilməlidirlər ki, Azərbaycan çox dəyişib». 

«Report» xəbər verir ki, bunu AFFA-nın I vitse-prezidenti, deputat Rauf Əliyev deyib.

O qeyd edib ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, beynəlxalq nüfuza malik dövlətə çevrilib: «Artıq dünyanın hər yerində Qarabağın əzəli Azərbaycan torpaqları olması qəbul edilib. Təkcə Ermənistandan başqa. Bütün bu uğurlar dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunub. “Qarabağ” komandası dünyanın harasında çıxış edirsə-etsin, o, ilk növbədə, Azərbaycanı təmsil edir. Komandanın Çempionlar Liqasında, Avropa Liqasında uğurlu çıxışları Azərbaycanın təbliğində böyük rol oynayır. Bir daha “Qarabağ” komandasını bu qələbə münasibəti ilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram. Azərbaycan cəmiyyətini komandanı daim dəstəkləməyə çağrıram».

R.Əliyev «Qarabağ»ın oyunları zamanı ermənilərin təxribata əl atmasının da səbəbini açıqlayıb: «Onlar çox yaxşı bilirlər ki, «Qarabağ» hər yerdə Azərbaycanı təmsil edir, Qarabağ — Azərbaycan deməkdir. Bu səbəbdən, «Qarabağ»ın oyunları zamanı belə təxribatlar törədirlər. «Qarabağ» rəhbərliyi, “Qarabağ” ın azarkeşləri bu təxribata kəskin etirazlarını bildirərək matçı dayandırıblar. Sonra oyun davam edib. AFFA ermənilərin bu təxribatına görə UEFA-ya müraciət edib».

Qeyd edək ki, «Qarabağ» Avropa Liqasındakı növbəti oyununda Lüksenburqda “Düdelanj” komandası üzərində 4:1 hesablı qələbə qazanıb. Ermənilər matç zamanı növbəti təxribata əl ataraq dron vasitəsilə stadiona qondarma “Dağlıq Qarabağ Respublikası»nın «bayrağ»ını gətiriblər. Bundan sonra Ağdam təmsilçisinin üzvləri meydanı tərk ediblər. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib. AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib. 

Report