Almaniyadakı azərbaycanlılar Bielfeld şəhərində izdihamlı yürüş-mitinq keçiriblər

İslam Konfrans Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət ” kampaniyası çərçivəsində Almaniyanın Bilefeld şəhərində izdihamlı yürüş-mitinq keçirilib…

İslam Konfrans Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət ” kampaniyası çərçivəsində Almaniyanın Bilefeld şəhərində izdihamlı yürüş-mitinq keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyada Bilefeld, Hannover, Hamburq və digər şəhərlərdən gəlmiş 350-dən çox həmvətənimiz, türk diasporunun nümayəndələri, iş adamları, ictimai-siyasi xadimlər və almanlar iştirak ediblər.

Azərbaycanın dövlət himni ilə müşayiət olunan mitinqi Almaniyanın Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva açaraq XX əsrin ən dəhşətli faciəsi – Xocalı soyqırımı haqqında məlumat verib.

Hannover şəhərindəki “Xəzər ” Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyev Xocalı soyqırımının tanıdılması istiqamətində daha genişmiqyaslı işlərin görülməsinin vacibliyindən danışaraq həmyerlilərimizi bu işdə daha fəal olmağa çağırıb.

Daha sonra aksiyada iştirak edən Azərbaycan Milli Məclisinin deputatı, tarix elmləri doktoru Musa Qasımlı söz alaraq tədbirin təşkilatçılarına təşəkkür edib, soydaşlarımızın nümayiş etdirdiyi bu birlikdən duyğulu anlar yaşadığını dilə gətirib.

Mərkəzi meydanda baş tutan mitinqin ardınca iştirakçılar nizamlı şəkildə Bilefeld şəhərinin mərkəzi küçələrindən keçərək Xocalı faciəsinin soyqırım kimi dünya ictimaiyyəti tərəfindən tanınmasını və erməni qəsbkarların Qarabağı tərk etmələrini tələb ediblər.

Yürüş zamanı şəhər sakinlərinə soyqırıma dair vəsaitlər, broşürlər və digər məlumat kitabçaları paylanıb.

Yürüşdə Azərbaycan diasporunun fəal üzvləri səsgücləndiricilər vasitəsilə şəhər sakinlərinə və qonaqlarına Xocalı faciəsi haqqında məlumat verib, onları yürüşün məqsədi və mahiyyəti ilə tanış ediblər. Əllərində Xocalı dəhşətlərini əks etdirən fotoşəkillər, plakat və şüarlar, Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiya iştirakçıları “Qarabağa azadlıq “, “Xocalıya ədalət “, “Ermənistan qəsbkarları Azərbaycan ərazisindən rədd olsun ” və digər bu kimi şüarları alman və Azərbaycan dillərində səsləndiriblər.

Mitinq-yürüşün ardınca isə Bilefeld şəhərinin mərkəzi akt zallarının birində “Xocalı həqiqətləri ” adlı konfrans keçirilib.

Qeyd edək ki, mitinq-yürüşdə çox sayda türk cəmiyyətləri və təşkilatları, o cümlədən sədr Mehmet Ali Ölmez başda olmaqla Bilefeld Atatürkçü Düşüncə Dərnəyi, Bilefeld Azərbaycan-Türk məscidinin sədri Mehmet İrmaq, Bilefeld Ülkü Ocaqları başkanı Muhterem Öztürk, iğdırlı şair-yazıçı Nizamettin Onk iştirak ediblər. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət ” konsepsiyasını rəhbər tutan türk soydaşlarmız fəal iştirakları ilə tədbirin keçirilməsində Azərbaycan-Alman Dostluq Cəmiyyətinə dəstək olublar. Bundan savayı, türk iş adamları, Bilefeld “Deutsche Bank ” müəssisəsinin əməkdaşı Adem Yavuz Tumay, İsmail Nefis, Özər, İlhan və Murat Aslanlar, Gürsel Tumay, Yavuz Onk, Bilefeld mərkəzi klinikasının həkimi, Ruslan Ceferi, vəkil Özlem Tuncay və digərləri Xocalı yürüşünün keçirilməsində xüsusi fəallıq göstəriblər.

 

 

/Trend/