Hazırda Avropa Şurasının Nazirlər Komitəsində sədrlik edən Ermənistanın paytaxtı İrəvanda keçirilən AŞPA Bürosunun və Daimi Komitənin iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyannamə qəbul olunacaq…
Hazırda Avropa Şurasının Nazirlər Komitəsində sədrlik edən Ermənistanın paytaxtı İrəvanda keçirilən AŞPA Bürosunun və Daimi Komitənin iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyannamə qəbul olunacaq. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bəyannamə layihəsində deyilir ki, münaqişənin həlli üçün sülh yolların axtarışı Ermənistan və Azərbaycanın Avropa Şurasına üzv olarkən öz üzərinə götürdüyü öhdəliklərdən irəli gəlir.
“Bu kontekstdə AŞPA ATƏT-in Minsk Qrupu və “Madrid prinsipləri” üzərində aparılan danışıqlara tam dəstəyini bildirir. Assambleya ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həlli yolların axtarılmasının intensivləşməsi üçün Ermənistanı və Azərbaycanı Avropa Şurasının Nazirlər Komitəsində sədrliyin onlara verdiyi imkanlardan yararlanmağa çağırır. Bu, Avropa Şurasının Nazirlər Komitəsində Ermənistanın sədrliyi dövründə və sonradan Azərbaycanın həmin qurumdakı sədrliyi müddətində prioritet məsələ olmalıdır”.
Bəyannamə layihəsində qeyd olunur ki, AŞPA öz növbəsində parlament diplomatiyası çərçivəsində iki ölkənin parlamentarları arasında etimad mühitinin yaranması və dialoqun asanlaşdırılması üçün əlindən gələni etməyə hazırdır.
/APA/