ATƏT-in Minsk Qrupunun həmsədri: “Dağlıq Qarabağ münaqişəsində status-kvo vəziyyəti qəbul oluna bilməz”

“Azərbaycan 20 illik müstəqilliyi ərzində təhsil, həyat səviyyəsinin yüksəlməsi, qadın hüquqlarının müdafiəsi insan alverinə qarşı mübarizə sahəsində əhəmiyyətli uğurlar əldə edib”. APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in Minsk Qrupunun müvəqqəti həmsədri, ABŞ-ın ATƏT yanında missiyasının rəhbəri Yan Kelli ATƏT Daimi Şurasının toplantısında deyib…

“Azərbaycan 20 illik müstəqilliyi ərzində təhsil, həyat səviyyəsinin yüksəlməsi, qadın hüquqlarının müdafiəsi insan alverinə qarşı mübarizə sahəsində əhəmiyyətli uğurlar əldə edib”. APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in Minsk Qrupunun müvəqqəti həmsədri, ABŞ-ın ATƏT yanında missiyasının rəhbəri Yan Kelli ATƏT Daimi Şurasının toplantısında deyib.

Həmsədr Azərbaycanı Birləşmiş Ştatların mühüm tərəfdaşı adlandırıb: “Biz Azərbaycanı uğurlu, demokratik, çiçəklənən, təhlükəsiz və suveren ölkə kimi görmək istəyirik”.

Yan Kelli ABŞ-ın Azərbaycan hökumətinin bu il keçirilən etiraz aksiyalarına reaksiyasından, o cümlədən siyasi fəalların həbsi və istintaqa cəlb olunmasından, vətəndaş cəmiyyəti və siyasi partiyalara təzyiqindən, Açıq Fikir Universitetinin bağlanmasından narahatlıq keçirdiyini bildirib.

Çıxışında ATƏT-in Bakı Ofisinin statusu məsələsinə toxunan Yan Kelli bildirib ki, bu ofis Azərbaycanda islahatlar proqramının həyata keçirilməsinə əhəmiyyətli töhfə verib: “ABŞ indiki mandatın saxlanmasına və ATƏT-in Bakı Ofisinin fəaliyyətinə tam dəstək verdiyini bəyan edir. Ümidvarıq ki, Azərbaycan Ofisin yerlərdə etibarlı şəkildə təmsilçiliyini təmin etməkdə davam edəcək. Biz hökuməti israrla konstruktiv dialoqa başlamağa və bu məsələni ATƏT-in iş qrafikinə uyğun olaraq vaxtında həll etməyə çağırırıq”.

Yan Kelli qeyd edib ki, dondurulmuş münaqişələrin nizamlanması prosesinə dəstək daim ATƏT-in gündəmində qalmalıdır: “ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün tərəflərlə sıx əlaqədə işi davam etdirəcək. Status-kvo vəziyyəti qəbul oluna bilməz. Danışıqlarda tərəqqiyə nail olmaq vacibdir”.

/APA/