ATƏT nazirləri Azərbaycan və Ermənistan arasında ikitərəfli dialoqun yeni dinamikasını bəyəniblər

Dekabrın 6-da ATƏT-in Nazirlər Şurasının Kiyevdə keçirilən 20-ci iclasında bir sıra məsələlər üzrə nəticələr əldə olunub…

Dekabrın 6-da ATƏT-in Nazirlər Şurasının Kiyevdə keçirilən 20-ci iclasında bir sıra məsələlər üzrə nəticələr əldə olunub. Trend xəbər verir ki, bu barədə təşkilatın məlumatında deyilir. İclasda həlli uzadılmış münaqişələr, ATƏT-in energetika və ətraf mühit sahələri üzrə işinin gücləndirilməsi, transmilli təhdidlərlə mübarizədə səylərin artırılması, Romada qəbul olunmuş vicdan azadlığı haqqında saziş və ATƏT-in gələcək fəaliyyətinin əks olunduğu “Helsinki+40 ” prosesinin təsdiqlənməsi məsələləri üzrə nəticələr əldə olunub.

 

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara deyib: “Mən şadam ki, biz bir sıra vacib məsələlər üzrə konsensus əldə etdik. Biz bir daha “Helsinki+40 ” prosesinə dərin sadiqliyimizi təsdiq etdik və Helsinki Yekun Aktının 40-cı ildönümü ərəfəsində daha səmərəli və təsirli hədəflərə çatmaq üçün birgə işləməkdə davam edəcəyik “.

 

Nazirlər, həmçinin Azərbaycan və Ermənistan arasında ən yüksək səviyyəli ikitərəfli dialoqda yeni dinamikanı bəyəniblər.

 

ATƏT nazirləri informasiya və kommunikasiya texnologiyalarından istifadə ilə bağlı yaranacaq münaqişə risklərinin azaldılması üçün etimadın möhkəmləndirilməsi üzrə tədbirləri alqışlayıblar. /Trend/