“Hər gün dünya ölkələrində koronavirusla bağlı çoxlu informasiyalar yayılır. Amma çox təəssüf ki, bizim əhali elə bil nəyəsə arxayındır”
Bunu “Sherg.az”a açıqlamasında AVCİYA-nın eksperti, tarixçi-alim Məhərrəm Zülfüqarlı deyib.
Ekspert bildirib ki, təəssüflə bildirib ki, ictimaiyyətdə pandemiya təhlükəsinə biganə yanaşanlar, ciddiyə almayanlar var:
“Mən bu gün 3 saatlıq icazə ilə mağazaya ərzaq almağa getmişdim. Nə satıcı, nə də alış-veriş edənlər maska taxırdılar. Heç bir gigiyenik qaydaya əməl olunmurdu, məsafə saxlanılmırdı. Yəni insanlarda qəribə bir arxayınçılıq var. Bilmirsən, dövlətə çox inanırlar, yoxsa özlərinə. Ya da sovet vaxtı bir çox xəstəliyə qarşı peyvənd olunduqları üçün bu qədər rahatdırlar. Əhalidə çox güclü inam var ki, onlar heç vaxt xəstələnməyəcək. Əslində, psixoloji cəhətdən bu cür inam yaxşıdır. Hədsiz qorxunun da fəsadları var. Amma bu dərəcədə laqeydlik olmaz. Tövsiyyə edirəm ki, insanlar mümkün qədər ehtiyatlı olsunlar. Yoluxma hallarının gündən-günə azalması o demək deyil ki, virus artıq yoxdur. Nəzərə alsınlar bu xəstəlik sadəcə özlərinə ziyan verməyəcək, bir insanın yoluxması digərlərini də təhlükə altında qoyur. Ona görə də sizin vasitənizlə əhaliyə çağırış edirəm ki, ehtiyatı əldən qoymaq olmaz. “Ehtiyat igidin yaraşığıdır”. “Ehtiyatlı igidin anası ağlamaz deyiblər”. Biz də istəyirik ki, heç kimin anası ağlamasın. Xəstəlik tezliklə Azərbaycandan dəf olub getsin və biz də Çindəki kimi bayram edək. Ancaq hələ o həddə gəlib çatmamışıq. Hamının ehtiyatlı olmasına xüsusi ehtiyac var”.
Sherg.az