AVRONEST PA-nın həmsədri iclası yarlmçıq tərk edən azərbaycanlı deputata məktub göndərib

Məlum olduğu kimi noyabr ayının 2-də AVRONEST PA-nın Kiyevdə keçirilən Büro iclasında AVRONEST PA Büro üzvü və AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bəyanatla çıxış edərək Büro iclasını tərk etmişdi…

Məlum olduğu kimi noyabr ayının 2-də AVRONEST PA-nın Kiyevdə keçirilən Büro iclasında AVRONEST PA Büro üzvü və AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bəyanatla çıxış edərək Büro iclasını tərk etmişdi. Elxan Süleymanov öz bəyanatında Avropa Parlamentinin 23 oktyabr 2013-cü il tarixli qətnaməsində Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar qəbul edilmiş 32-ci bəndə etirazını bildirərək Azərbaycan tərəfinin AVRONEST PA ilə əməkdaşlığı hansı formatda davam etdirəcəyi barədə düşünmək məcburiyyətində qaldığını, həmçinin, Azərbaycan torpaqları işğaldan azad edilməyənədək işğalçı dövlət olan Ermənistanın AVRONEST PA-da ŞT komponenti tərəfindən həmsədrlik edəcəyi dövrdə Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırılacağını bildirmişdi.

 

Sonradan, noyabr ayının 4-də Büro iclasının stenoqramı ilə tanış olduqda məlum olmuşdu ki, AVRONEST PA Bürosunun Şərq Tərəfdaşı ölkələrinin dövlət başçılarının 28-29 noyabr tarixlərində Vilnüsdə keçiriləcək toplantısına ünvanlanmış ismarışın mətnində Ermənistan nümayəndə heyətinin üzvü Artak Zakaryanın təkidi ilə ŞT ölkələrinin ərazilərində mövcud olan münaqişələrlə bağlı müraciətdən “uzadılmış” ifadəsi çıxarılıb və bunun üçün AVRONEST PA-nın üçüncü sessiyası zamanı qəbul edilmiş 28 may 2013-cü il tarixli qətnamənin mətnindən həmin ifadənin silinməsi səbəb olaraq göstərilib. Bu səbəbdən də Elxan Süleymanov dərhal Azərbaycan nümayəndə heyəti adından AVRONEST PA-nın həmsədrləri Yevgeni Kirilova və Boris Tarasyuka, eyni zamanda AVRONEST PA Büro üzvlərinə məktubla müraciət edərək ŞT ölkələrinin ərazilərində mövcud olan münaqişələrlə bağlı “uzadılmış” ifadəsinin ŞT sammitinə ismarışın mətnindən çıxarılmasına qəti etirazını bildirib. Azərbaycanlı deputat Avropa Parlamentinin prezidenti Martin Şultsa da analoji məzmunlu məktub göndərib.

 

ŞT ölkələrinin Vilnüs sammiti ərəfəsində məsələnin aktuallığını nəzərə alaraq AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovla əlaqə saxladıq və millət vəkili bildirdi ki, noyabr ayının 25-də AVRONEST PA-nın həmsədri Yevgeni Kirilov bu məsələ ilə əlaqədar ona məktub ünvanlayıb.

 

“Hörmətli cənab Süleymanov,

Sizi bir daha inandırmaq istərdim ki, “uzadılan münaqişələr” ifadəsinin AVRONEST PA-nın Vilnüs Sammitindəki ismarışında əks olunmadığına baxmayaraq, ümumiyyətlə “münaqişələr” sözünə bütün növ münaqişələr daxildir – uzadılan münaqişələr isə bunlardan biridir.

Bundan başqa, Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsinin may ayında bütöv Assambleya tərəfindən qəbul olunmuş Şərqi Avropa tərəfdaş ölkələrində regionun təhlükəsizlik problemlərinə dair Qətnaməsi qəbul olunmuş ismarışa nisbətən daha böyük hüquqi əhəmiyyətə malikdir.

Bizim əməkdaşlığımızın Sizin tərəfinizdən müvəqqəti olaraq dondurulmasına səbəb olan digər məsələlərlə bağlı, Sizi məlumatlandırmaq istərdim ki, ötən həftə mən Avropa Parlamentinin Prezidenti cənab Martin Şults ilə görüşdüm və o, Vilnüs Sammiti ərəfəsində Prezident Əliyev ilə görüşə təşəbbüs etmişdir, inanıram ki, bu görüş daha yaxşı anlaşmaya stimul yaradacaq.

Sizə bildirmək istərdim ki, mən bizim aramızdakı dialoqu və AVRONEST PA çərçivəsindəki əməkdaşlığımızı davam etdirməyə və qarşılıqlı narahatçılıq doğuran məsələləri ünvanlamağın və həll etməyin yollarını tapmağa hazıram. Ümidvaram ki, Sizin nümayəndə heyəti belə bir yenidən başlama cəhdini müsbət qarşılayacaqdır.

 

Dərin hörmətlə,

Yevgeni Kirilov, AP deputatı “

 

Elxan Süleymanov öz bəyanatında Azərbaycan torpaqları işğaldan azad edilməyənədək işğalçı dövlət olan Ermənistanın AVRONEST PA-da ŞT komponenti tərəfindən həmsədrlik edəcəyi dövrdə Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırılacağı barədə səsləndirdiyi fikirlərə də aydınlıq gətirdi. O, bildirdi ki, hələ bir il əvvəl Azərbaycan tərəfi bu məsələ ilə bağlı təklif irəli sürmüşdü. Həmin təklifdə Azərbaycan torpaqları işğaldan azad edilmədiyi və sülh sazişinin imzalanmadığı bir şəraitdə Azərbaycan və Ermənistan nümayəndələrinin ŞT komponenti tərəfindən həmsədr kimi fəaliyyət göstərməsinin məqsədəuyğun hesab edilmədiyi bildirilmişdi. Azərbaycan tərəfi bu ilin sentyabr ayında yenidən AVRONEST PA həmsədrlərinə müraciət edərək, həmsədrliklə bağlı təklifini bir daha təkrar etmiş və Azərbaycan tərəfinin təklifi qəbul edilməyəcəyi təqdirdə Ermənistanın AVRONEST PA-da həmsədrliyi müddətində Azərbaycanın qurumda öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalacağını bildirmişdi.

 

Elxan Süleymanov məlumat verdi ki, o, bu məsələni 2 noyabrda Kiyevdə AVRONEST PA-nın Büro iclasından əvvəl qurumun həmsədri Boris Tarasyukla müzakirə edib və Azərbaycan tərəfinin mövqeyini bir daha diqqətə çatdırıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirdi ki, onda olan məlumata görə artıq Şərq Tərəfdaşı ölkələri arasında AVRONEST PA-da həmsədrliklə bağlı razılıq əldə edilib və həmin razılığa əsasən Azərbaycan torpaqları işğaldan azad edilməyənədək quruma ŞT komponentindən Ermənistan və Azərbaycanın həmsədrlik etməsi məqsədəuyğun deyil və həmsədrliyi növbə ilə Gürcüstan, Moldova və Ukrayna həyata keçirəcək. Növbəti sədrliyə real namizəd Gürcüstandır. Elxan Süleymanov sonda onu da vurğuladı ki, ŞT komponentinin həmsədrliklə bağlı əldə etdiyi bu razılığın AVRONEST PA-nın növbəti Büro iclasında təsdiqlənməsi nəzərdə tutulub.

 

Modern.az