Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi artıb

Ölkəmizdə 50-dən çox Avstriya şirkəti fəaliyyət göstərir…

Ölkəmizdə 50-dən çox Avstriya şirkəti fəaliyyət göstərir.

Aprelin 2-də İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Avstriya Milli Şurasının ikinci prezidenti Karlheinz Kopfun rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

Oxu.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Avstriya arasındakı mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Qeyd edilib ki, iki ölkə arasında möhkəm hüquqi baza yaradılıb.

Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanan 50-dən çox Avstriya şirkəti iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.

2013-cü ildə Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi 85%-ə yaxın artıb.

Avstriya Milli Şurasının ikinci prezidenti Karlheinz Kopf ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

Azərbaycanın qazandığı nailiyyətləri yüksək qiymətləndirən cənab Kopf Avstriyanın ölkəmizlə əlaqələrinin inkişafında maraqlı olduğunu bildirib.

Görüşdə iştirak edən Avstriya şirkətləri fəaliyyətləri barədə məlumat veriblər.

www.oxu.az