Azərbaycan və Macarıstan arasında 8 sənəd imzalanıb – YENİLƏNİB

İlham Əliyev və Viktor Orban görüşdülər…

İlham Əliyev və Viktor Orban görüşdülər.

Noyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyev və Macarıstanın baş naziri Viktor Orbanın geniş tərkibdə görüşündən sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, prezident İlham Əliyev və Macarıstanın baş naziri Viktor Orban “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzalayıblar.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstanın iqtisadi tənzimləmələr üzrə dövlət katibi Bela Qlatfelder “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Budapeşt şəhərinin meri İştvan Tarloş “Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) ilə Budapeşt Şəhər Meriyası (Macarıstan) arasında dostluq və əməkdaşlıq haqqında Protokol”u imzalayıblar.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Macarıstanın qida məhsullarına nəzarət üzrə dövlət naziri Robert Şiqo “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Macarıstanın milli inkişaf naziri Miklos Şestak “Azərbaycan Respublikasının Hökuməti ilə Macarıstan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i imzalayıblar.

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Macarıstanın milli inkişaf naziri Miklos Şestak “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycan Respublikasında Regional Məlumat Mərkəzinin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı”nı imzalayıblar.

Daha sonra Macarıstanın baş naziri Viktor Orban və Azərbaycan prezidenti İlham Əliyev mətbuat üçün birgə bəyanatla çıxış ediblər.

Macarıstanın Baş naziri Viktor Orbanın bəyanatı  

 – Xanımlar və cənablar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi böyük səmimiyyətlə salamlamaq istəyirəm. Gördüyünüz kimi, biz bir sıra mühüm strateji sənədləri imzaladıq. Aydındır ki, bu sazişlər həm Macarıstanın, həm də Azərbaycanın maraqlarına xidmət edir. Eyni zamanda, imzalanmış bu sənədlər Avropa İttifaqının da maraqlarına uyğundur. Çünki 1996-cı ildən etibarən Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq sazişləri imzalanmışdır. Daha sonra bu sazişlər bir neçə dövlət tərəfindən ikitərəfli əsasda yenilənmişdir. Bunların sayəsində Azərbaycan ilə çox uğurlu əməkdaşlıq həyata keçirilir. Çox şadam ki, Macarıstan da həmin Avropa İttifaqı dövlətlərinin sırasındadır və ölkələrimiz arasında uğurlu əməkdaşlıq davam edir. Xanımlar və cənablar, ölkələrimiz arasında bənzərliklər çoxdur. Biz Azərbaycanı çox dəyərli bir tərəfdaş kimi qiymətləndiririk. Çünki Azərbaycan Avropa və Asiya arasında böyük bir körpüdür.

Azərbaycan enerji resurslarından səmərəli istifadə yolu ilə iqtisadiyyatının digər sahələrini də uğurla inkişaf etdirərək dünya liderinə çevrilmiş bir ölkədir. Burada Azərbaycanı ona görə vurğulamaq istərdim ki, ölkənin Prezidenti böyük işlər görüb. Eyni zamanda, cənab Prezidentin mərhum atası da dövlətçiliyin gücləndirilməsində böyük işlər görüb. Azərbaycana səfər edən hər bir insan bunun şahidi olur. Onun xatirəsinə böyük və dərin ehtiramımız vardır. Cənab Prezident, ölkələrimiz arasında imzalanmış sənədlər iqtisadi inkişaf baxımından çox gözəl şərait yaradır. Bu gün mən onu qeyd edə bilərəm ki, bu il Macarıstanda iqtisadi artımı üç faiz təşkil edir. Təbii ki, Azərbaycan dövlətinin başçısının yanında bu rəqəmlərlə öyünmək bir az çətindir. Biz belə bir razılığa gəldik ki, hər iki ölkə dinamik şəkildə inkişaf edir və qarşılıqlı tələbatı nəzərə alaraq müxtəlif sahələri daha da inkişaf etdirə biləcəyik. Ticarət dövriyyəsi artmaqdadır. Amma qeyd etmək istərdim ki, potensialımız daha böyükdür. Bu gün imzaladığımız sənəd bizdə böyük ümid doğurur ki, gələcək illərdə də əməkdaşlığımıza çox güclü bir təkan veriləcəkdir.

Mən cənab Prezidentə təşəkkürümü bildirmək istərdim ki, Macarıstana özü ilə işgüzar dairələrin nümayəndələrindən ibarət böyük bir nümayəndə heyəti gətirib. Bizim xüsusi əhəmiyyət verdiyimiz sahələrdən biri enerjidir. Bu, hazırda dünya siyasətinin prioritet məsələlərindən biridir. Bu sahədə bir çox müzakirələr aparılır, amma zənnimcə, konkret işlər görən ölkələr azdır. Bu sahədə Azərbaycan nümunə ola bilər. Mən cənab Prezidentə bir daha dedim ki, ölkə üçün bizim prioritetimiz enerjinin qiymətini ABŞ səviyyəsinə çatdırmaqdan ibarətdir. Bunun üçün isə bizim tərəfdaşlara ehtiyacımız var və burada Azərbaycan müstəsna rol oynaya bilər. Bu, bizim strateji maraqlarımıza uyğundur. Bu, təkcə Macarıstan üçün deyil, Avropa İttifaqı üçün çox vacibdir ki, Azərbaycan qazı Avropaya nəql edilsin. Hazırda imzalanan sazişlər nəticəsində Azərbaycan qazı Cənubi Avropaya nəql ediləcəkdir. Növbəti illərdə isə müvafiq infrastruktur yaradılmalıdır ki, Azərbaycan qazı Mərkəzi Avropaya yol tapsın. Bunun üçün qonşu dövlətlər öz aralarında əlaqələndirici kəmərlər inşa etməlidirlər. Bu sahədə Avropa İttifaqı olduqca az iş görüb. Amma biz nümunəvi ölkə olmalıyıq və qonşu ölkələrdən qaz ala biləcəyimizi nümayiş etdirməliyik. Bunun üçün isə biz bütün imkanlardan və fürsətlərdən istifadə edəcəyik.

Diqqətinizə çatdırmaq istərdim ki, bu regionda heç də bütün dövlətlər bizim kimi düşünmür. Bizim bir neçə qonşumuz var ki, hələ də bu sahədə müvafiq şərait və imkanlar yarada bilməyib. Bunu etmədən biz Azərbaycan qazını Macarıstana nəql edə bilməyəcəyik. Ona görə də bu fürsətdən istifadə edərək qonşu dövlətlərə səslənirəm və Avropa İttifaqındakı tərəfdaşlarımızı dəvət edirəm ki, vahid enerji bazarının yaradılması üçün zəruri addımlar atsınlar. Xanımlar və cənablar, burada ikinci məsələ isə insan amilidir. Bizim əməkdaşlığımızın tərkib hissələrindən biri də təhsil sahəsidir.

Biz müvafiq sənəd imzaladıq və bunun sayəsində 200 azərbaycanlı tələbə Macarıstanda təhsil alacaqdır. Biz paytaxtlar arasında da əməkdaşlığı təşviq etmək əzmindəyik. Bu gün bizim çox ümidverici müzakirələrimiz oldu. Əminəm ki, vahid məqsədləri vurğulamış olduq. Bizim məqsədlərimizin biri isə Macarıstan universitetlərindən birinin fakültəsinin Azərbaycanda açılmasıdır. Bizim ali təhsil ocaqlarımız bu işdə azərbaycanlı həmkarları ilə çalışmağa hazırdır. Bir sıra digər sahələr də müəyyən etmişik. Hər iki hökumətin üzvlərinə müraciət edərək onları bu işdə əllərindən gələni əsirgəməməyə dəvət edirəm. Çünki biz iqtisadi və təhsil sahələrində bütün imkanlardan bəhrələnə bilsək, bir çox işləri görmüş olarıq. Cənab Prezident, bir daha Sizi Macarıstanda salamlayıram. 

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı   

– Hörmətli xanımlar və cənablar. Hörmətli Baş nazir, əziz dostlar. İlk növbədə, cənab Baş nazir, məni ölkənizə dəvət etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Dünən və bu gün keçirdiyimiz görüşlər, apardığımız fikir mübadiləsi bir daha onu göstərir ki, əlaqələrimiz, doğrudan da strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Eyni zamanda, bir daha qeyd etmək istəyirəm ki, Budapeştdə olmaq həmişə böyük sevincdir. Çünki Budapeşt dünyanın ən gözəl şəhərlərindən biridir.

Sizin rəhbərliyinizlə və Budapeşt sakinlərinin istəyi ilə şəhər, tarixi keçmişiniz qorunur, bütün tarixi binalar bərpa edilir və bu, haqlı olaraq Sizə, ölkənizə, xalqınıza bizim etimadımızı, inamımızı və hörmətimizi artırır. O ki qaldı bizim ikitərəfli münasibətlərimizə, biz bu əlaqələrin inkişafına böyük nikbinliklə baxırıq. Əminəm ki, gələcəkdə bu əlaqələr daha da sürətlə inkişaf edəcək. Bu gün imzalanan sazişlər də əslində bizim niyyətimizi göstərir. Onu göstərir ki, bizim əlaqələrimiz çoxşaxəlidir, müxtəlif sahələri – iqtisadi, siyasi, humanitar sahələri əhatə edir. Əlbəttə ki, bu sazişlərin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi yer tutur. Çünki bu, müfəssəl bir sənəddir, bizim gələcək illərdə birgə icra ediləcək layihələrimizin uğurla nəticələnəcəyini təmin edəcəkdir. Deyə bilərəm ki, strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında mümkün olan sazişlər üçün də gözəl zəmindir. Çünki bu sənəddə əməkdaşlığımızın bütün istiqamətləri öz əksini tapıb.

Əlbəttə, bu səviyyəyə çatmaq üçün siyasi əlaqələr prioritet xarakter daşıyır. Bu əlaqələr çox müsbətdir, gözəldir. Hörmətli cənab Baş nazir, Siz Azərbaycana iki dəfə səfər etmisiniz. Bu isə mənim Macarıstana üçüncü səfərimdir. Yəni, son bir neçə il ərzində bu qədər səfərlərin həyata keçirilməsi əlbəttə ki, əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda, bu gözəl siyasi əlaqələr iqtisadi sahəyə də müsbət təsir göstərir. Birgə hökumətlərarası komissiya uğurla fəaliyyət göstərir. Bu gün imzalanan sazişlər və biznes forum çərçivəsində imzalanacaq sazişlər əlbəttə ki, ticarət dövriyyəmizin artmasına gətirib çıxaracaq. Halbuki bu ilin nəticələrinə görə ticarət dövriyyəmiz bir neçə dəfə artmışdır. Biznes dairələrinin qarşılıqlı marağı kifayət qədər böyükdür. Əlbəttə ki, gələcək illərdə birgə həyata keçiriləcək layihələr ticarət dövriyyəmizin artmasına gətirib çıxaracaq. Qarşılıqlı sərmayə qoyuluşu, informasiya-kommunikasiya sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artması, əlbəttə, energetika sektorundakı əməkdaşlıq – bütün bunlar bizim üçün prioritetdir. Eyni zamanda, şadam ki, Macarıstan şirkətləri Azərbaycan bazarında daha da fəal iştirak edirlər. Onların müxtəlif layihələrdə – inşaat, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, su təchizatı və digər layihələrdə iştirakı gözlənilir.

Bizim gözəl əlaqələrimiz var və bu əlaqələr əlbəttə, biznes qurumlarının birgə fəaliyyətinə ancaq müsbət təsir göstərəcək. O ki qaldı enerji məsələlərinə, burada bizim əməkdaşlığımız üçün çox gözəl imkanlar var. Azərbaycan Avropa üçün yeni enerji mənbələrinin təmin edilməsində öz rolunu oynayır. Azərbaycan “Cənub” qaz dəhlizinin təşəbbüskarıdır. Şadam ki, “Cənub” qaz dəhlizi artıq icra edilir. İki ay bundan əvvəl Bakıda təntənəli mərasim keçirilmişdir və biz artıq yeni qaz kəmərinin tikintisinə başlayırıq. Əslində bu, Avropanın enerji xəritəsinə yeni əlavələr edəcək. Əslində bu, enerji xəritəsi dəyişdiriləcək və Azərbaycanın çox zəngin qaz resursları Avropa bazarına nəql ediləcəkdir. Bizim “Cənub” qaz dəhlizi ilə bağlı konkret iş qrafikimiz var. Əminəm ki, Azərbaycan qazı Avropaya vaxtında – 2018-2019-cu illərdə nəql ediləcəkdir. Burada əlbəttə, əlaqələndirmə işləri yüksək səviyyədə aparılmalıdır. Həm ikitərəfli formatda, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı məsələlər də öz həllini tapmalıdır. Çünki biz istəyirik ki, bu layihəni vaxtında icra edək. Çünki bu, həm bizə, həm də Avropaya lazımdır.

Bu, Avropa üçün yeni, alternativ bir qaz mənbəyi olacaqdır. Bizim üçün isə Avropa bazarı ən əlverişli bazardır. Yəni, burada bizim maraqlarımız birləşir. Eyni zamanda, tranzit, istehlakçı ölkələrin və Azərbaycanın maraqları da burada üst-üstə düşür. Biz yaxın vaxtlarda bu məsələ ilə bağlı Macarıstan-Azərbaycan ikitərəfli formatında danışıqlara başlamaq qərarına gəldik. Əminəm ki, bu danışıqların gözəl nəticələri olacaqdır. Çünki biz istəyirik ki, çox böyük qaz resurslarımız Avropa ölkələrinə maksimum dərəcədə nəql edilsin. Əlbəttə, burada böyük investisiyadan söhbət gedir. Bu investisiyanın böyük hissəsini Azərbaycan öz üzərinə götürüb. “Cənub” qaz dəhlizinin ilkin hesablamaları belədir ki, minimum 45 milyard dollar sərmayə qoyulmalıdır. Əlbəttə, bu gün dünyada və Avropada, bizim bölgədə davam edən iqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Bu şəraitdə bu qədər vəsaitin qoyulması əlbəttə, bizim ciddi niyyətimizi və siyasi iradəmizi əks etdirir. Əlbəttə, enerji məsələləri çox vacibdir. Ancaq humanitar sahə də çox böyük önəm daşıyır.

Fürsətdən istifadə edərək, cənab Baş nazir, Sizə minnətdaram ki, azərbaycanlı tələbələr üçün 200 təqaüd ayırmısınız. Macarıstan tərəfi bu təqaüdlərin təminatını təşkil edəcəkdir. Bu, bizə böyük dəstəkdir və bizə olan hörmətin əlamətidir. Eyni zamanda, azərbaycanlı tələbələr Macarıstanda oxuyarkən Sizin qədim tarixinizi daha da dərindən biləcəklər. Onlar bir növ Macarıstanın və Azərbaycanın səfirləri olacaqlar və öz gələcəklərini bundan sonra Macarıstanla bağlayacaqlar. Bu da insanlar arasındakı əlaqələrə çox müsbət təsir göstərir. Əlbəttə, biz çox istəyirik ki, Macarıstan ali məktəbləri Azərbaycanda filiallarını açsınlar. Bu məsələ də dünən və bu gün müzakirə edildi. Əminəm ki, biz birgə səylərlə buna da nail olacağıq. Digər məsələlər – turizm, aviareyslərin təşkili, bütün bunlar bizi daha da sıx birləşdirəcək. Ancaq bir daha demək istəyirəm ki, əlaqələrimizin təməlində güclü siyasi iradə var və hər iki tərəf bu iradəni göstərir. Əminəm ki, gələcəkdə biz daha da gözəl işlər görəcəyik. Fürsətdən istifadə edərək, cənab Baş nazir, Sizin üçün münasib olan vaxtda Sizi Azərbaycana dəvət edirəm ki, biz bu gözəl dialoqu davam etdirək. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.

Həmçinin noyabrın 11-də Budapeştdə Macarıstan-Azərbaycan biznes forumu keçirilib.

Forumun aparıcısı, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəmiz, onun yerləşdiyi coğrafi region barədə tədbir iştirakçılarına məlumat verdi, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf proseslərindən danışdı. O, son on ildə iqtisadi sahədə ölkəmizdə əldə olunan artım tempinin davam etdiyini və bunun da bir çox sahələrin inkişafına ciddi təkan verdiyini vurğuladı. Son illərdə Azərbaycan ilə Macarıstan arasında uğurlu siyasi-iqtisadi əməkdaşlığın yarandığını bildirən xarici işlər və ticarət naziri bu biznes forumun əhəmiyyətini vurğuladı, onun ikitərəfli əməkdaşlığa mühüm töhfə verəcəyini bildirdi. 

Biznes forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətindən danışdı. “Azərbaycan və Macarıstan strateji tərəfdaşlardır və bu, Avropa İttifaqı çərçivəsində də əməkdaşlıq baxımından əhəmiyyətlidir”, – deyən Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini, yüksək siyasi əlaqələrin biznes münasibətləri üçün də yaxşı şərait yaratdığını diqqətə çatdırdı. “Mən istəyirəm ki, macar iş adamları Azərbaycanda daha çox təmsil olunsunlar”, – deyən dövlətimizin başçısı macar şirkətləri ilə əsasən enerji, kənd təsərrüfatı, kosmos sənayesi və digər sahələrdə uğurlu əməkdaşlıq qurulacağına ümidvar olduğunu bildirdi. 

Prezident İlham Əliyev son illərdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə forum iştirakçılarına məlumat verdi. Bildirdi ki, təkcə ötən il Azərbaycana 28 milyard dollar investisiya qoyulub. Bu da ölkəmizdə əlverişli investisiya mühitinin olmasından xəbər verir. Prezident İlham Əliyev macar şirkətlərini “Cənub” qaz dəhlizi kimi iri layihələr reallaşdıran Azərbaycan ilə sıx əməkdaşlıq qurmağa çağırdı. 

Sonda dövlətimizin başçısı Macarıstanın yerləşdiyi regionda müstəqillik rəmzi olduğunu bildirdi və bu uğurlar münasibətilə təbriklərini çatdırdı. 

Macarıstanın Baş naziri Viktor Orban hazırda bütün bəşəriyyətin çətin dövr yaşadığını, dünyanın bir çox yerində münaqişələrin olduğunu vurğuladı, 2008-ci ildən hökm sürən iqtisadi böhranın Macarıstana təsirindən danışdı. Viktor Orban Azərbaycan ilə Macarıstan arasında biznes əlaqələrinə toxundu, ölkələrimizin əməkdaşlıq naminə birgə addımlamaqda qərarlı olduğunu bildirdi. Azərbaycanın dünyəvi dövlət olduğunu, həm ölkəmizdə, həm də Macarıstanda ənənəvi dəyərlərə böyük önəm verildiyini deyən Viktor Orban respublikamızın iqtisadi baxımdan böyük nailiyyətlər əldə etdiyini söylədi. “Azərbaycanın enerji resurslarından istifadə etməklə digər sahələrdə inkişafın təmin olunmasında böyük nailiyyətləri var”, – deyən Viktor Orban imzalanan sazişlərin əhəmiyyətini vurğuladı. O, “Cənub” qaz dəhlizinin inşasının önəmini qeyd etdi, Azərbaycan qazının Avropaya çatdırılmasının böyük əhəmiyyət daşıdığını dedi. “Azərbaycan bizim üçün dost ölkədir”, – deyən Macarıstanın Baş naziri Avropa İttifaqı və Avrozonanın gələcəyi ilə bağlı fikirlərini də bölüşdü. 

Forum çərçivəsində Azərbaycan və Macarıstan şirkətləri arasında ümumi əməkdaşlıq, məlumat mübadiləsi, tədbirlərin təşkilində qarşılıqlı dəstək, yeni müəssisələrin yaradılması, daşınmaz əmlakın inkişafı və idarə edilməsi, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən yeni və innovativ müəssisələrin inkişafına töhfə vermək məqsədilə investisiya imkanlarının yaradılmasına dəstəklə bağlı müxtəlif sənədlər imzalandı. İmzalanan sənədlərdə kənd təsərrüfatı, heyvandarlıq və ovçuluq, həmçinin nəqliyyat və su təchizatı ilə bağlı məsələlər də əksini tapdı.

18:40

Noyabrın 11-də Budapeştdə Azərbaycan prezidenti İlham Əliyevin və Macarıstanın baş naziri Viktor Orbanın geniş tərkibdə görüşü olub.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Macarıstanın baş naziri Azərbaycan prezidentini parlament binasının önündə qarşılayıb.

Macarıstan hökumətinin üzvləri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə baş nazir Viktor Orbana təqdim olunub.

Geniş tərkibdə görüşdə çıxış edən V. Orban prezident İ. Əliyevin səfərinin əhəmiyyətini yüksək qiymətləndirib, ölkənin parlamentində və ümumiyyətlə siyasi həyatında Azərbaycana böyük marağın olduğunu vurğulayıb.

“Bizim hər birimiz ölkənizdə əldə olunan tərəqqini böyük heyranlıqla izləyirik”, – deyən baş nazir Azərbaycanın iqtisadi tərəqqisinin, o cümlədən qeyri-neft sektorunun uğurlu inkişafının Macarıstanda maraqla izlənildiyini diqqətə çatdırıb. Macarıstanın baş naziri prezident İlham Əliyev dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafında rolunu vurğulayıb, əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.

Sonra prezident İlham Əliyev çıxış edib. Azərbaycan prezidenti deyib ki, ölkələr arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir və əlaqələr qarşılıqlı etimada söykənir.

Ölkələr arasında güclü siyasi əlaqələrin olduğunu deyən prezident İlham Əliyev iqtisadi sahədə də münasibətlərin uğurla inkişaf etdiyini, ticarət dövriyyəsinin artdığını və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin mövcudluğunu vurğulayıb. İmzalanacaq sənədlərin əhəmiyyətindən danışan dövlət başçısı onların ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yaxşı hüquqi baza yaratdığını bildirib.

Söhbət zamanı əlaqələrin yeni imkanlarının nəzərdən keçirilməsinin önəmi vurğulanıb, birgə hökumətlərarası komissiyanın fəaliyyətinin bu baxımdan əhəmiyyəti qeyd edilib.

Azərbaycanla Macarıstan arasında enerji, təhsil, humanitar, əczaçılıq, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivlərinin müəyyən edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq, regional və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 

17:45

Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı “Budapest Business Journal” yayıb.

Noyabrın 11-də Budapeştdə Macarıstanın baş naziri Viktor Orban və Azərbaycan Prezidenti İlham Əliyevin görüşü baş tutub.

Macarıstanın baş naziri V.Orban görüşdə bildirib ki, strateji tərəfdaşlıq haqqında bəyannamə Azərbaycan qazının Mərkəzi Avropaya nəqli baxımından həm Macarıstanın, həm də Avropanın maraqlarına cavab verir. 

Onun sözlərinə görə, mövcud müqavilələr Azərbaycan qazının Cənubi Avropaya nəqlinə zəmanət verir:

“Lakin qazın Mərkəzi Avropaya da çatdırılması üçün şərait olmalıdır”.

Orban Avropa İttifaqına üzv dövlətləri ümumi enerji bazarı yaratmağa və ilk addım kimi, Aİ dövlətlərinin qaz şəbəkələrini birləşdirməsinə çağırıb. 

 

 

/oxu.az/