Azərbaycanda “Elektron məhkəmə” sistemi yaradılacaq

Sistem hüquq və azadlıqlarının səmərəli müdafiəsini təmin edəcək…

Sistem hüquq və azadlıqlarının səmərəli müdafiəsini təmin edəcək.

 

Azərbaycan Prezidenti İlham Əliyev “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb.

 

Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, “Elektron məhkəməsi” informasiya sistemi Azərbaycanda müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edəcək.

 

Sərəncam ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, “Elektron məhkəmə” informasiya sisteminin təşkilini və fəaliyyətini birgə təmin etmək, “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarını müəyyən etmək tapşırılıb.

 

Eyni zamanda, Nazirlər Kabinetinə sərəncamda göstərilənlərə uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətini təmin etmək üçün qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

/oxu.az/