Azərbaycanda şəhid ailəsi haqsızlıqlarla üzləşib

“O, öz qanunsuz əməlindən əl çəkmək istəmir”…

“O, öz qanunsuz əməlindən əl çəkmək istəmir”.

Azərbaycanda şəhid ailəsi haqsızlıqlarla üzləşib.

Oxu.Az xəbər verir ki, Ağcabədi şəhəri, Əli Talıbov küçəsi. ev 77-də yaşayan Talıbova Xanım Muxtar qızı Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyevin şəhid ailəsinə etdiyi haqsızlıqlarla bağlı dövlət başçısına müraciət edib. 

Şikayətçi Oxu.Az-a bildirib ki, həyat yoldaşı Əli Talıbov Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

“Yaşadığımız küçə hazırda onun adını daşıyır. Çox təəssüflər olsun ki, vəzifəyə təsadüfi gəlmiş, öz vəzifə səlahiyyətləri və haramlıqla topladığı kapitalı hesabına, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev tutduğu mövqedən və şəxsi əlaqələrindən istifadə edərək, şəhidin adını daşıyan küçədə, həmin şəhidin ailəsinə məxsus, yoldaşımın şəhid olmazdan qabaq özünün bünövrəsini qoyduğu, həmçinin 29.10.1991-ci il tarixli Ağcabədi şəhər XDS icraiyyə komitəsinin sərəncamı ilə Ağcabədi rayon Kooperativ Cəmiyyətinin balansında olan, eyni zamanda bu günə qədər faktiki mənim istifadəmdə olmuş mağazanın tikintisi üçün ayrılmış və həmin mağazanın altında yerləşən torpaq sahəsinə pul gücünə 07.08.2012-ci il tarixdə saxta kadastr planı üzrə sənəd alıb.

Çoxsaylı müraciətlərim əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən araşdırma aparılaraq tam sübut olunub ki, həmin torpaq sahəsi heç zaman Ramiz Mehdiyevin qanuni istifadəsində və ya mülkiyyətində olmayıb. Həmin sənəd onun adına saxta yolla verilib və həmin saxta “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi üçün Komitə tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia da qaldırılıb. 

Artıq bu qanunsuzluq faktı öz təsdiqini tapsa da, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev öz qanunsuz əməlindən əl çəkmək istəmir.

Onun əməli qanunsuzluqdan çox, şəhid ailəsinə, onun ruhuna hörmətsizlikdir. Dəfələrlə DSMF-yə Ramiz Mehdiyevin qanunsuz əməlləri barədə müraciət etməyimə baxmayaraq onun barəsində heç bir araşdırma aparılmayıb”.

www.oxu.az