“Son 10 ildə Azərbaycan iqtisadiyyatın bir parametrlərinə görə dünya birliyində aparıcı yerlərə gəlib çıxır. İldən ilə öz reytinq səviyyəsini də yüksəldir “…
“Son 10 ildə Azərbaycan iqtisadiyyatın bir parametrlərinə görə dünya birliyində aparıcı yerlərə gəlib çıxır. İldən ilə öz reytinq səviyyəsini də yüksəldir “.
Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Musa Quliyev İqtisadi Azadlıq İndeksində Azərbaycan iqtisadiyyatının yüksək qiymətləndirilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Davos İqtisadi Forumunun müəyyən etdiyi reytinqdə Azərbaycan 200 ölkə arasında birinci əllilikdədir. Yəni 37-ci yerə gəlib çıxıb. O cümlədən biznesin inkişafına dəstək indeksinə görə, Azərbaycan birinci 100-lükdədir.
Gələcək illərdə də bu göstəricilərin daha da yaxşılaşacağını və Azərbaycanın daha da ön yerlərdə möhkəmlənəcəyini deyən M.Quliyev bildirir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət bunu deməyə əsas verir.
“Azərbaycanda gedən bütün iqtisadi siyasət, maliyyə prosesləri və bu proseslərdəki şəffaflıq, hüquqi bazanın ildən-ilə möhkəmlənməsi, ölkə prezidentinin liberallaşmaya ciddi dəstəyinin olması, sahibkarlığa kömək fondunun fəaliyyətinin ildən-ilə güclənməsi, sahibkarlara verilən dəstəyin artması, hüquqi şəxs kimi qeydiyyatdan keçmənin asanlaşması, vergi və gömrük prosedurlarının elektron sistemə keçirilməsi və ildən-ilə bunun artırılması və prosesin aşkarlıq şəraitində aparılması, eyni zamanda Azərbaycan dövlətinin korrupsiya və inhisarçılığa qarşı mübarizə aparması bu göstəriciləri daha da yaxşılaşdıracaq. Sahibkarlığın inkişafına dövlət dəstəyi bundan sonra da davam edəcək. Azərbaycanda demokratik dövlət quruluşu ildən-ilə möhkəmləndikcə, iqtisadiyyatda da bu özünü göstərir”, – millət vəkili vurğulayıb.
ABŞ-ın “Heritage ” Fondu və “Wall Street Journal ” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi – 2014 ” adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olub. Ötən illə müqayisədə Azərbaycan 6 pillə irəliləmiş və iqtisadi azadlıq indeksini 1,6 xal yaxşılaşıb. Buna səbəb kimi maliyyə idarəçiliyi və mülkiyyət hüququ məsələlərində irəliləyişlər əldə olunduğu göstərilir.
Hesabatda dövlət borcunun aşağı səviyyədə olduğu xüsusi vurğulanıb. Həmçinin, dövlət xərcləri, vergi, biznes, əmək, monetar, ticarət, investisiya, maliyyə azadlıqlarının vəziyyəti ilə bağlı olduqca pozitiv nəticələr nümayiş etdirildiyi qeyd olunub.
Azərbaycan 42 Asiya-Sakit Okean ölkəsi arasında 13-cü yeri tutmuşdur və onun orta xalı orta regional və qlobal göstəricilərdən daha yüksəkdir. Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə İtaliya, Xorvatiya, Serbiya, Yunanıstan, Hindistan, Rusiya, Ukrayna kimi ölkələri qabaqlayıb.
/milli.az/