Azərbaycanla Pakistan arasında 2014-cü il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb…
Azərbaycanla Pakistan arasında 2014-cü il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 10-11 fevral tarixlərində İslamabad şəhərində Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli 5-ci görüş keçirilib.
Pakistan nümayəndə heyətinə Birləşmiş Qərargahın Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor Mohammad Farrux Raşid, Azərbaycan nümayəndə heyətinə isə Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov rəhbərlik edib.
Görüş zamanı hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın gedişatı, o cümlədən 4-cü Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli görüşün qərarlarının icrası vəziyyəti və perspektiv əməkdaşlıq sahələri nəzərdən keçirilib, qəbul edilmiş qərarlar illik əməkdaşlıq planına daxil edilib.
Eyni zamanda, ölkələrimizin yerləşdiyi regionlardakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.
Müzakirələrin sonunda “Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli 5-ci görüşün Protokolu ” və “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında 2014-cü il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı ” imzalanıb.
Trend.az