“Milli Qəhrəmanlarımızın tanıdılması vətənpərvərlik sahəsində mühüm rol oynayır”…
“Milli Qəhrəmanlarımızın tanıdılması vətənpərvərlik sahəsində mühüm rol oynayır”.
Bundan sonra Azərbaycanın Milli Qəhrəmanlarının doğum və anım günləri geniş miqyasda və təntənəli şəkildə qeyd ediləcək.
Oxu.Az Live.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycanın Hərb Tarixi Muzeyinin (AHTM) rəisi, ehtiyatda olan polkovnik Rüfət Əmirov deyib.
AHTM rəisinin fikrincə, Milli Qəhrəmanlarımızın ictimaiyyətə geniş şəkildə tanıdılması çox ciddi məsələdir və hərbi vətənpərvərlik sahəsində mühüm rol oynayır. Ona görə də hər bir Azərbaycan vətəndaşı torpaqlarımızı azad etməyə həmişə hazır olmalı və Milli Qəhrəmanlarımızı buna nümunə kimi göstərməlidir:
“Biz hər il Şuşanın, Kəlbəcərin və başqa rayonların işğalı gününü qeyd edirik. Amma Milli Qəhrəmanlarımız bizə nümunə olmalıdır. Biz hər bir Milli Qəhrəmanın doğum və anım tədbirlərini qeyd edəcəyik. Bu gün şəhid Milli Qəhrəman Albert Aqarunovun anadan olmasının 45 illiyini qeyd etdik, mayın 21-də isə şəhid Milli Qəhrəman, polkovnik Şikar Şikarovun anadan olmasının 60 illiyini qeyd edəcəyik. Bu, yüksək səviyyədə olan bir başlanğıcdır. Qeyd edim ki, yalnız azərbaycanlı yox, Azərbaycanda yaşayan, onu sevən və Azərbaycan uğrunda şəhid olmuş, o cümlədən hazırda yaşayan Milli Qəhrəmanlarımızla bağlı əlamətdar günləri təkcə Bakıda yox, bütün respublika ərazisində təntənəli şəkildə mütləq qeyd edəcəyik”.
Polkovnik R.Əmirov əlavə edib ki, onlar bu işə dəstək verilməsi üçün dövlət qurumlarına müraciət edəcəklər:
“Biz hələlik bu işləri ictimai təşəbbüs əsasında həyata keçiririk. Lakin istərdik ki, bu məsələdə dövlətin də dəstəyini alaq. Ona görə də bununla bağlı müvafiq dövlət qurumlarına müraciət ünvanlanacaq”.
Qeyd edək ki, Bakının Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı A.Aqarunovun anadan olmasının 45 illiyi münasibətilə geniş tədbir keçirilib.(Trend)