Azərbaycan Rusiyaya etiraz edəcək

“Faktlara məqsədyönlü şəkildə yer verilməyib”…

“Faktlara məqsədyönlü şəkildə yer verilməyib”.

“Rusiyanın “5-ci kanal” adlanan televiziya kanalında yayımlanan, obyektivlikdən və vicdandan kənar olan və yalnız Ermənistan tərəfinin yalanlarına xidmət edən verilişdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində və Ermənistan ərazisində Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktlarına məqsədyönlü şəkildə yer verilməyib”.

Bunu Oxu.Az-a Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Rusiyanın “5-ci kanal”ında  20 yanvar faciəsi və Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edən proqrama münasibət bildirərkən deyib:

“Xocalı faciəsindən süjet göstərilsə də, verilişin müəllifi və kanalın redaksiyası özündə cəsarət və vicdan tapıb bunun Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədildiyini dilinə gətirməyib. 20 yanvar faciəsi isə məhv olmaqda olan imperiyanı qorumaq üçün sovet rejimi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətdir”.  

Hikmət Hacıyev bildirib ki, verilişin müəllifi Azərbaycan Respublikasının icazəsi olmadan işğal altındakı Azərbaycan ərazilərinə səfər edərək, Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” qanunu pozub. 

O əlavə edib ki, Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəlikləri tərəfindən məsələ ilə əlaqədar kanalın rəhbərliyinə Azərbaycan tərəfinin narazılığı çatdırılacaq və Rusiyanın müvafiq dövlət qurumlarına müraciət ediləcək.

www.oxu.az