“Take us to Azerbaijan”…
“Take us to Azerbaijan”.
Oxu.Az Bakıya aşiq olan və arzularının həyata keçməsini səbirsizliklə gözləyən, iki litvalı gözəl – Nelli və Melli ilə müsahibəni sizə təqdim edir. Məhəbbətləri o qədər böyükdür ki, onlar özlərinə azərbaycanlı soyadı seçiblər – Sabirovalar.
– Özünüz haqqında danışın…
– Biz Litvanın paytaxtı Vilnüsdə doğulmuşuq və orada yaşayırıq, milliyyətcə çoxlarının fikirləşdiyi kimi azərbaycanlı deyilik, litvalıyıq. Hal-hazırda oxuyuruq və Azərbaycanın Litvada təbliğatı ilə məşğul oluruq, Azərbaycanı çox sevirik, bu ölkənin mədəniyyəti ilə maraqlanırıq.
– Sizi Azərbaycanla nə bağlayır?
– Azərbaycanla bizi heç nə bağlamır, sadəcə bu ölkəni sevirik və onun bütün gözəlliklərini öz gözlərimizlə görmək istəyirik. Soyadına gəldikdə isə bu, bizim düşündüyümüz ləqəbdir.
– “Take us to Azerbaijan” aksiyanız barədə danışa bilərsiz? Bu aksiyanın məqsədi nədir?
– Biz bu yolla Azərbaycana səfər etmək arzumuzu bildirirdik.
– Siz heç bir zaman Azərbaycanda olmamısız. Bu ölkəyə maraq haradandır belə? O, sizə Litvadan necə görünür?
– Azərbaycana olan maraq hələ 2012-ci ildən yaranıb, Bakıda keçirilən “Eurovision” müsabiqəsindən sonra, əvvəlcə bu sadəcə maraq idi, sonra isə biz bu ölkəyə mütləq səfər etmək haqqında düşünməyə başladıq. Biz öncə Bakıya gəlməyi düşünürük, sonra isə bütün Azərbaycanda səyahət etmək istərdik.
– Azərbaycan və Litva arasında ümumi cəhətləri deyə bilərsiz?
– Azərbaycan və Litvanın taleyi eynidir: Bakıda 20 yanvarda baş verənlər Litvada 1991-ci ilin 13 yanvarında baş verib… Eləcə də Litva və Azərbaycan dövlət səviyyəsində çox gözəl münasibətlər qurublar.
– Sizin azərbaycanlı dostlarınız və ya tanışlarınız var? Siz bu adamlar haqqında nə deyə bilərsiz?
– Azərbaycanlılarla ünsiyyət qurarkən qız və ya oğlan olmasına baxmayaraq, hər bir insan haqqında müxtəlif fikir yaranır, hər millətin pisi və yaxşısı var.
– Azərbaycanı Litvada necə təbliğ edirsiz, bu istiqamətdə hansı tədbirləri görürsüz? Ölkəmiz haqqında litvalılara nə deyirsiz? Azərbaycan haqqında yetərincə məlumatları varmı?
– Bu yaxınlarda Litvanın məktəblərindən birində “Azərbaycan mədəniyyətini Litvada tanı” adı altında layihə keçirdik. Layihə oyundan başladı, bu oyun zamanı məktəblilər Azərbaycan haqqında suallara cavab verməli idilər, demək lazımdır ki, yaxşı cavab verirdilər, cavabların 90%-i doğru idi. Daha sonra biz Azərbaycanın ənənələri, mədəniyyəti, bayramları, mətbəxi haqqında danışdıq. Sonda isə Azərbaycan paxlavasını dadmağı təklif etdik.
– Siz Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə ilə görüşmüsüz. Bu gənc diplomat sizdə hansı təəssüratı yaratdı?
– Bu insandan təşəkkür sözləri eşitmək xoş idi. Bizim fikrimizcə, o, çox yaxşı insandır.
– Siz Azərbaycanın ən böyük problemi – Qarabağ münaqişəsi haqqında nə bilirsiz? Azərbaycana bu istiqamətdə necə yardım edirsiz? Siz erməni və Azərbaycan xalqına münaqişənin sona çatması üçün nə məsləhət görərdiniz?
– Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Erməni separatçıları tərəfindən 90-cı illərin əvvəllərində işğal edilib. Nəticədə milyondan çox insan qaçqın düşüb və on minlərlə yerli sakin həlak olub. Məsləhətə gəldikdə isə biz hesab edirik ki, müharibə istənilən halda xoşagəlməz haldır və ən yaxşısı münaqişənin sülh yolu ilə həll edilməsidir. Azərbaycan hakimiyyəti artıq 20 ildən artıqdır ki, bu münaqişəni sülh yolu ilə həll etməyə çalışır, amma səbrin də həddi var.
– Gələcək üçün nə planlarınız var?
– Əlbəttə, biz yeni layihələr etmək fikrindəyik, bir çox tədbirlərdə iştirak etmək istəyirik. Əsas plan Azərbaycana səfər etməkdir.
– Bildiyim qədər ailəli deyilsiz. Azərbaycanlı oğlanlar ilə ailə qurmaq istərdiz?
– Düşünürük ki, millətin fərqi yoxdur.
– Əgər sizə həmişəlik Azərbaycanda qalmaq şansı təklif edilsəydi, hansı şəhəri və ya regionu seçərdiniz?
– Bakı şəhərini.
– Azərbaycan musiqisi ilə maraqlanırsız?
– Tez-tez milli musiqi – muğama qulaq asırıq.
– Azərbaycan xalqına hansı mesajı gödərmək istərdiniz?
– Müxtəlif səbəblərdən Azərbaycanı tərk edən (təhsil, xaricdə iş) insanlara demək istərdik ki, öz Vətənlərini unutmasınlar, bu gözəl ölkənin mədəniyyətini xatırlasınlar. Azərbaycanı sevin, azərbaycanlılar.
/Oxu.az/