Azərbaycanda 52 şəhəri və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunur. Trend-in məlumatına görə, bunu “Azərsu ” ASC-nin sədri Qorxmaz Hüseynov fevralın 5-də Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı deyib…
Azərbaycanda 52 şəhəri və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunur. Trend-in məlumatına görə, bunu “Azərsu ” ASC-nin sədri Qorxmaz Hüseynov fevralın 5-də Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı deyib.
ASC sədri qeyd edib: “Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası ən ucqar kəndlər də daxil olmaqla, regionların sürətli inkişafına gətirib çıxarmışdır. Bu inkişaf infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı və kanalizasiya sahəsində də köklü dəyişikliklərə səbəb olmuşdur “.
Onun sözlərinə görə, 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində böyük işlər görülmüşdür. Dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunur. Həmin şəhərlərin 38-də tikinti işlərinə başlanılmış, 14-də isə layihə-smeta işləri başa çatdırılmışdır və tikintiyə hazırlıq görülür. Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşmış, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilmişdir. Nəticədə bu rayon mərkəzlərində yaşayan 330 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır ki, onların da 125 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.
Q.Hüseynov bildirib ki, regionlarda həyata keçirilən layihələr hazırlanarkən əhali artımı, sənayenin inkişafı, turizm potensialı, ekoloji tarazlıq və digər amillər əsas götürülmüşdür: “Cənab Prezident, Sizin tapşırıq və tövsiyələrinizə əsasən şəhərlərin su mənbələri seçilərkən, ehtiyatları bol olan və daha çox yaşayış məntəqələrini əhatə edəcək mənbələrə üstünlük verilmişdir. Layihələndirmələr zamanı yeni texnologiyaların tətbiqi, müasir idarəetmə üsullarından istifadə, suyun keyfiyyət göstəricilərinə tam nəzarət və kadr hazırlığı məsələləri də nəzərə alınmışdır. Proqramın icrası müddətində Bakı şəhəri və Abşeron yarımadasının su təminatında müstəsna əhəmiyyət daşıyan, memarı ulu öndərimiz Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri tikilərək istifadəyə verilmişdir. Bu kəmərin istifadəyə verilməsi ilə Bakı şəhərinin su təchizatında stabillik təmin edilmiş, fasiləsiz su alan əhalinin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Bunun nəticəsində Kür sutəmizləyici qurğularından Abşeron yarımadasına verilən suyun həcminin azaldılmasına və yaranan əlavə ehtiyatın su təchizatı zəif olan bölgələrə yönəldilməsinə imkan yaranmışdır. Beləliklə, 1970-ci illərdə ulu öndər Heydər Əliyevin kənd və qəsəbələrin mərkəzləşdirilmiş qaydada su təminatının həyata keçirilməsi üçün irəli sürdüyü qrup su kəmərləri ideyasının reallaşması mümkün olmuşdur. Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edilərək Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri layihələndirilmişdir “.
“Azərsu ” sədri deyib ki, Şirvan-Muğan qrup su kəməri Biləsuvar, Neftçala, Salyan, Şirvan və Hacıqabul şəhərlərinin, həmçinin magistral kəmər boyunca yerləşən 121 kəndin, ümumilikdə 470 min sakinin su təminatına öz töhfəsini verməkdədir. Qısa müddətdə Biləsuvar şəhərinə qədər 107 kilometr uzunluğunda kəmərin inşası başa çatdırılmış, Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinə içməli suyun verilməsinə başlanılmışdır. Neftçala və Salyan şəhərlərinə, eləcə də kəmər boyu yerləşən kəndlərə suyun verilməsi ilə bağlı işlər davam etdirilir.
Onun sözlərinə görə, Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edilməklə Saatlı və Sabirabad şəhərlərinin, həmçinin 36 kəndin su problemi də öz həllini tapacaqdır. Artıq Saatlı və Sabirabad şəhərlərini su ilə təmin edəcək uzunluğu 65 kilometr olan magistral kəmərin inşasına başlanılmışdır. Bu layihənin icrası nəticəsində Saatlı və Sabirabad rayonlarının ümumilikdə 100 mindən artıq sakini keyfiyyətli su ilə təmin ediləcəkdir.
Q.Hüseynov qeyd edib ki, regionlarda həyata keçirilən böyük layihələrdən biri Mərkəzi Aran bölgəsini əhatə edən, Girdimançayın yatağında yerləşən Külüllü su mənbəyi layihəsidir. Ucar, Zərdab, Kürdəmir, Ağsu şəhərlərini, həmçinin 67 kəndi əhatə edən layihə çərçivəsində məhsuldarlığı saniyədə 500 litr olan suqəbuledici qurğu tikilmiş, buradan Kürdəmir, Ucar, Zərdab və Ağsu şəhərlərinə ümumilikdə 170 kilometr uzunluğunda magistral kəmərlər çəkilmiş 4 şəhərin hər birinə içməli suyun verilməsi təmin edilmişdir. Bu layihə tam başa çatdıqdan sonra 170 mindən artıq əhali su ilə təmin ediləcəkdir.
ASC sədri bildirib ki, hazırda tikintisi davam edən Şəmkirçay su anbarı regionun böyük ehtiyata malik etibarlı su mənbəyinə çevriləcəkdir. Bunu nəzərə alaraq Gəncə şəhəri, eləcə də Şəmkir və Samux rayonlarının içməli su təminatında əsas mənbə kimi Şəmkirçay su anbarı qəbul edilmişdir. Artıq Gəncə və Samux şəhərlərini qidalandıracaq 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə su kəmərinin tikintisi başa çatdırılmışdır.
Onun sözlərinə görə, Cənub bölgəsində yerləşən yaşayış məntəqələrinin su təchizatı üçün mənbə kimi Xanbulan və Viləşçay su anbarları seçilmişdir. Xanbulançay dəryaçası yaxınlığında Lənkəran, Astara şəhərləri və 39 kəndi su ilə təmin edəcək sutəmizləyici qurğu tikilmiş, Xanbulan-Lənkəran magistral su kəmərinin tikintisi başa çatdırılmış, Lənkəran şəhərinə içməli suyun verilməsi təmin edilmişdir. Astara şəhəri və rayonun kəndlərinin su təchizatının aparılması üzrə layihələndirmə işləri başa çatdırılmışdır və tikinti işlərinə bu ilin ikinci rübündə başlanılacaqdır. Masallı və Cəlilabad şəhərlərinin su təminatının yaxşılaşdırılması məqsədilə Viləşçay anbarı yaxınlığında sutəmizləyici qurğunun və magistral kəmərin tikintisi davam etdirilir: “Cənab Prezident, Sizin xüsusi tapşırığınızla Masallı rayonunun Muğan bölgəsinin ciddi su problemi olan 23 yaşayış məntəqəsinin və Yardımlı rayonunun 17 kəndinin də su təminatı layihələrinin icrasına başlanılmışdır “.
Q.Hüseynov bildirib ki, Dövlət Proqramlarının icrasının ilk dövründən içməli sudan daha çox əziyyət çəkən kəndlərdə mərhələli şəkildə təxirəsalınmaz tədbirlərin icrasına başlanılmışdır. Oğuz və Şəki rayonlarında 21 min sakini olan 9 kəndi əhatə edən Balaşum-Böyük Söyüdlü-Qaratorpaq kəməri tikilərək istifadəyə verilmişdir. Cəbhə bölgəsində yerləşən Ağdam, Füzuli, Tərtər və Goranboy rayonlarının sərhədyanı 8 kəndində, həmçinin Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar ərazisində salınmış 6 qəsəbədə su təchizatı sistemləri yaradılmışdır.
“Azərsu ” sədri deyib ki, su qıtlığı müşahidə olunan kəndlərdə ümumilikdə 135 subartezian quyusu qazılmış, 690 kilometr su xətti çəkilmiş, 36 su anbarı tikilmiş, nəticədə 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatı yaxşılaşdırılmışdır: “Diqqətinizə çatdırıram ki, regionların inkişafı ilə bağlı Dövlət Proqramları çərçivəsində “Azərsu ” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr kanalizasiya kollektorları və şəbəkəsi, 96 ədəd su anbarı, 39 ədəd su və kanalizasiya-nasos stansiyaları tikilmişdir “.
Onun sözlərinə görə, proqramlarda nəzərdə tutulmuş tədbirlər çərçivəsində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 8, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyi tərəfindən 6 rayon mərkəzində su və kanalizasiya layihələri icra olunmuşdur. Bu rayonlarda görülmüş işlər də nəzərə alınmaqla, regionlarda 540 min nəfərin su təminatı yaxşılaşdırılmışdır: “Qeyd etmək istəyirəm ki, Dövlət Proqramlarının icrasından əvvəl ölkə üzrə xidmət göstərilən əhalinin cəmi 26 faizi fasiləsiz içməli su alırdısa, hazırda bu rəqəm 55 faizə çatdırılmışdır. Möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, ölkə əhalisinin, xüsusən regionlarda yaşayan insanların içməli su təminatının yaxşılaşdırılması ilə bağlı verdiyiniz tapşırıqların həlli üçün “Azərsu ” Açıq Səhmdar Cəmiyyətinin kollektivi bundan sonra da var gücü ilə çalışacaqdır “.
Trend.az