Azərbaycanda nəşr olunmuş “Erməni terrorizmi” kitab-albomunun Rusiyada “ekstremist material” kimi tanınmasına dair məhkəmə keçiriləcək

Kitabın müəllifləri Azərbaycanın mərhum baş prokuroru İsmət Qayıbov və “Azərinform”un mərhum baş direktoru Azad Şərifovdur…

 

 

Kitabın müəllifləri Azərbaycanın mərhum baş prokuroru İsmət Qayıbov və “Azərinform”un mərhum baş direktoru Azad Şərifovdur

 

Dekabrın 12-də Rusiya Federasiyasının Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsində N.Y.Çernovanın sədrliyi ilə Azərbaycanda nəşr olunmuş “Erməni terrorizmi” kitab-albomunun “ekstremist material” kimi tanınmasına dair məhkəmə iclası keçiriləcək.

 

APA-nın “AzərTAc” Dövlət Agentliyinə istinadən xəbərinə görə, Krasnoyarsk Vilayət Prokurorluğunun bildirişə əlavə olunmuş istintaq materialına əsasən, oktyabrın 3-də Rusiya Federal Təhlükəsizlik Xidməti Krasnoyarsk vilayəti üzrə İdarəsindən prokurorluğa vilayətin ərazisində “Erməni terrorizmi” adlı nəşrin yayıldığı barədə məlumat daxil olub.

 

Məlumatda qeyd edilib ki, həmin nəşr Krasnoyarsk vilayətində yaşayan və Azərbaycan diasporunu təmsil edən şəxslər tərəfindən yayılır. V.P.Astafyev adına Krasnoyarsk Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilmiş psixoloji-linqvistik təhqiqat nəticəsində əldə olunmuş “rəyə” əsasən, “nəşrdəki ayrı-ayrı mətnlər, onun giriş hissəsi, fotomateriallar və onlara şərhlər oxucuda (tamaşaçıda) “erməni terrorizmi”nin mövcud olduğu və erməni millətindən olan qrup halında şəxslərin bütün dünyada milli mənsubiyyətə görə şəxslərə fiziki xəsarət yetirilməsi və ya onların məhv edilməsi, milli və dini zəmində düşmənçilik yaradılması və dəstəklənməsi üçün məqsədyönlü fəaliyyət göstərməsi haqqında qənaət formalaşdırılmasına istiqamətlənmiş qərəzli material seçimidir”. Prokurorluq “Ekstremist fəaliyyətə qarşı” Federal Qanuna istinad edərək Rusiya Federasiyasının maraqlarının müdafiəsi məqsədilə həmin nəşri “ekstremist material” kimi tanıyıb və müvafiq qərarını məhkəməyə göndərib. Prokurorluq məhkəmədən “Erməni terrorizmi” nəşrinin “ekstremist material” kimi tanınmasını, həmin nəşrin ekstremist materiallar siyahısına daxil edilməsi üçün qərarın surətinin Rusiya Federasiyası Ədliyyə Nazirliyinə göndərilməsini xahiş edib.

 

Azərbaycanın mərhum baş prokuroru İsmət Qayıbov və “Azərinform”un (indiki AzərTAc) mərhum sabiq baş direktoru Azad Şərifovun müəllifliyi ilə 1992-ci ildə Azərbaycanda nəşr olunmuş “Erməni terrorizmi” kitab-albomu erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində türklərə və azərbaycanlılara, habelə Azərbaycan ərazisində dinc əhaliyə qarşı həyata keçirdikləri çoxsaylı terror aktlarına dair faktoloji materiallar əsasında hazırlanıb. Bu faktlar ABŞ, Fransa, Almaniya, Avstriya, İsveçrə, Türkiyə, Belçika, İspaniya, İtaliya, Böyük Britaniya, Niderland, Danimarka, Livan, Azərbaycan və digər ölkələrin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış, çoxsaylı insan tələfatına səbəb olan həmin cinayətlərin erməni terror təşkilatları tərəfindən törədildiyi təkzibolunmaz sübutlarla təsdiq edilib.

 

“Rusiyada miqrantlara, o cümlədən azərbaycanlılara qarşı dözümsüzlük mühitinin mövcud olduğu bir zamanda belə addımın atılması Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına mənfi təsir edən amil kimi qiymətləndirilə bilər” – deyə “AzərTAc” Dövlət Agentliyi qeyd edib. /Apa/