“1 qəpik hətta 1 sentdən dəyərlidir”…
“1 qəpik hətta 1 sentdən dəyərlidir”.
Hər bir insan gündəlik tələbatını ödəmək üçün müəyyən qədər vəsait xərcləyir. Maraqlıdır, xərcələnən pulun özü konkret olaraq neçəyə başa gəlir?
Məsələn, bizdə 1, 3, 5, 10, 20, 50 qəpiyin özünün maya dəyəri neçədir?
Ümumən bu tipli suallar dünyanın heç yerində cavablandırılmır. Şübhə yoxdur ki, qəpiklərin maya dəyəri onların özündən bahadır.
“Qəpiklər hazırlanarkən bunun üçün lazım olan ümumi xərc nəzərə alınır. Mərkəzi Bank müəyyən sayda qəpiklər və əskinaslar sifariş verən zaman bu sifarişin ümumi məbləği hesablanır”.
Oxu.Az-ın məlumatına görə, bunu Modern.az-a iqtisadçı alim Vüqar Bayramov deyib.
“Nəzərə alaq ki, qəpiklərin xərci ilə bahalı əskinasların dəyəri arasında kəskin fərq olur. Kiçik qəpiklərin xərci ilə onun alıcılıq qabiliyyəti və dəyəri arasındakı fərq bahalı əskinaslarda olan fərq vasitəsilə kompensasiya edilir. Bu, dünya praktikasında belədir. O cümlədən Azərbaycan Mərkəzi Bankı da sifariş verən zaman praktik olaraq bu nüansları nəzərə alır”.
İqtisadçı qeyd edib ki, 1 və 3 qəpikliklərin xərci onun dəyərindən çoxdur:
“Amma bu o demək deyil ki, ümumi sifarişdə Mərkəzi Bankın xərci pulların dəyərindən çoxdur. Bu sifarişlərdə xərc pulların dəyərindən dəfələrlə azdır. Sözsüz ki, kiçik qəpiklərdə böyük fərqlər olur. Amma nəzərə almaq lazımdır ki, bu, tək Azərbaycanda deyil, dünyada da belədir.
Kiçik qəpiklərin xərci ilə onun dəyəri arasında fərq və bu fərqin yaranması nəticəsində dəyən ziyan böyük əskinaslarda əldə edilən mənfəət hesabına kompensasiya edilir. Nəzərə alsaq ki, 1 qəpiklik hətta 1 sentdən dəyərlidir, o baxımdan 1 qəpikliyin hazırlanması üçün ödənilən xərc ən pis halda 2 dəfə çox ola bilər. Təbii ki, həmin fərq də böyük qəpik və əskinasların çapı zamanı əldə edilən mənfəət hesabına ödənilir”.
Mərkəzi Bank isə ümumiyyətlə, qəpiklərin maya dəyərilə bağlı ictimaiyyətə açıqlama vermir.
1, 3, 5 qəpiklik dövriyyədə olsa da, çox vaxt istifadə edilmir. Az istifadə edilən qəpiklərin dövriyyədə olmasına ehtiyac varmı?
V.Bayarmov bildirir ki, həmin pul vahidlərinin dövriyyədə olmasına ehtiyac var:
“Nəzərə alsaq ki, bunlar rəsmi qəpiklərdir və istifadə edilməlidir. Həmçinin kiçik qəpiklər iri supermarketlərin rəqabət bazarı üçün vacibdir.
Sahibklar bazar şəraitində qəpiklərdən, yuvarlaqlaşdırılmayan rəqəmlərdən istifadə etməklə daha çox alıcı cəlb edir. Məsələn, meyvə şirəsinin qiymətini 1 manat 97 qəpik qoymaqla daha çox diqqət çəkir. O baxımdan qəpiklərin qalması və istifadəsinə ehtiyac var.
Hazırda nağdsız ödənişlərdən istifadə edilir. Bu, dünyada da belədir. Məsələn, ABŞ-da 1 sent var, amma istifadə edilmir. İstifadə olunmaması da onunla bağlıdır ki, inkişaf etmiş ölkələrdə nağdsız hesablaşmalardan daha çox istifadə olunur. Bu isə ümumilikdə nağd pulların dəyərinin kəskin azlamasına gətirib çıxarır”.