“Bu sahəyə Təhsil Nazirliyinin nəzarət etməsi daha məqsədəuyğundur”…
“Bu sahəyə Təhsil Nazirliyinin nəzarət etməsi daha məqsədəuyğundur”.
Yaxın zamanlarda Azərbaycanda fəaliyyət göstərən uşaq bağçalarının İcra Hakimiyyəti strukturlarının tabeliyindən çıxarılaraq, yenidən Təhsil Nazirliyinin balansına verilməsi gözlənilir.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov da uşaq bağçalarının rəhbərlik etdiyi qurumun balansına qaytarılmasını vacib bilib.
Buna səbəb kimi, nazirliyin uşaq bağçalarının idarə edilməsində, eləcə də bağçalar və məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkil edilməsində kifayət qədər təcrübəyə malik olduğu göstərilirdi.
Bildirilir ki, əgər uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələri uşaqların orta məktəbə hazırlıq prosesini həyata keçirirsə, həmin müəssisələrin Təhsil Nazirliyinin nəzdində olması daha məqsədəuyğundur. Bu addımın artan valideyn narazılığının qarşısının alınması üçün atılacağı da verilən məlumatlar sırasındadır.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva Modern.az saytına açıqlamasında belə bir addımı məqbul saydığını bildirib:
“Əvvəllər də uşaq bağçaları Təhsil Nazirliyinin nəzdində olub, sonradan dəyişiklik edərək, icra hakimiyyətlərinin balansına verilib. Düşünürəm ki, bağçalar müəyyən mənada məktəbəqədərki təhsili formalaşdırdığına, orada müəllim heyəti çalışdığına, pedaqoji fəaliyyəti əhatə etdiyinə görə, bu sahəyə Təhsil Nazirliyinin nəzarət etməsi daha məqsədəuyğundur”.