“Dağlıq Qarabağ münaqişəsinin həllində cavabdehliyi olan Minsk qrupunun həmsədri, həmçinin Azərbaycan ərazi bütövlüyün tanıyan BMT-nin Təhlükəsizlik Şurasının əsas üzvlərindən olan ABŞ Azərbaycana qarşı ikili yanaşmadan əl çəkməlidir”…
“Dağlıq Qarabağ münaqişəsinin həllində cavabdehliyi olan Minsk qrupunun həmsədri, həmçinin Azərbaycan ərazi bütövlüyün tanıyan BMT-nin Təhlükəsizlik Şurasının əsas üzvlərindən olan ABŞ Azərbaycana qarşı ikili yanaşmadan əl çəkməlidir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov ABŞ Konqresində qondarma “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyinin 22-ci ildönümünə həsr olunmuş tədbirin keçirilməsinə və “DQR”-in “parlament sədri” Aşot Qulyan bir sıra amerikalı siyasətçilər tərəfindən qəbul edilməsinə münasibət bildirərkən deyib.
Tədbirin qeyri-qanuni olduğunu vurğulayan S. Novruzov baş verənləri ABŞ-ın iç üzünün ifşası olaraq dəyərləndirib: “Amerika bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən ermənipərəst konqresmenlərin, ümumilikdə erməni lobbisinin təşəbbüsü ilə bu cür yanaşmalar ortaya qoyur. Bu, ədalətsiz, saxta və erməni lobbisi tərəfindən hansısa formada maraqlandırmanın nəticəsindən ortaya çıxan məsələdir. Görünür, şəxsi maraqlar qarşısında ABŞ siyasətçiləri nəyə desən getməyə hazırdır. Hətta dövlət maraqlarının əleyhinə də çıxırlar”.
Komitə üzvü Azərbaycanın antiterror əməliyyatlarında oynadığı rolu xatırladaraq Ermənistanın heç vaxt belə bir rol oynamadığını bildirib.
“2001-ci il 11 sentyabr hadisələrindən sonra antiterror əməliyyatlarına dəstək verən ilk ölkələrdən biri Azərbaycan olub. Lakin Ermənistan bu əməliyyatlara qoşulmayıb. Azərbaycan sülhməramlıları Kosovada, İraqda, Əfqanıstanda iştirak ediblər. Əfqanıstan proseslərində Azərbaycanın hava məkanı ABŞ üçün daim açıq olub. Azərbaycan ABŞ-a hərtərəfli dəstəyini verib. Lakin Vaşinqtonda bunun qarşılığını görmürük. Daim ədalətsiz mövqe, müxtəlif QHT-lərin qərəzli bəyanatları, Dövlət Departamentinin sözçüsünün heç bir əsası olmadan, Azərbaycanda onlara işləyən qüvvələrin donosları əsasında verdiyi açıqlamalar, son nəticədə də “DQR”lə bağlı tədbirin keçirilməsi, qondarma nümayəndələrin qəbul edilməsi ABŞ-ın xarici siyasətinin bir neçə şəxsi maraqlarını güdən şəxslər tərəfindən aparıldığını göstərir. Burda erməni lobbisinin təhriki də aydın şəkildə özünü biruzə verir. Hesab edirəm ki, Amerika ümumilikdə Qafqaz siyasətinə yenidən baxmalı, soyuq başqa, ağılla və öz dövlət maraqlarını nəzərə alaraq addımlar atmalıdır. Xristian-müsəlman yanaşması yox, insani yanaşma əsas olmalıdır. Əgər ABŞ-ın əsas prinsipi insan haqları, demokratiyadırsa, mövcud hakimiyyət bu prinsiplərə əməl etməlidir” , – deyə S. Novruzov qeyd edib.
/Publika/