Azərbaycanın Ukraynadakı səfirliyi adi rejimdə işləyir, səfirliyə hər hansı təhlükə yoxdur

Azərbaycan vətəndaşlarının iğtişaşlarda iştirakı, yaxud da onların yaralanması haqda səfirliyə məlumat daxil olmayıb…

Azərbaycan vətəndaşlarının iğtişaşlarda iştirakı, yaxud da onların yaralanması haqda səfirliyə məlumat daxil olmayıb

 

 Azərbaycanın Ukraynadakı səfirliyi adi qaydada işləyir. Azərbaycan vətəndaşlarının iğtişaşlarda iştirakı, yaxud da onların yaralanması haqda səfirliyə məlumat daxil olmayıb.

 

Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyinin konsul məsələləri üzrə I katibi Asim Osmanov məlumat verib.

 

O bildirib ki, səfirlik adi qaydada işləyir, səfirliyin bütün əməkdaşları iş yerindədir.

 

Səfirlik binasının təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı məsələyə toxunan A.Osmanov qeyd edib ki, Azərbaycanın Ukraynadakı səfirliyinin digər səfirliklərdə olduğu kimi öz təhlükəsizlik xidməti var: “Biz rahat işləyirik. Təhlükəsizliyə hər hansı təhdid yoxdur”.

 

A.Osmanovun sözlərinə görə, indiyədək səfirliyə Azərbaycan vətəndaşlarının toqquşmalarda iştirakı, yaxud da onların yaralanması haqda məlumat daxil olmayıb. “Lakin biz müraciət edən bütün vətəndaşlara təhlükəsizlik məqsədilə qarışıqlıq olan yerlərə getməməyi məsləhət görürük”, – deyə o vurğulayıb.

 

Qeyd edək ki, Kiyevdə iğtişaşlar fevralın 18-də yenidən başlayıb. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, tibbi yardım üçün 351 nəfər müraciət edib, toqquşmalarda iştirak etmiş 241 nəfər xəstəxanaya yerləşdirilib, 25 nəfər ölüb.

 

İğtişaşlar zamanı Kanadanın Ukraynadakı səfirliyinin binası dağıdılıb. Bu üzdən səfirliyin qeyri-müəyyən müddətə bağlanılması haqda qərar verilib.

/Apa/