Bu gündən Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC və Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) birgə reydlərə başlayıb…
Bu gündən Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC və Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) birgə reydlərə başlayıb.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, reydlər normadan artıq yüklənən avtomobil vasitələrinin yollardan kənarlaşdırılması məqsədilə həyata keçirilir.
“Reydlər əsasən magistral yollara şamil olunur. Hazırda bütün ölkə boyu, o cümlədən Bakı-Quba-Rusiya dövlət sərhədi yolu, Bakı-Qazax-Gürcüstan sərhədi yolunda da reydlərə start verilib. Biz səyyar tərəzilərlə nəqliyyat vasitələrinin qoyulan tələblərə uyğun olub-olmamasını yoxlayacağıq. Təyin olunan normanı aşan nəqliyyat vasitələri hərəkət zolağından kənarlaşdırılacaq və ancaq qoyulan tələblərə riayət etdikləri təqdirdə, yenidən hərəkət etmələrinə icazə veriləcək”, – deyə P.Mürsəliyev bildirib.
O əlavə edib ki, artıq bir neçə belə fakt, həmçinin sürət həddini aşan və Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşlarının göstərişlərinə tabe olmayan sürücülər aşkar edilib. P.Mürsəliyevin sözlərinə görə, həmin avtomobil vasitələrinin dövlət nömrə nişanları götürülüb və onların barəsində ciddi tədbirlər görüləcək.
Apa.az