İnsan hüquqları üzrə işçi qrupunun fəaliyyətinin bərpası Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin göstəricisidir və dövlət başçısının bilavasitə razılığı ilə bu qrupun fəaliyyəti bərpa edildi…
İnsan hüquqları üzrə işçi qrupunun fəaliyyətinin bərpası Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin göstəricisidir və dövlət başçısının bilavasitə razılığı ilə bu qrupun fəaliyyəti bərpa edildi. Bunu Trend-ə sözü gedən işçi qrupun üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Avropa Şurasının baş katibi Torbyorn Yaqland arasında bu məsələ müzakirə olunub və AŞ rəhbərliyi ilə bu qrupun bərpa edilməsinə dair razılıq əldə olunub: “Bu faktın özü Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti ilə dialoqa nə qədər önəm verdiyini bir daha nümayiş etdirdi və vətəndaş cəmiyyəti də öz növbəsində ümumilli məsələlərlə bağlı hakimiyyətlə konstruktiv əməkdaşlığa hazır olduğunu göstərmiş oldu “.
Şura sədrinin sözlərinə görə, digər mühüm məqam ondan ibarətdir ki, bu qurumun işində həm dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, həm Milli Məclisin deputatları, həm də insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış nüfuzlu QHT-lər təmsil olundu: “Qrupun bərpa iclasında Prezident Administrasiyasının hüquq muhafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərovun və Avropa Şurası katibliyinin siyasi məsələlər departmentinin rəhbəri, həmçinin Baş Katibin işçi qrupdakı xüsusi nümayəndəsi cənab Aleksandr Gesselin iştirakı isə xüsusi əhəmiyyətə malik idi. Bütün bu amillər, yəni Qrupun işində səlahiyyətli dövlət təmsilçilərinin, peşəkar və nüfuzlu QHT sədrlərinin təmsil olunması onun legitim və ictimai etimada malik bir qurum olaraq gələcəkdə uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri hesab edirəm “.
Deputat bildirib ki, bu gün qrup mühüm qərarlar qəbul etdi: “Həmin qərarlar içərisində katibliyin yaradılması, həmsədrlərin seçilməsi məsələsi var idi. Təqdirəlayiq haldır ki, katiblik və həmsədrlik institutunda təmsil olunan şəxslərin iki nəfəri vətəndaş cəmiyyətini , iki nəfər icra hakimiyyətini, bir nəfər isə parlamenti təmsil edən şəxslərdir. Mən bu qrupun fəaliyyətini çox yüksək qiymətləndirirəm. Artıq biz Azərbaycanda bütün hüquqi məsələləri daxildə müzakirə etmək üçün çox gözəl bir platforma yaratmışıq. Bu, Azərbaycanın milli mexanizmidir və bu milli mexanizm özünü tam şəkildə doğruldacaq və düşünürəm ki, artıq bundan sonra insan hüquqları və məhbuslarla bağlı məsələlərin həlli ölkədən kənarda deyil, hər hansı bir beynəlxalq qurumun istəyinə və gündəliyiniə uyğun deyil, məhz ölkənin daxilində öz həllini tapacaq. Mən bunun məhz belə olacağına çox ümid edirəm “.
Jurnalist Xədicə İsmayılovanın vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı qərəzli fikirlərinə münasibət bildirən A.Quliyev bu fikirlərlə tanış olduğunu deyib: “Çox təəssüflər olsun ki, Xədicə İsmayılova bütövlükdə vətəndaş cəmiyyətini özünün əsassız ittihamları ilə aşağılamağa çalışdı və İnsan Hüquqları üzrə İşçi Qrupa QHT sektorundan üzv olan şəxslərə etimadı olmadığını göstərdi. Xoş məramla yaradılan belə bir platformaya, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarını narahat edən məsələlərin həllinə yönəlmiş bir təşəbbüsə kölgə salmağa cəhd etdi, hətta onun baş tutmaması üçün müxtəlif bəyanatlar da səsləndirdi. Mən bu cür davranışı qəbul edilməz və yersiz hesab edirəm “.
A.Quliyev qeyd edib ki, İnsan Hüquqları üzrə Qrupun vətəndaş cəmiyyətindən olan nümayəndələri X.İsmayılovanın bu hərəkətinə kəskin reaksiya verdilər, onu pislədilər: “Xədicə İsmayılovanın bu hərəkəti vətəndaş cəmiyyəti anlayışına, siyasi mədəniyyət anlayışına, dialoq anlayışına, tolerantlıq anlayışına tamamilə ziddir. Xədicə İsmayılovanın bu cür qərəzli mövqeyi AŞ-nın departament rəhbəri tərəfindən də bəyənilmədi və təəssüf hissi doğurdu “.
A.Quliyev hesab edir ki, X.İsmayılovanın heç bir haqqı yoxdur ki, vətəndaş cəmiyyəti təmsilçilərinə belə bir yanaşma sərgiləsin, onlara qarşı bu cür hərəkətlərə yol versin: “Xədicə İsmayılovanın hərəkətlərindən belə nəticəyə gəlmək olar ki, o bu qrupun fəaliyyətinin bərpasından və orada təmsil olunan şəxslərin köməkliyi ilə vətəndaş cəmiyyətini qayğılandıran məsələlərin həll olunma perspektivindən çox narahatdır. Hətta Xədicə İsmayılova Avropa İttifaqının komissarları Ketrin Eşton və Ştefan Fülenin Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı əfv fərmanına göstərdiyi müsbət reaksiyanı da həzm edə bilmədi, onları da aşağılamaqdan çəkinmədi. Görünür dövlətimizin son günlər qəbul etdiyi mühüm qərarlar, xüsusilə qrupun yenidən fəaliyyət göstərməsi insan hüquqlarından və məhbus məsələsindən Azərbaycana qarşı təzyiq kimi istifadə edənlərin və bu məsələləri bir növ şəxsi maraqları naminə faydalananların işinə yaramadı və planlarını alt-üst etdi. Ona görə də Xədicə İsmayılova və onun arxasında duran qüvvələrin belə pozucu fəaliyyətini və qərəzli davranışını anlamaq çətin deyil.
Xatırladaq ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib.
/Trend/